Böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadədən sonra görkəmli ədib və dramaturq Cəlil Məmmədquluzadə müsəlman Şərqində mütərəqqi ictimai fikrin inkişafında mühüm rol oynamışdır. O, 1905-ci il rus inqilabı nəticəsində yaranan nisbi azadlıq şəraitindən dərhal istifadə edərək, müsəlmanların oyanışı üçün satirik bir jurnalın nəşrini qarşısına məqsəd qoydu.
Həmin vaxt çar II Nikolayın rus satirik jurnallarından birində çap edilmiş karikaturası ilə əlaqədar Cəlil Məmmədquluzadə öz xatirələrində yazır: “Bu qədər var ki, “Kukareku” jurnalında xoruz şəklində çəkilən Nikolay padşahla mənim işim yox idi… Bəs biz öz qibləgahlarımızı nə eyləyək?.. Məgər bizim öz Nikolayımız yoxdur? Məgər Şərqin Məhəmmədəli şahları ölüblər?.. Bizim qabağımızda dağ kimi duran istibdad Şərq istibdadı, Şərq qaranlığı idi… və şəriət zülməti idi, vətənimizin İran tərəfində sultanların “keyfə ma yəşa”sı idi, müctəhid və şeyxülislamların cövlanı idi… Hətta Nikolay səhldir. Bu, bir padşahdır ki, bunu xoruza da oxşatmaq da olar və hətta bunu vurub taxtdan endirmək də olar. Hətta şahlar da, sultanlar da qolaydır; bunları yox etmək olar. Digər əmmaməli şah və sultanlarımızı: bəs şəriətmədarları, fazilləri nə eyləyək?.. Dindar camaatı hələ başa salmaq olar ki, şahsız və sultansız məmləkət şura üsulu ilə idarə oluna bilər, bəs şəriətmədarlar və din mühafizləri barəsində avam camaata nə deyək? Və necə dindar avamı başa salaq ki, bunların vücudu nəinki lüzumsuzdur, hələ bəlkə məzərrətlidir.”
Mütəfəkkiri düşündürən əsas məsələ də elə bu idi. Mirzə Cəlil müsəlman Şərqini bürümüş din və mövhumat qaranlığının Nikolayların və Məhəmmədəli şahların istibdadından daha qorxulu və dəhşətli olduğunu yaxşı anlayırdı və məhz buna görə də satirik bir jurnalın nəşri ilə bu yöndə mübarizəyə başladı. Jurnala da elə bir ad seçdi ki, onun satirik ruhuna və məqsədinə uyğun gəlməklə bərabər, xalqa tanış və maraqlı olsun.
Bu baxımdan neçə əsrlərdən bəri bir çox Şərq xalqları arasında öz müdrik sözləri və lətifələri ilə məşhur olan, onların şifahi ədəbiyyatında özünə möhkəm yer tutan Molla Nəsrəddinin adı Mirzə Cəlilin satirik jurnalı üçün daha münasib və əlverişli idi. Lakin bu “Molla Nəsrəddin”, ədibin özünün dediyi kimi, əsrinin Molla Nəsrəddini idi!
İlk sayı 1906-cı ildə işıq üzü görən “Molla Nəsrəddin” jurnalı müəyyən fasilələrlə 25 il fəaliyyət göstərdi. Jurnalın birinci nömrəsində Cəlil Məmmədquluzadə: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” – yazımaqla, təkcə öz xalqına deyil, həm də əsrlər boyu dini mövhumatın əsiri olan və istibdadın caynağında inləyən bütün müsəlman Şərq xalqlarına müraciət etmişdi. Jurnalın dilinə gəldikdə isə o, sadə ümumxalq danışıq dilinə əsaslanmışdır və bununla da böyük ədib Azərbaycan milli ədəbi dilinin formalaşmasına tarixi xidmət göstərmişdir.
“Molla Nəsrəddin” jurnalı qısa bir zamanda Qafqaz hüdudlarını aşaraq İran, Osmanlı, Orta Asiya, Tatarıstan və türk xalqlarının yaşadığı digər ərazilərdə böyük şöhrət qazandı. Jurnal öz məzmunu ilə ilk növbədə İranda Məşrutə inqilabının gedişinə dərin müsbət təsir göstərdi.
