XALQIMIZIN QƏHRƏMAN FƏDAİLƏRİMİZƏ OLAN MARAQLARI

Təqribən 2 ay bundan qabaq xalqımız tərəfindən olan təkiflərə görə biz qəzet redaksiyasında fədailərə verilən hədiyyələr üçün bir komissiya təşkil etdik. Bu komissiyanın təşkil olunması xalqımıza öz sədaqət və səminiyyətlərini isbat etməyə böyük imkan verdi. Azərbaycan xalqı haqbilən bir millət olduğu üçün öz yetişdirdiyi qəhrəmanları təqdir etməklə fəxr edir. Mən şəxsən bu pak hisslərin şahidi olduğum üçün xalqımıza fədailər adından təşəkkür etməyi özümə borc bilirəm.
Sübhlər tezdən və müəyyən olunmuş saatlardan qabaq, ya çox sonra hədiyyə gətirmiş qoca fəhlə qadınların hədiyyə verməkdən ötrü hədiyyə komissiyasında gözləmələri, hər gün onlarla fəhlə, mülkədar və şəhərimizin bütün təbəqələrinin könüllü olaraq qüdrətləri çatdıqları hədiyyələri gətirməkləri… xalqımızın coşqun duyğularından canlı və həqiqi bir sənəd və nümunədir…

Xilaskar fədailərimiz doğrudan da bu cür təqdir olmalı idilər. Xalqımız onları təqdir etməklə öz qədirdbilənlik hisslərini, canlı və ruhlu bir millət kimi öz qəhrəmanlarına bağlı olmaqlarını isbat etdilər. Hədiyyə komissiyası təşkil olan gündən bəri minlərlə unudulmaz xatirələrin şahidi olmuşdur. Minlərlə fəhlə öz əmək haqlarını fədailərə hədiyyə edirlər, minlərlə kəndli uzaq yerlərdən onlara hədiyyə göndərirlər. Bunlar hamısı canlı bir həqiqəti göstərir və o da Azərbaycan xalqının böyük qədirdbilənlik hissindən ibarətdir.

Nadir Rzai öz dəxilini sındırıb və onda olan pulları “mən də fədailərə hədiyyə gətirmişəm”, – deyə hədiyyə komissiyasına verir. Görəsən, bu məsum uşağın göstərdiyi maraq dediyimiz həqiqətdən bir nümunə deyildirmi? Görəsən, bu Azərbaycan xalqınnın milli şüurunu aydıncasına göstərmirmi? Nadir məsum baxışları ilə mən onun verdiyi pulun qəbzinin yazan zaman mənim əlimin hərəkətini izləyərərək ondakı yazıları düşünmək istəyirdi. O, xəyal edirdi ki, onun kiçik və eyni zamanda pak ürəyində olan duyğuları mən o kiçik kağız parçasının üstündə göstərəcəyəm. Qəbzi aldıqdan sonra diqqətlə ona baxıb məndən təşəkkür etdi. O, bu işdə iştirak etməsindən sevinirdi.
Fədailərimiz isə bu pak məhəbbətlərin qarşısında axırıncı nəfəslərinə kimi milli azadlığımızı təzmin və mühafizə etməyi özlərinə müqəddəs vəzifə bilib və onu icra edəcəklər.

Yaşasın şərəfli və qəhrəman xalqımız!

Fəthi Xoşginabi,
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 149, 14 mart 1946-cı il

Şərhlər bağlıdır.