Gələn il aprelin 22-də Həsən Əblucun 80 illik yubieyini qeyd edəcəyik
Səsin hərarəti, sözün məharəti
Aprelin 22-də görkəmli sənətkarımız Həsən Abbasqulu oğlu Əblucun anadan olduğu gün idi. O, xeyli müddətdi ki, haqq dünyasındadır amma səsi, sözü və digər xidmətləri əbədi yaddaşımızdadır. Ümumiyyətlə, 21 Azər hərəkatının iştirakçısı Abbasqulu kişinin ruhu cənnət məkandır. Onun oğulları Əli, Həsən və Ənvər bütün xalqımızın sevimlisidir. Jurnalist Məhəmməd Nərimanoğlunun “Azərbaycan” qazetində dərc olunmuş “Səsin hərarəti, sözün məharəti” sərlövhəli yazısı isə H.Əbluc haqqında qələmə alınan kamil nümunələrdən biri olduğu üçün oxuculara təqdim edirik.
Səs və söz! Hər ikisi də insan qəlbinin ritmlərindən boylanır. Sözlər yaranmamışdan onların səsi gəlir. Səsləri musiqi ilə müqayisə edirlər. Musiqi notunda oktavalar arası səslər dəyişir (bəmdən zilə və əksinə). İnsanlarda da zərif, məlahətli, incə və qaba, cilalanmamış səslər mövcuddur. Sözlərin cilası onların sahibinin sonradan qazandıqları, səslərin zərif və incəliyi ilahidən verilənlər hesab edilir. Belə səs sahiblərini bəxtəvərlər də sayırlar. Çünki onların səsi musiqi kimi ruhoxşayan, könülləri ovsunlayandır. Nə yaxşı ki, xalqımızın incə, zərif, musiqili dili var. Bir çox əcnəbilər sözlərimizin və dilimizin zərifliyi haqqında az yazmayıblar. Sənət xadimlərimiz olub ki, onların səsi ilahi vergi kimi qəbul edilib. Belə səslərdən qidalanan sözlər ruhoxşayan olur.
Haqqında söz açmaq istədiyimiz səs sahibi Həsən Əblucun adını eşidən hər kəsin yaddaşına məhz belə – həzin, musiqili, nəğməli, işıqlı səs gəlir. Bu səsin nurunda mayalanan sözlər onu hər kəsə doğmalaşdırır, özününküləşdirir. Həsən Əblucun səsində, belə demək mümkünsə, texniki sözlər də bədiiləşir, obrazlaşır, müəllifinin dilinə şirinlik qataraq dinləyicisini isə xəyal dünyası ilə baş-başa qoyurdu.
Peyğəmbər sevdalı Nizaminin “Söz”ü ilə məhəbbət aşiqi Füzulinin “Məni candan usandırdı” harayları haqq axtardığına görə dara çəkilmək nəsibi olan Nəsiminin “Məndə sığar iki cahan” qəzəlləri, yaxud sevimli şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri bu səsin laylasına uyuyanda səslə sözün bir-birinə hansı məhəbbətlə qovuşduğunu hiss etməmək mümkün deyil.
Budur ilahinin bəxş etdiyi fitrət yaradana və yaradıcılığı ilə könülləri fəth etmək, ovsunlamaq, sevmək və sevdirmək! Bu fəlsəfi anlamların hər biri Həsən Əblucun qəlbindən dilinə və nitqinə süzülüb gəldiyi üçün səsi ilahi vergilidir.
Onun səsinin sehrinə düşənlər sayagəlməz qədərdir. Səslərin içindən seçilib gələn bu isti nəfəsdə qovrulan sözlər heç zaman boz rəngli olmayıb. Daha çox ağsəsli kimi qəbul edilən Həsən Əblucun həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün yalnız onun ömürnaməsini vərəqləmək kifayət etməzdi. Ona görə də hansı əsərə Həsən Əblucun səsi hopubsa, onu orada axtarmaq lazımdır.
Araz nisgilli Həsən Əbluc Azərbaycanın Cənubunda, daha doğrusu, 22 aprel 1942-ci il tarixində Təbrizdə dünyaya göz açıb. Bəlkə də o, doğma yurdu çox erkən, uşaq yaşlarından tərk etməyə məcbur olduğundan səsinə hopub bu nisgil, ayrılıq, kədər notları. Ailələri Bakıya köçdükdən sonra, yaşa dolub, ağlı kəsəndən doğma yurd həsrəti onu bir qədər də sıxıb. Bu sıxıntılardan canını qurtaran isə bütöv Azərbaycana bağlılığı və məhəbbəti idi. Azərbaycan Politexnik İnstitutuna (hazırkı Texniki Universitet) qəbul olub, bir il bu ali təhsil ocağında oxuyub. Sonra qəlbinin istək və arzularını nəzərə alaraq, valideynlərinin razılığı ilə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Həsən Əbluc tələbə ikən Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçısı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirən aktyor C.Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında (indiki “Azərbaycanfilm” kinostudiyası) film dublyajında çalışmaqla yanaşı, Mədəniyyət və İncəsənət İnstitutunda səhnə danışığı ixtisasından dərs deyib.