Bu barədə Polşa və ABŞ tarixçisi, Azərbaycanşünas Tadeusz Świętochowski yazmışdır: “Qafqazda çıxan nəşrlərdən İranda ən çox “Molla Nəsrəddin”in oxucusu var idi. İran vəliəhdi “Molla Nəsrəddin” jurnalını qadağan etdiyi üçün o, gizli surətdə yayılırdı. Sonralar parlamentdəki Azərbaycan nümayəndələrinin tələbi ilə ona qoyulmuş qadağa ləğv edilir. Jurnal xalqın inqilabi hisslərini gücləndirməkdən əlavə, onun şəkil və karikaturaları İranda yeni ədəbi-satirik nəşrlərin yaranmasında aparıcı və həlledici rol oynayır. Təbrizdə “Azərbaycan”, Rəştdə “Nəsimi-şimal”, Tehranda “Suri-İsrafil” kimi nəşrlər “Molla Nəsrəddin”dən iqtibas etməkdə bəzən təqlidçilik həddinə çatır və bu, Tehranda çıxan “Suri-İsrafil”də Ələkbər Dehxuda tərəfindən yazılan “Çərənd-pərənd” rubrikasında özünü bariz şəkildə göstərir. “Molla Nəsrəddin”in əsas yazıçısı Mirzə Ələkbər Sabirin şeirlərini “Nəsimi-şimal”ın naşiri fars dilinə tərcümə edir. Sabirin istibdad, sərvət və qüdrət sahibləri əleyhinə yazdığı şeirlər siyasi mitinqlərdə oxunurdu, İran inqilabı silahlı mübarizə mərhələsinə daxil olduqda isə döyüş müydanlarında əsgərlərin marşı olmuşdu.”
Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə yaranan “Molla Nəsrəddin” jurnalının daha zənginləşməsində əvəzsiz rolu olan üç böyük şəxsiyyət göz önündə durur. Əgər bunların birincisi Mirzə Ələkbər Sabir idisə, digər ikisi isə satirik qrafikanın mahir ustadları olan rəssamlar Oskar Schmerling və Josef Rotter idi.
Artıq məlumdur ki, Sabir yaradıcılığında möhtəşəm “Molla Nəsrəddin” jurnalının nəşrə başlanmasına qədər vaxtaşırı olaraq ümumiyyətlə əsrlər boyu təkrar edilən köhnə məzmunlu qəzəl, qəsidə, mərsiyə, həcv yazmaqla məşğul olmuşdur. Bunu da qeyd etməliyik ki, şair klassik ənənələrə rəğmən divan da bağlamamışdır. Bunu nəzərə alaraq eyni halda Sabirin növbəti təfəkkür mərhələsi bizdə bu ehitamlı yaradır ki, klassik formada artıq yazıb-yaratmaq onun üçün qanedici də olmamışdır. Sabir “Molla Nəsrəddin”in məfkurə və üslubu ilə tanış olduqda öz həqiqi yaradıcılıq yolunu tapır və “Molla Nəsrəddin”in yüksək mütərəqqi amalı ilə ayaqlaşır. Sanki Sabir Mirzə Cəlili, Mirzə Cəlil isə Sabiri axtarırdı.
Sabir 49 illik ömrünün son 5-6 ili ərzində (“Molla Nəsrəddin”lə əməkdaşlığı da nəzərdə tutulur) Azərbaycan inqilabi-demokratik ədəbiyyatı poeziyasında elə bir möhtəşəm saray tikdi ki, o, əsrlər boyu ruzigarın heç bir viranedici hadisələrinə məruz qala bilməyəcəkdir.
Karikaturaların və təsvirlərin mahir rəssamlarına gəldikdə demək lazımdır ki, “Molla Nəsrəddin”i Sabirsiz təsəvvür etmək mümkün olmadığı kimi, onu rəssamlar Rotter, Schmerling və Əzim Əzimzadəsiz də təsəvvür etmək olmaz. Bu rəssamlar öz ecazkar qələmləri ilə Mirzə Cəlil və Sabirlə eyni cəbhədə çiyin-çiyinə mübarizə aparmışlar. Onların məharətlə çəkdiyi şəkil və karikaturalar hakim istismarçı siniflərin, tüfeyli təbəqələrin, xüsusən qara qüvvələrin önündə gedən din xadimlərinin iç üzünü bütün çirkinliyi ilə açıb xalqa göstərmiş, eyni zamanda oxucularda həmin qruplara qarşı acı gülüş və nifrət doğurmuşdur.
Nə qədər ki, “əmmaməli şahlar və sultanlar”ın hökmranlığı davam edir və nə qədər ki, insanlar dinin və cəhalətin ağır buxovlarından azad olmamışlar, cəmiyyətin demokratik inkişafı və mədəni tərəqqi üçün xalqı xurafatın təsirindən xilas etmək uğrunda fədakarlıqla çalışmış Cəlil Məmmədquluzadənin və onun məsləkdaşı olan “Molla Nəsrəddin”çilərin ədəbi irsini müxtəlif vasitələrlə daim təbliğ etmək hər bir həqiq ziyalı həmvətənimizin qarşısında duran mühüm bir vəzifədir!
Məhəmmədəli Hüseyni
Şərhlər bağlıdır.