SÜVARİ DƏSTƏSİNİN KOMANDİRİ- ZÜLFƏLİ BAYRAMZADƏ-110

FƏDAİ BAŞÇILARIMIZ

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNDƏN: Azerbaycan-ruznamesi.org-da Milli Ordumuzun generalları barədə silsilə yazıların sistemli şəkildə təqdimatı oxucularımız tərəfindən təqdir olundu. Onlar bu rublikada daha iki guşənin açılmasına müraciətlərində təklif kimi irəli sürdülər. Bu təklifləri nəzərə alaraq “Fədai dəstələrinin başçıları və döyüşçüləri”, “Milli Ordunun komandir və döyüşçüləri” rublikalarını açmağı qərara aldıq. Məqsədimiz odur ki, gələcəkdə həmin adamlar barədə tədqiqat aparanlar, məqalələr və kitablar yazanlar məxəzlər sarıdan korluq çəkməsinlər. İlk yazımızı Ərdəbildə süvari fədai dəstələrindən birinin komandiri, ən cəsarətli və çətin əmrlərin icrası həvalə olunmuş Züfəli Məhəmməd oğlu bayramzadənin barəsindədir. Təşkilatımızda tezliklə onun 110 illik yubileyi qeyd olunacaq. Elə hesab edirik ki, bu yazı Zülfəli kişinin xatirəsinə ehtiram nümunəsi, davamçısı olan övladlarına və doğmalarına təsəlli ola bilər.

Bayramzadə Zülfəli Məhəmməd oğlu 1911-ci ilin iyul ayının 1-də Güney Azərbaycanın füsunka guşələrindən olan Ərdəbilin Nir qəsəbəsində dünyaya gəlib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə üzv olmaının əsas səbəblərindən biri dövrun haqsızlıqlarına göz yummaması ilə bağlı idi. O, Milli Hərəkata yaradıcılarından olduğu fədai dəstələrindən birinin komandiri kimi qoşuldu. Bu dəstənin inqilab keşiyində ayıq-sayıq dayanması, ən çətin əmrlərin öhdəsindən gəlməsi komandirinə və süvari döyüşçülərə nüfuz və şöhrət qarandırmışdı.

İnqilabın məğlubiyyət səbəbləri hamıya məlumdur. 1946-cı ilin dekabr ayının 12-də xarici imperialist qüvvələrin dəstəyi və İran mərkəzi hökumətinin qoşunlarının qəddarlıqları ilə hərəkat məğlub edildi. Z. Bayramzadə də Azərbaycan Milli Hökuməti tərəfindən yaradılmış fədai diviziyasının tərkibində SSRİ-yə, Azərbaycan Respublikasına pənah gətirdi. Acı da olsa silahını və atını təhfil verib, mühacir taheyi yaşamağa məcbur oldu. Bu qismət qətiyyən onun ürəyincə deyildi.
1950-ci ilin əvvəllərində ailə qurdu, ömrünün sonuna kimi Naftalan, Yevlax və Mingəçevir şəhərlərində işlədi, övladlarının sən və gümrah yaşamaları, təhsil almaları, cəmiyyət üçün faydalı insana çevrilmələri üçün bütün səyini əsirgəmədi. Bununla və döyüş meydanlarında qazandığı “21 Azər” qürur duydu.
1985-ci ilin mart ayının 24-də dünyasını dəyişdi, Goranboy rayonunun Səfikürd kənd qəbirstanlığında torpağa tapşırıldı.
İstərdik fədaimiz haqqında əlimizdə olan xatirələrdən bir qismini dəyərli oxucularımızın diqqətinə təqdim edək…

