İran parlamentinin kürd nümayəndələri Güney Azərbaycana qarşı qərəzli serialın davam etdirilməsini istəyir

İran parlamentindəki kürd nümayəndələr Qərbi Azərbaycan bölgələrini kürd torpaqları kimi qələmə verən “Nun X” serialının davam etdirilməsini istəyib. Bu barədə ölkənin bir sıra kütləvi informasiya vasitələrində məlumat yayımlanıb. Azerbaycan-ruznamesi.org sozcu.az saytına istinadən bu barədə məlumatı oxucuları ilə bölüşür.

Güney Azərbaycan türklərinin etirazlarına əhəmiyyət verməyən kürd millət vəkilləri İran Radio və Televiziyası rəhbərindən serialın yeni bölümlərinin sifariş olunmasını xahiş ediblər.

13 millət vəkilinin imzaladığı məktubda İran Radio və Televiziya Verilişləri Təşkilatının rəhbəri Əli Əsgərinin fəaliyyəti təqdir olunub və adı çəkilən serialın “milli birliyə” töhfə verdiyi qeyd edilib.

Kürd millət vəkilləri serialda kürdlərin milli mədəniyyətini əks etdirən milli geyimləri, rəqsləri, musiqi, danışıq dilini və başqa elementləri yüksək qiymətləndirib və buna görə Əli Əsgəriyə təşəkkür ediblər.

Qeyd edək ki, “Nun X” komediya serialı kimi qələmə verilsə də, siyasi məzmun daşıyır. Serialda məqsədli şəkildə Güney Azərbaycan, özəlliklə Qərbi Azərbaycan əyaləti, Urmu kürd bölgəsi kimi qələmə verilir, vilayətin türk adları və kimliyi təhrif edilir.

Bir müddət öncə İran Televiziyasının 1-ci kanalında yayınlanan kürdcə “Nun X” serialında Qərbi Azərbaycan əyalətinin bir çox bölgələri kürd torpaqları kimi qələmə verilmişdi.

Adı çəkilən serialın son bölümünün final klipində Urmu gölünün kənarında yerləşən “Kazımxan daşı” qalasının qarşısında kürd dilində mahnı səslənir və kürd rəqsi ifa edilir.

“Kazımxan daşı” qalası Qərbi Azərbaycanda ötən əsrin əvvəllərində, birinci dünya müharibəsi zamanı Kazımxan Quşçunun başçılığı altında Azərbaycan türklərinin İsmayıl Simitqonun rəhbərlik etdiyi kürd terrorçularına qarşı milli müqavimətinin mərkəzi kimi tanınıb.

Rejissor Səid Aqaxaninin çəkdiyi, Məsud Şəmsnejadın prodüsserliyi ilə hazırlanan klipdə Şimali Xorasandan olan kürd müğənni Möhsün Mirzəzadə Urmuda fəaliyyət göstərən “Dilan” rəqs qrupunun müşayiəti ilə kürd mahnısı ifa edir.

“Dilan” rəqs qrupunun təsisçisi Məsud Şəmsnejad Qərbi Azərbaycanda silahlı kürd təşkilatı PEJAK-ın və İsmayıl Simitqonun nəvəsi Arman Simitqonun yaxın adamı kimi tanınır.

O, bundan öncə bir neçə dəfə məhkum edilsə də, şübhəli şəkildə azadlığa buraxılıb və “mədəni fəaliyyət” adı altında işlərini davam etdirib.

Xatırladaq ki, bir müddət öncə İran Televiziyasının 1-ci kanalında yayınlanan serialın final bölümündə Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və digər türk yurdları “Kürdüstan torpağı” kimi qələmə verilmiş, görüntülər kürd musiqisi və mahnısı ilə müşayiət olunmuşdu.

Şərhlər bağlıdır.