- İki min ildən artıq Azərbaycanı dünyanın ölkələri, qitələri ilə birləşdirən karvan yolları Araz çayı yatağında – Xudafərin dərəsində bir-birinə qovuşub. Gözəl təbiətli bu dərədə atılmış körpülər təkcə Arazın iki sahilini – Qaradağı Qarabağa birləşdirmirdi, eləcə də Doğunu Batıya, Güneyi Quzeyə, Asiyanı Avropaya calayırdı. Böyük İpək Yolunun bir qolu da bu körpülərin üstündən keçirmiş. İki əsrə yaxındır ki, bu dərə əlçatmaz, ayaqdəyməz yer olub. O çağdan – Araz Vətənin ortasında sərhəd çayına çevriləndən hər iki sahil bir-birini bir bayatı ilə haraylayır
- 1213 və 1220-ci illərdə Azərbaycanda olmuş məşhur ərəb səyyahı və coğrafiyaçısı Yaqut Həməvi Arazı «möcüzəli çay» adlandıraraq eşitdiklərini «Deyirlər, Araz boyunca min şəhər olub» şəklində ifadə etmişdi. Şəhərlərin sayı bu deyimdə xeyli şişirdilsə də Arazın hər iki sahilində ən qədim dövrlərdən sıx yurdsalma şəbəkəsinin olduğu şübhəsizdir. Y.Həməvi öz əsərində başqa bir ərəb müəllifinə istinad edərək yazırdı: «Araz çayının çıxdığı Balasaqan çölündə beş min tərk edilmiş kənd var ki, dağıntılardan salamat qalmış divar və tikililəri bu günəcən də qalmaqdadır. Deyirlər ki, bu kəndlər ulu Allahın Quranda xatırladığı Araz hakimlərinə mənsub olub».
- Azərbaycanın qədim memarlıq abidələrinin çoxu kimi Xudafərin körpüləri haqqında da tarixi mənbələrdə məlumatlar son dərəcə azdır. Üstlərində inşaat kitabələri qalmadığından onların dəqiq tikilmə tarixini aydınlaşdırmaq mümkün deyil. Xudafərin körpüləri dəyərli tarix-memarlıq abidəsi olaraq keçən əsrdən tədqiqatçıları özünə cəlb etmiş və onların çoxu hər iki körpünün özüllərinin antik dövrdə qoyulduğunu ehtimal edir. Bu məşhur çay keçidində hələ eradan əvvəl Vİ əsrdə – Urartu dövründə körpü tikildiyini irəli sürənlər də var. Xudafərin körpüsü haqqında hələlik ən qədim məlumat tarixçi və coğrafiyaçı Həmdullah Qəzviniyə məxsusdur. O, XİV əsrdə bu haqda belə yazıb «Zəngiyan yaxınlığında Araz çayı üzərində Xuda-Afərin körpüsü var ki, onu hicri 15-ci ildə (miladi 636) Məhəmməd peyğəmbərin (ə. s.) silahdaşlarından biri olmuş Bəkr ibn Abdullah tikdirib». Bu məlumatda tarixi yanlışlığa yol verilib. Belə ki, sərkərdə Bukayr ibn Abdullah xəlifə Ömərin əmri ilə 643-644-cü illərdə ərəb ordusunun Azərbaycana hərbi yürüşünü təşkil edib.
- Onbeşaşırımlı körpü bu gün də işlək durumdadır. Ancaq dəfələrlə dağıntılara uğrayıb təhrif edilmiş bu qədim abidənin üzərində sonrakı dövrlərin təmir və yenidən qurma işlərinin izləri qabarıq görünməkdədir. Bu körpü, görünür, son dəfə Qacarlar dövründə – Azərbaycanın şimal hissəsində xanlıqların yaranması zamanı çox ciddi dağıntıya məruz qalıb. Tarixçi A.Bakıxanovun yazdığına görə «Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Qarabağı fəth etmək istəyəndə qarabağlı İbrahim xanın uçurtduğu Xudafərin körpüsünün tikintisini bərpa etdi». İran tarixçisi Z.Mənsuri də təsdiq edir ki, Qarabağ xanı İbrahim Xəlil Cavanşir gözlənilən hücum zamanı Ağa Məhəmməd şah Qacarın ordusunun qarşısını almaq məqsədi ilə böyük Xudafərin körpüsünü dağıdıb. Müəllif bu hadisəylə bağlı bunları da bildirib «Şah Xudafərin körpüsü yaxınlığında Zövrəqli (?) bir yeni körpünün tikilməsini və eyni zamanda dağıdılmış körpünün təmir olunmasını əmr etdi. Cavanşirin adamları körpünün dayaqlarını dağıda bilmədiklərindən yalnız tağlarını uçurmuşdular. Şah həmin körpülərin yenidən ən keyfiyyəli tikinti materialları ilə inşa edilməsi barədə göstəriş verdi». Xudafərin körpüləri 1797-ci ildə – Ağa Məhəmməd şahın Qafqaza ikinci hərbi yürüşündən öncə də dağıdılmışdı. Onbeşaşırımlı Xudafərin körpüsünün bu günkü vəziyyəti tarixçilərin məlumatlarını təsdiq edir. Belə ki, körpünün yenidən qurulan tağlarında arxivoltların uçurulmuş üst hissələri bişmiş kərpicdən yığılıb. Tağlararası hissələrdə də həmin dövrün təmir işləri kərpicdən aparılıb və bu yenidənqurma işləri körpünün qədim hissələrindən aydın seçilir.
- Milli simvol olmaqla yanaşı, Xudafərin körpüləri gözəl dağlıq landşaftlı təbiətə üzvi daxil olduğundan bu gün də insanın ətraf mühitlə qarşılıqlı münasibətlərinin uğurlu örnəklərindən sayılmağa layiqdir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrə və proseslərə bağlılığına, füsunkar təbiətlə sıx birliyinə, yüksək mühəndis-memarlıq həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir. Ancaq təəssüf ki, bütün bu keyfiyyətləri nəzərə alınmadığından Xudafərin körpüləri illər boyu lazımınca qorunmayıb və onların taleyi bu gün daha çox təhlükə altındadır. Xudafərin körpüləri indiki tarixi durumda Azərbaycan xalqının ən müqəddəs abidələridir. Bu ulu tapınaqların bəşəri dəyərlərin düşmənlərinin əlində girovda saxlanması təhlükəlidir və təhqirdir. Xudafərin körpüsünün üstündən 1068-ci ildə böyük səlcuq sultanı Alp Arslan qələbə yürüşü ilə, XVI yüzildə isə Aşıq Qurbani əsir kimi keçib
- //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/54545-2-300×177.jpg” alt=”” width=”300″ height=”177″ />
Əvvəlki
Şərhlər bağlıdır.