“… Hər kəs öz kökünü bilməlidir və onu dana bilməz. Mənim atam Ərdəbildən gəlib və 1945-1946-cı illər demokratik hərəkatın iştirakçısı olub. S.C.Pişəvəri fədailərindən, əsgərlərindən biri olubdur, həmin hərəkat zamanı şahlıq rejiminin törətdiyi qadağalara qarşı, zülmlərə qarşı o da öz iştirakı ilə öz fəryadını bildirmiş, səsini ucaltmış, öz silahı ilə mübarizə aparıb. Ərdəbilin Nir qəsəbəsində bir Balıqlı çayı var. O çayın vadisində bir kənd yerləşir və həmin kəndin adı Curabdır.
Biz uşaqlığımızı atamın milli ruhu ilə keçirmişik, həmin ruh ilə əhatə olunmuşuq. Evimizdə bir radio var idi. Oturardı həmişə onun qarşısında, radio dalğalarında axtarardı ki, İrandan xəbərləri dinləsin. Mənim yadımdadır, “Peyk-e İran” radiosu deyilən bir radio var idi. Onun xəbərləri Azərbaycan dilində səslənən kimi oturub onlara çox diqqətlə qulaq asardı və bizdə onunla bərabər ki, görəsən Azərbaycan dilində olan bu xəbərlər nə barəsindədir, nə məzmundadır, nədən ibarətdir. Biz də beləliklə get-gedə həmin problemlərlə uşaqlığımızdan tanış olduq.
Ailədə uşaqlıqdan yadımızdadır ki, atam həmişə İrana yaxınlarına məktub yazdırmaq istəyəndə çətinlik çəkirdi, farsca təhsil almamışdı, ümumiyyətlə savadı yox idi, buraya (Şimali Azərbaycana) gəldikdən sonra burada oxudu, 7-ci sinfi bitirdi. Məktub yazanda da sözsüz ki, onu bacaran, yəni fars dilində yazıb oxumağı bilən insanları axtarmalı olurdu. Bunu üçün də vaxt gedərdi, vədə gedərdi və sozsüz ki, bu onun üçün bir əziyyət idi. Eyni zamanda da məktub alarkən onu oxutdurmaq üçün də eyni problemlə qarşılaşırdı. O üzdən də mən də ürəyimdə fikirləşirdim ki, mütləq böyüyəndə həmin dili öyrənib bu vasitə ilə də o tərəfdəkilərlə əlaqələrin qurulmasında atama yaxından kömək eylərəm. Sözsüz ki, o zamanlar bunlar mənim üçün müqəddəs bir məqsəd idi. Atamın yanında olmaq, belə deyək, onun ideallarının həyata keçməsində bir müdafiəçi kimi çıxış etmək. Bütün bunlar o milli ruhu bizdə formalaşdırdı. Amma bunu deyim ki, sovet dönəmində biz, xüsusilə mənim atam bir yerə hərəkət etmək üçün mütləq müvafiq yerli orqanlardan icazə almalı idik. Çünki pasportu başqa idi, o burada mühacir statusu ilə yaşayırdı. Bununla belə baxmayaraq ki, mən sovet vətəndaşıydım, məsələn Naxçıvana getmək istədiyim təqdirdə yerli müvafiq orqanlardan xüsusi icazəm olmalı idi. Astaraya və yaxud Biləsuvara getmək istəsəm, xüsusi icazə almalıydım.
Problemləri biz atamızla birgə yaşadıq. Bütün bunlara baxmayaraq atam kömək elədi ki, Cənub mövzusu ilə bağlı təsəvvürümüz geniş və düzgün olsun. Mənə Mirzə İbrahimovun “Gələcək gün…” əsərini, Məmməd Səid Ordubadinin “Qorxulu Tehran” kitabını gətirərdi. O mühitə aid hansı ədəbiyyat olsaydı, xüsusilə də bədii kitabları, məsələn, Makulu Pənahinin romanlarını gətirərdi. Bunları oxuyaraq beləcə o mühitlə tanış olardıq.
Amma SSRİ kimi böyük bir imperiya dağılandan, müstəqillik əldə olunandan sonra, dövlətimiz bizə tam azadlıq, müstəqillik verdi, tam demokratik şərait yaratdı və mən, Səməd Bayramzadə Zülfəli oğlu Azərbaycan Respublikasının İrandakı ilk diplomatik missiyasının tərkibində 1992-ci ilin 8 dekabr tarixində Tehrana səfər elədim. Biz orada Azərbaycan Respublikasının səfirliyini təşkil etdik, yaratdıq və mən uzun bir müddət də orada çalışdım.
Həmin zamanlarda, səfirtin özünün icazəsi ilə, Azərbaycan dövlətinin, sözsüz ki, razılığı ilə mənə Tehranda öz qohumlarımı görmək icazəsi verildi…