Bədii qiraət ustası kimi Həsən Əbluc əvəzsiz nemət sayılan, təkrarsız səsi ilə klassik və çağdaş poeziya nümunələrini milyonlarla tamaşaçı və dinləyiciyə çatdırıb. Bəlkə də bu “çatdırıb” ifadəsi həmin ifanı olduğu kimi təqdim etmək imkanından çox-çox aşağıdır. Çünki Həsən Əbluc səsin imkanları ilə şeirə can verir, onu hərdən həzin meh, hərdən isə coşqun dağ çayları kimi könüllərə məlhəm edirdi. Səsinin işığında bizi klassiklərimizin dövrünə qaytaran Həsən Əbluc təkcə bədii qiraət ustası deyildi, onun bir rejissor kimi quruluş verdiyi televiziya tamaşaları da uzunömürlü sayılıb. Qardaşı Ənvər Əblucun rejissorluğu ilə “Həsən Əbluc” sənədli filmi də lentə alınıb.
Həsən Əbluc kimi istedadlı bir qardaş itirən rejissor Ənvər Əbluc xatirələrini çözələdikcə siması və duyğuları parlaq, səsi dəryalar kimi təlatümlü insanın görünən və görünməyən, zərif, incədən-incə xarakter keyfiyyətlərini gözlərimiz önündə canlandırır: “Ailəmiz Bakıya Cənubda demokratik hərəkat süquta uğrayandan sonra köçüb. Beş qardaş olmuşuq. Həsən hələ uşaq yaşlarından aktyorluğa böyük həvəs göstərirdi. O vaxtlar klublarda ədəbiyyat, musiqi, dram dərnəkləri fəaliyyət göstərirdi. Bakıda “26-lar sarayı”ında da Xalq Teatrı vardı. Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Onu da deyim ki, Həsən orta məktəbdə, daha doğrusu, 5-ci, 6-cı siniflərdə oxuyanda Pionerlər sarayındakı dram dərnəyinə gedirdi. Həmin dərnəyə isə Gənc Tamaşaçılar Teatrının o zaman müqtədir aktyorlarından biri sayılan Süleyman Ələsgərov rəhbərlik edirdi. Orta məktəbdə əlaçı idi. Üstəlik, çox yaşlı olan atama su satmaqda kömək edirdi. Atamın, nədənsə, aktyorluqdan xoşu gəlmirdi. Ona görə də Həsən orta məktəbi bitirəndə atam onu İncəsənət İnstitutuna sənəd verməyə və orada oxumağa qoymadı”…
Gənc Həsən atasının diktəsi ilə könülsüz olsa da, Politexnik İnstitutuna sənəd verib qəbul edilsə də, aktyorluq qabiliyyəti və həvəsi onun sənət yolunu dəyişməli olur. O zamanlar tələbələr təcrübə üçün istehsalata göndərilirdi. Həsən də Politexnik İnstitutunun 2-ci kursunda oxuyarkən Bakıdakı zavodların birinə aparılır. Dəmir doğramaqdan barmaqları kəsik-kəsik olan Həsənin əllərini görən atası onun bu əzabına dözməyərək, “İncinarlıq budumu, a bala”, – deyə ondan soruşur. Onun “İndi ki belədir, hansı sənətə istəyirsən get” razılığı Azərbaycan incəsənətinə yeni bir səsin işığını gətirdi.
Arzusuna qovuşan Həsən Əbluc institutda məşhur aktyor və rejissor Rza Təhmasibin rəhbərlik etdiyi kursda ali təhsilini davam etdirib. Qardaşı Ənvər Əblucun tələbəlik illərində ona əsl qardaş qayğısı göstərən Həsən sanki bununla digərlərinə nümunə olub. Qardaşını Moskvada oxuduğu illərdə yaddan çıxarmayan, hətta evdən və ailədən gizli ona pul göndərməsi bu gün rejissor Ənvər Əblucun kövrək duyğularını titrədən xatirələrdəndir.
Rejissorluq ixtisasında oxuduğu illərdə Həsən Əbluc Tofiq Kazımov kimi bir dahi sənətkarın rəhbərlik etdiyi Dram Teatrında hazırladığı tamaşalarda ikinci idi. Həmin illərdə Ənvər Əbluc Moskvada oxuyurdu. Qardaşına yazdığı məktubların birində Həsən göstərirdi: “…Nəhayət, “Bir cənub şəhərində” filminin ekrana çıxmasına icazə verildi”.
