Azərbaycan xalqının həqiqi yolu

Xəlil Azər Badeqan

Qərinələrdən bəri müstəbid, cəllad, zalım, rəhmsiz və insafsız hakimlərin zülm, təzyiqində əzilən Azərbaycan xalqı Azərbaycanda Demokrat Firqəsinin müqəddəs məramı və şüarları nəşr olunan kimi,  odlar və alovlar yurdunun igid, rəşid, fədakar, azadlıq təşnəsi olan xalqı həmin müqəddəs məram və şüarları ürəkdən şadlıq ilə qəbul eləyib hər gün minlərlə firqənin üzvlüyünə daxil olmaqla bərabər firqənin poladdan möhkəm sıralarını qüvvətləndirməkdədirlər.  Bu azadlıq sevən xalqın birlikdə bir məramın altına dolmağına görə xəyanətkar, cinayətkar Tehran və Təbriz mürtəceləri, min illərdir özləri, ataları və babaları Azərbaycan və İran xalqının qanını zəlilər kimi sovurub bu namuslu xalqı bədbəxtliyə, fəlakətə, zəlalətə, cəhalətə düçar eləyən bir ovuç möhtəkirlər, istismar dəllalları və bugünkü hökümət başında duran satqın təbəqə ilə xarici süngülərin gücü ilə millətə zorla qəbul etdirilən qondarma nümayəndələr, vətən və millət xainləri qorxuya düşüb xarabalıq sevən bayquşlar kimi mürtəce qəzetlər vasitəsi ilə başlayıblar banlamağa, Azərbaycan xalqının azadlığı yolunda can və mal ilə fədakarlıq eləyən vətən və millətsevər şərafətli, namuslu övladlarına yalan, böhtan və iftiralar atmağa.  O naxələflər elə güman eləyirlər ki, bu yalan, böhtanlar atmaq ilə xalq onların ətrafından dağıdacaqlar.  Bayquşlar bunu bilməlidirlər ki, xalq cəm olur firqənin müqəddəs məramının altına və rəhbərlərini ürəkdən sevir, onlara hörmət bəsləyir, fitnə və fəsad törədən xainlərin sözlərinə qulaq verməyib öz məqsədlərini hədəfə çatdırmaq üçün ciddi və cəhd ilə çalışırlar.

Azərbaycan xalqı minlərlə verdikləri cavanlarının qanı bahasına alınan Konstitusiyaya uyğun olaraq öz qanuni haqları olan əyalət və vilayət əncümənini istəyirlər, öz millətini ürəkdən sevən Azərbaycanın müqəddəs toprağını özünə həqiqi vətən hesab eləyən qeyrətli şəxslərdən əyalət və vilayət əncümənini seçib həmin vətən və millətsevər fədailərinin əlləri ilə bu günkü hökümət başında duran, milləti soyan və Konstitusiya qanunlarını tətil etdirən caniləri hökümət idarələrindən təmizləyib Konstitusiya qanunlarını həmişəlik bərqərar etsinlər və onu əməldə həyata keçirsinlər.  Tehrandakı və Təbrizdəki mürtəce ünsürlər bunu yaxşı başa düşsünlər ki, Azərbaycan xalqı daha bir də onların kütləni aldadan fitnə və fəsad törədən sözlərinə qulaq asmayacaq. Bunu bilsinlər ki, onlar turşuda bəsədikləri qoca mürtəcelərin gündə birini hökumət başına qoymaqla xalqın qiymətli vaxtlarını puça çıxarda bilməzlər, xalq onların boyunduruğu altına bir daha girməyəcək. O nəsillərin xəyanəti İran və Azərbaycan xalqına çoxdan məlumdur, amma onların dalında duran gizli əllərin qanlı pəncələri İran və Azərbaycan xalqını zalımlara tabe olmağa məcbur etmişdi. Indi isə azadlıq günəşinin nurundan oyanan 5 milyonluq igid, mərd övladları birlik əllərini bir-birinə verib əsarət zəncirlərini qıracaqlar.

Azərbaycan Demokrat Firqəsinin ədalət, hürriyyət, səadət yolunda çalışan fədakar üzvlərinin köməkliyi ilə Azərbaycan xalqı nə qiymətə olursa-olsun Konstitusiyaya uyğun olaraq öz haqqını alıb Azərbaycanda səadətli, xoşbəxt yaşayış düzəldəcək və gələcək Azərbaycan xalqı azadlıq nəticəsində dünyanın xoşbəxt millətləri kimi rahat yaşaycaqdır.

Yaşasın Azərbaycanın qəhrəman və mübariz xalqı!

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 52,  12 noyabr 1945-ci il

 

Şərhlər bağlıdır.