Mən atamın buradakı evliliyindən olan beş uşaqdan biriyəm. Amma mühacirətə gələnə qədər də evli olubdur, bir oğlu, iki qızı qalıbdır. Atam bir başa döyüş meydanında fədai qoşununun tərkibində əmr alıb ki, şah qoşunları gəlir, Araza doğru hərəkət etməlidirlər. Sonrası isə məlumdur. Qərarlara görə bu taya-Şimala keçiblər ki, hazırlaşıb geri qayıtsınlar.
Bu hədəfi, məqsədi, istəyi həyata keçirmək istəyən firqə rəhbərliyi və fədai qoşunu başçılarının planlarını şərh edən tarixçi-alim Əkrəm Rəhim oğlu Bije “Мübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri” adlı kitabında (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009) yazır: “S.C.Pişəvərinin təklifi ilə sayseçmə subay fədailərdən iki dəstə, biri Gəncə şəhəri yaxınlığındakı Hacıkəndə, digəri isə Şəki şəhərinə göndərilmişdi. Hacıkənddəki fədailərə Tağı Musəvi (sonralar tarix elmləri namizədi), Şəkidəki dəstəyə mayor Həsən Nəzəri (sonralar iqtisad elmləri doktoru) başçı təyin edilir. Qızılbaşlar adlanan bu dəstələrə düşərgədə müntəzəm hərbi təlim keçilir və onlar Azərbaycanı işğal etmiş şah qoşununa qarşı güman edilən partizan və müqavimət hərəkatı üçün hazırlanırdı. S.C.Pişəvəri kompakt halda təşkil olunan bu hərbi dəstələrin saxlanılmasında və hərbi təlimlə təkmilləşdirilməsində çox israrlı idi…
Maneə və çətinliklərə baxmayaraq S.C.Pişəvəri 1947-ci ilin iyun ayının 10-da Təbrizdən yaxşı tanıdığı konsul müavini, DTK-nın nümayəndəsi Nuru Quliyev və general Qulam Yəhyanın müşayiəti ilə Bakıdan Hacıkəndə yola düşür. Məqsədi fədailərə baş çəkmək, onlardakı ruh yüksəkliyini qoruyub saxlamaq olmuşdur. Düşərgədəki fədailərin vətənə qayıdıb döyüşmək istək və əzmi S.C.Pişəvərini çox məmnun etmişdi…
Düşərgədəki Ərdəbil fədaisi Zülfəli kişinin oğlu Səmədə dediklərindən: “Pişəvəri düşərgəyə gəldi, Qızılbaşların istək və arzularını öyrəndi. Ondan hamımızın yeganə xahişi və istəyi vətənə qayıtmağı, düşmənlə haqq-hesab çəkməyi tezləşdirmək oldu. O bizim dediklərimizdən çox qayğılandı və məmnun oldu. Mən onun bir gözündə sevinci, digərində isə kədəri sezdim. Sevinci fədailərin yüksək ruhiyyədə qalması idisə, kədər onun düşüncələrini buxovda saxlayan, əl-qol açmasına imkan verməyənlərin əməlləri idi. O bizim dəstəmizdən xoş əhval-ruhiyyə ilə ayrıldı və tezliklə təkrar gələcəyinə söz verdi. Lakin biz bilmədik ki, böyük rəhbərlə bu bizim son görüşümüz olacaq. O getdi, iki gün sonra onun qara xəbəri bizə çatdı. Bütün bölük matəmə batdı…” (səh. 234-237)
Seyid Cəfər Pişəvərinin Hacıkənddəki fədai düşərgəsindən Şəkidəki fədai düşərgəsinə baş çəkmək üçün hərəkət edərkən Bakı-Gəncə yolunun Mingəçevir stansiyası adlanan nahiyyəsində (indiki Aran qəsəbəsi yaxınlığında) 1947-ci ilin iyun ayının 11-də avtomobil qəzasına uğrayıb dünyasını dəyişdikdən sonra fədailərin geriyə qayıdıb son hədəfə çatmaq uğrunda mübarizə planları müvəqqəti olaraq dayandırılmış oldu və Quzey Azərbaycana pənah gətirən güneylilər 1947-ci ilin mart-aprel aylarında yaşamaq və işləmək üçün müxtəlif rayon və şəhərlərdə məskunlaşdırıldı.

