“VALLAH BU BÖYÜK DÖVLƏTLƏRİN BAŞÇILARININ BİR ÇOXUNDA AĞIL NƏ GƏZİR”
VİDADİ MUSTAFA YAZIR
“Dərviş Parisi partladır” bədii filmində, deyəsən, Hətəmxan ağanın arvadı kişilər haqqında belə söz deyir. Onu bir qədər dəyişib yuxarıdakı kimi ifadə etmək olar.
ABŞ-ın prezidenti Donald Tramp heç nədən uzun illər sanksiyalar və danışıqlardan sonra 2015-ci ildə İranla bağlanmış “Hərtərəfli Nüvə sazişi”ndən birtərəfli qaydada çıxaraq İranı sanksiyalarla yükləyərək onu əsas rəqibləri olan Rusiya və Çinin qucağına itələdi. Çin də bundan istifadə edərək İranla 25 illik “Kompleks Əməkdaşlıq” haqqında saziş bağladı. İndi İran 25 il Çinə arxalanaraq rahat həyat sürə bilər, çünki həmin müddət ərzində Çin İrana ən azı 400 milyard dollar investisiya qoyacaq və təbii ki, öz pullarını və onun verəcəyi gəliri göz bəbəyi kimi qoruyacaqdır.
Elə götürək Rusiya Federasiyasının prezidenti V.V.Putini. Bu adam prezidentliyi dövründə, demək olar ki, bütün qonşularına gün verib-işıq verməməklə məşğul olmuşdur. Pravoslav gürcülərin ərazilərinin bir hissəsini işğal edib orada qondarma dövlətlər yaratmış, qardaş slavyan ukraynalıların ən gözəl və böyük ölçüdə ərazilərini günün günorta çağı işğal edərək özünə birləşdirmiş və daha iki vilayətində separatçı qurum təşkil etmişdir.
Putinin ideoloqları onu çar imperiyasının ərazi bütövlüyünün bərpa edicisi kimi tərifləyirlər. Onların dəmir məntiqi var. Çarizm həmin əraziləri RUS əsgərinin QANI bahasına tutmuşdu, amma bir hissəsini Lenin, ən böyük hissəsini isə Yeltsin davasız-şavasız payladı. Bu ağılda olan prezident və onun ideoloqlarının Rusiya üçün əldə edə biləcəyi nailiyyət nə ola bilər? Əlbəttə, daim qorxu altında olan qonşuların sonuncu imperiyanın dağılmasını arzulamaları və həmin işdə digərlərinə az-çox yardım etməyə çalışmaları. Sabah imperiya parçalananda həmin günlərdə ölkəyə rəhbərlik edən şəxsi günahlandıracaqlar. Halbu ki, həmin proses kiçik adam olan Putinin böyük dövlətin gücündən kiçik dövlətlərə qarşı istifadə etmək siyasəti nəticəsində başlanmışdır və yəqin ki, qarşısı alına bilməz.
VİDADİ MUSTAFA
Şərhlər bağlıdır.