Səhnə danışığı fənnindən ona dərs deyən Müxlis Cənizadə tələbəsinin səsindən doymadığını dəfələrlə söyləyib. Hətta müəllimi onu rəvan danışığına, sənətinə, diksiyasına, savadına görə özünə assistent də götürüb. Hələ institutun III kursunda oxuyarkən Akademik Dram Teatrına dəvət olunub. 30 il Mədəniyyət və İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olan Həsən Əbluc bu müddət ərzində yaddaqalan neçə-neçə obrazlara can verib, səsinin hənirtisində qəlblərə hərarət bəxş edib. Aktyor, rejissor, müəllim Həsən Əbluc həmçinin bir neçə əsərin müəllifi kimi də tanınıb: maraqlı hekayələri, dram əsərləri olub.
Maraqlı olduğu qədər də nisgilli daha bir xatirəni dilə gətirən Ənvər Əblucun əfsanəyə dönmüş o illəri Həsən Əbluc kimi bir qardaşla keçirməsindən qürur duymaqla yanaşı, onu çox erkən itirməsindən çəkdiyi qəhər də başadüşüləndir: “Mən diplom filmimdə Həsəni çəkmək istəyirdim. O zamanlar Adil İsgəndərov bədii şuranın sədri idi. Mən “Dənizə çıxmaq qorxuludur” filmini çəkməyə hazırlaşırdım. Adil müəllim foto-sınaqdan keçənlər arasında Həsənin əksini görəndə dedi ki, onu çəkmə, deyərlər, öz qardaşını çəkib. Adil müəllimə çox böyük hörmətimiz var idi, cavab vermədim. Amma görəndə ki altdan-altdan qımışır, cəsarətləndim. Dedim ki, Adil müəllim, sınaq elədiyim aktyorların hamısından Həsəni daha yüksək hesab edirəm. Dedi, “onda get çək”. Amma mən çəkmədim. Rəhmətlik Rauf Qəniyevi çəkdim. Lakin rolu Həsən səsləndirdi. Həsənin gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi var idi. O, radio tamaşalarında saysız-hesabsız baş rollar yazdırıb. Dublyaj filmlərimdə bütün rejissorlar kimi, mən də baş rolları Həsənə verirdim. O vaxt artıq soruşan yox idi ki, niyə məhz onu çəkirəm. Çünki Həsən dublyajda öz möhürünü vurmuşdu”…
Azərbaycan teatr sənəti 1994-cü il mart ayının 13-də daha bir korifey sənətkarını, səhnə fədaisini Həsən Əblucun simasında itirdi. Əslində, buna itirilmək də demək olmazdı. Axı o dalğalı, qırçınlı səs müəllifin yazdırdığı lentlərdə, dublyajlarda ləpələnməkdə, bahar nəsimi kimi qəlblərə bu gün də sərinlik və təravət gətirməkdədir.
Bu itkini təkcə teatr sənəti duymadı, sevimli ailəsini yandırıb-yaxan o dəhşətli tarixdən sonra sanki Əblucların ocağından qalxan tüstü istisindən çoxdur. Ömür-gün yoldaşı Firəngiz xanım Həsən müəllimin tələbəsi olub. 1970-ci ildən sədaqətli həyat yoldaşına bu ağır itkidən daha çox pay düşüb. 1973-cü ildə dünyaya gələn qızları Elnaz Əblucqızı ata yolunu davam etdirdiyi üçün bir qədər təsəlli tapsa da, hərdən doğma, ilıq ata səsindən və nəvazişindən ötrü qəribsəyir və onda için-için sızıldayır, göyüm-göyüm göynəyir. Bunu duyğuları ilə baş-başa qaldığı anlarda qəmli, nəmli baxışlarından hiss etmək olar.
Xatirələr göstərir ki, bir insan, ilk növbədə ailə başçısı kimi o, həm tələbkar (bəzən qəzəbli, bəzən ipək kələfi kimi) olub, hərdən isə qeyri-ciddi: “Ən çox xoşladığı yemək plov idi. Atam mənim sənətimə heç vaxt qadağa qoymayıb. Gülləri çox sevərdi. Ad günündə deyirdi ki, mənə hədiyyə lazım deyil, yalnız gül gətirsinlər. Mən hər ad günümdə öyrəşmişdim ki, atam mənə gül alacaq”…
Səsində də gül təravəti vardı onun. Qəhər və kədər dolu bu səsdəki cazibədarlıq hələ də sirr olaraq qalır. Nədən idi bu ovsun? Niyə Həsən Əblucun səsi digər həmkarlarınkından bu qədər fərqli idi – ürəyəyatımlığı, könül oxşaması ilə?! Bəlkə elə ilahi səsin musiqisini bizə duydurmaq üçün göndərmişdi onu yer üzünə?!.
Şərhlər bağlıdır.