Həmin missiyanı yerinə yetirmək onlara qismət olmadı. Bu gün belə öhdəlik o firqəçilərin, fədailərin övladlarının, indiki milli ruhlu, möhkəm əqidəli, vətənsevər Azərbaycan övladlarının üzərindədir. Ümidvarıq ki, onlar bunun öhdəsindən layiqincə gələcəklər…
Esmira Fuadın “Firudin İbrahimi müasir tədqiqatlar kontekstindəı” adlı məqaləsindən (“Bütöv Azərbaycan” qəzeti, 1 və 15 noyabr 2018-ci il sayları): “… Qarşımda dəyəri sözlə ölçülə bilməyəcək iki kitab durur: Firudin İbrahimi. “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər.1946)” və “Azərbaycan danışır…” İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən), “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, 1324 (1945).
… “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)”-nın tərtibçisi, əski əlifbadan latın qrafikasına çevirəni, nəşrə hazırlayanı, ön söz, səhifəaltı istinadlar – ətək yazıları və şərhlərin müəllifi isə tanınmış şərqşünas alim, milli qeyrətli aydınımız Səməd Zülfəli oğlu Bayramzadədir…
Şanlı-şövkətli tariximizin parlaq səhifələrinə işıq salan, hər bir oxucunun əlindən tutaraq xəyalən Güney Azərbaycan xalqının ən xoşbəxt olduğu bir dövrə aparan və faktların dili ilə danışan “Azərbaycan danışır…” adlı mötəbər kitabın da tərtibçi və məsul redaktoru, eyni zamanda toplanmış materialları fars dilindən Azərbaycan türkcəsinə çevirənlərindən biri yenə də Səməd Bayramzadə…
Bir həqiqət hər kəsə məlumdur: Həyatda təsadüfi heç nə yoxdur və bütün təsadüflər məhz zərurətdən doğulur. AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinə rəhbərlik edən, 2013-cü ilin oktyabrında “Ümumsülh uğrunda” Beynəlxalq Federasiyasının “Sülhməramlı Səfiri” fəxri dərəcəsini alan Səməd bəy həmin tarixi zərurətin diqtəsi ilə bu addımları atıb, soydaşlarına, qan və qarındaşlarına, eldaşlarına: “Bir dön, geriyə bax! Gör Sizlər kimlərin mənəvi varislərisiniz!” ismarışını ötürüb. Və onu bu tarixi addımları atmağa öz keçmişi itələyib, özünü dərk edəndən bəri yaşadıqları, gözləri ilə görüb şahidi olduğu hadisələr, körpəlik çağlarından fədai atası Zülfəli kişidən eşitdiyi həqiqətlər sövq edib. O Zülfəli bəydən ki, 1946-cı ildə döyüş bölgəsindən evinə dönməyib, birbaşa Danişyan Qulam Yəhyanın başçılıq etdiyi fədai qoşunu ilə birgə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanan bədnam Türkmənçay müqaviləsi ilə Araz çayı boyu müəyyənləşdirilmiş sərhədə doğru hərəkət edərək Xudafərin körpüsünün üzərindən Arazın bu tayına – Quzey Azərbaycana keçib, ailəsi – həyat yoldaşı, bir oğlu və iki qızı isə o tayda qalıb… Ailənin başçısı heç özü də anlamadan ömür-gün yoldaşı və övladlarının bir ömürboyu yaşayacağı müsibətə, kədər və ağrıya rəvac verib. Elə isə bu ağrılı gerçəyi, Səməd bəyin özcə dilindən eşitmək daha doğru olar:
“Atam Zülfəli kişi deyərdi ki, 1946-cı il dekabr ayının 12-də Milli Hökumət süqut etdikdən sonra, onlar Araz çayı üzərindəki körpüdən sərhədi adlayaraq Şimali Azərbaycana gəliblər. O, Hacıkənddə təşkil edilmiş düşərgədə döyüş cəbhəsindən gəlmiş subay fədailərlə birgə hərbi təlim keçib. Bu hərbi təlimlər fədailərdə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi yaradıb. Əslində o, ömrünün sonunadək zərrə qədər azalmayan bu ümidlə yaşayıb və son nəfəsinədək Firqənin üzvü olaraq qalıb (Ölümündən iki ay öncə Firqə biletini mənə verib tapşırdı ki, əgər dünyasını dəyişərsə, bileti ünvanına çatdırım, borclu olduğu üzvlük haqlarını da ödəyim. Mən belə də etdim). Hətta S.C.Pişəvəri də Hacıkənd düşərgəsində fədailərlə görüşüb və yenə də gələcəyinə söz verərək onlara ruh yüksəkliyi bəxş edib…
Hərbi təlimlər S.C.Pişəvərinin öldürüldüyü tarixə kimi (11.06.1947) davam etdirilib, sonra isə onlar da İrandan gəlmiş digər fədailərlə birlikdə müvafiq bölgələrdə işləmək və yaşamaq üçün göndəriliblər.

Bu hadisədən sonra atam da bir neçə fədai yoldaşı ilə bərabər Naftalanda işə göndərilib, evlə təmin edilib. Yalnız İrana qayıtmaq ümidləri tamamilə puça çıxdıqdan, əli Arazın o tayında qalmış ailəsindən birdəfəlik üzüldükdən sonra – 1950-ci ilin əvvəllərində Naftalan şəhərinə yaxın yerləşən Goranboy rayonunun Səfikürd kəndində yaşayan anam Zeynəb Məhəmməd qızı ilə tanış olub və taleyini bu qızla bağlayıb. Daha sonralar atam müxtəlif işlərdə çalışıb, ailəsinin, övladlarının keçimini halal zəhmətlə qazandığı vəsaitlə təmin edib. 1985-ci ilin yazında Bayramzadə Zülfəli Arazboyu sərhədlərin açılmasını, o taya gəliş-gedişin asanlaşdığını görmədən, Güneydəki əzizlərinə qovuşmadan bir ömürboyu ürəyində daşıdığı nisgillə dünyasını dəyişib.
Haşiyə: 1980-ci ildə digər firqəçilər kimi atama da xəbər göndərildi ki, Vətənə dönmək istəyirlərsə, İranın Bakıdakı konsulluğuna ərizə ilə müraciət etsinlər, yəni yazıb xahiş etsinlər ki, onların vətənə dönmələrinə köməklik göstərsinlər.
Yaxşı yadımdadır, məsələ ilə bağlı Danişyan Qulam Yəhyanın qəbulunda olduq və atam çox səmimiyyətlə ondan soruşdu ki, “bura gələndə ərizə verib gəliblər ki, indi də ərizə verib geri qayıtsınlar?”. Qulam Yəhya xəfifcə gülümsədi və “yox” dedi. Atam isə “Vətənə kiməsə yalvarıb, tövbə edib dönmək istəmir, başı yuxarı, azad bir vətəndaş kimi dönmək istəyir,” – dedi. Bununla da bildirdi ki, o hələ də vətəninin, millətinin azad olacağı və demokratik bir şəraitdə yaşayacağı günə ümid edir və o gün də gələcək. Qulam Yəhya ilə söhbətinin sonunda özəlliklə vurğuladı ki, əgər o (yəni Qulam Yəhya) qabağa düşüb Vətənə getmək haqqında əmr verərsə, tərəddüd etmədən onun ardınca gələcək. Atama nəsib olmasa da, Vətənə başı yuxarı getmək və orada azad, müstəqil, demokratik Azərbaycan Respublikasının ilk səfirliyini açan, yaradan, yola salan diplomatik heyətin tərkibində olmaq mənə qismət oldu: 1992-ci ilin dekabr ayının 8-də Bakıdan Tehrana uçan ilk diplomatik nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri Nəsib Nəsibzadə və müşaviri professor Həsən Əlibəyli ilə birlikdə səfirliyin 2-ci katibi sifəti ilə mən də var idim. Biz iki qonşu və qardaş dövlətlər arasında müstəqil və suveren Azərbaycan Respublikası adından diplomatik, iqtisadi-ticarət, mədəni-ədəbi və turizm əlaqələri, eyni zamanda da qardaşlıq, dostluq körpüsünün salınmasında, möhkəmləndirilməsi və inkişafında ilk olaraq iştirak etdik və əlimizdən gələni əsirgəmədik. Bunun üçün də çox xoşbəxtəm”.

Beləliklə də Zülfəli kişi və onunla birlikdə Azərbaycanın, onun xalqının azadlığı uğrunda fədakarlıq göstərmiş, son damla qanları qalana qədər döyüş səngərlərində düşmənə qarşı dayanmış minlərlə fədainin apardığı milli mübarizə gerçəkləşməyə, son hədəfə doğru irəliləməyə, həyata keçməyə başladı.
Ümidvarıq ki, o gün gələcək!

 

 

 

 

Azərbaycan Demokrat Firqəsi
26 mart 2021-ci il

Şərhlər bağlıdır.