S.C.Pişəvərinin Azərbaycan Universitetinin açılışındakı nitqi – Bu ali məktəbə ikinci həyat verən professor Həştrudi
Təbriz Universiteti Güney Azərbaycanda birinci, İranda isə ikinci sayılır. 75 yaşının tamamına sayımlı aylar qalır. Bununla bağlı iki məqama toxunmaq istərdik. 1946-cı il iyunun 12-də Milli Hökumətin rəhbəri Təbrizdə Azərbaycan Universitetinin təsis olunması barədə fərman imzalayıb. Sevimli ağsaqqalımız, şərqşünas alim Əkrəm Rəhimlinin (Bije) “Seyid Cəfər Pişəvəri. Seçilmiş məqalə və çıxışları” kitabında yer alan “Darülfünunun açılışı münasibətilə” sərlövhəli yazı ali məktəbin açıldığı tarixə şahidlik etməkdədir.
Bildiyiniz kimi şah rejimi inqilabı qan içində boğduqdan sonra hərakatla bağlı gözəgəlimli nə varsa məhv etməyə çalışdı. Universitetin qapıları 5 il bağlı qaldı. Lakin heç özü də bilmədən ali məktəbin dirçəlişini, taleyini doktor Möhsün Həştrudi kimi mütərəqqi bir insana tapşırdı. Heç şübhəsiz tanınmış maarifçinin belə mühütdə xalqa yönələn xidmətləri, milli təəssübkeşliyi unudulmazdır.
Cəmi 69 il yaşamış azərbaycanlı şair, alim, riyaziyyatçı M.Həştirudinin vətənpərvər maarifçi kimi xidmətləri unudulmazdır.
Azərbaycan-ruznamesi.org saytının sizlərə həmin nitq və videonu təqdim etməkdə də məqsədi bütün mütərəqqi dəyərlərə olan sayğılı münasibətdən qaynaqlanır.
Darülfünunun açılışı münasibətilə
Mən fikir edirəm ki, bu gün açılışını elan etdiyimiz elə bir elmi müəssisədir ki, əgər biz bir il bundan əvvəl bu barədə bir söz danışsaydıq, o ağlabatan olmazdı. Lakin indi xalqımızın qüdrəti sayəsində biz çox böyük işləri yerinə yetirməyə müvəffəq olmuşuq. Azərbaycan xalqı fəxr edir ki, asudəliklə xiyabanları asfalt edir, darülfünun açır, borular vasitəsilə suyu şəhərə gətirir… Halbuki, İranın başqa nöqtələrində əmniyyət yoxdur, oğurluq və fəsad hökm sürür, işsizlik və aclıq xalqın həyatını hədələyir… Azərbaycanda isə xalq tərəqqiyə doğru gedir.
Demokratiya xalqın öz müqəddəratına sahib olması və azad şəraitdə yaşamasından ibarətdir. Biz əldə etdiyimiz azadlığın sayəsində tərəqqi və təkamülə sürətlə gedirik. Biz ölsək də, gələcək nəsillərimiz əldə etdiklərimizi qoruyub, mədəni bir millət kimi yaşayacaq.
Biz, bu darülfünunu şöhrət üçün açmamışıq. İndi kəndlərimizdə, qəsəbələrimizdə əhalinin müalicəsi üçün həkim yoxdur. Bizi ehtiyac vadar etmişdir ki, bu darülfünunu açaq və lazım olan vaxtda xalqın sağlamlığını qorumaq üçün burada təhsil alacaq həkimlərimiz vasitəsilə xalqın səhiyyə və sağlamlığını təmin edək.
Darülfünunun rəisi öz nitqində tələbələrin təhsil vəsaitlərinin hər cəhətdən təmin olunacağı məsələsinə çox nikbinliklə yanaşdı. Məncə biz gərək bütün zəhmətlərə dözək, ac qalaq, susuz qalaq, ancaq faydalı əməl adamları yetişdirək.
Azərbaycan sərvətli bir yerdir, lakin onun sərvəti torpaq altında qalmışdır. Biz ondan istifadə edə bilmirik. Biz uşaqlarımızı ona görə oxutdururuq ki, onlar xalqımıza və yurdumuza fayda versin. Bizim müəllimlərimiz çox zəhmətlərə qatlaşmışdır. Lakin elələri də var ki, zəhmətə qatlaşmır və öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırırlar.
Bununla belə sonra necə olur-olsun biz müəllimlərdən istifadə etmək məcburiyyətindəyik. İndi bizim yetərincə müəllimlərimiz yoxdur. Bizim açdığımız darülfünun müəllimlər tərbiə edib yetişdirəcək ki, xalqımız onlardan istifadə edə bilsin. Bizim xalqımız istedadlı xalqdır. İstedad və bacarıq yalnız zəhmətlə meydana çıxır. Xalqımızın indi bilikli müəllimlərə və təbiblərə ehtiyacı var. Bu darülfünun məhz bu ehtiyac üzündən yaradılmışdır. Bizim nehzətimiz və başqa işlərimiz də ehtiyac əsasında yaranmışdı, yalnız ehtiyac!
Bütün İran xalqlarının həqiqi bir demokratiyaya ehtiyacları vardır. Hamı keçmiş yaramaz hökumətlərin əlindən xilas olmaq istəyir. Azərbaycan xalqı hər bir işdə həssas və ilk addım atan olduğundan İran demokratiyasında da öz nehzəti ilə qabaqcıl oldu.
Mən bilirəm ki, Şirazda yaşayanların da, İranın başqa nöqtələrində yaşayanların da Azərbaycan nehzəti kimi bir nehzətə ehtiyacları vardır. Onlar arzu edirlər ki, Azərbaycan xalqı onları quldur xanların və feodal üsul idarəsinin zülmü altından xilas etsin.
Biz Azərbaycan çərçivəsində hər sahədə böyük işlər görməyə müvəffəq olmuşuq. Biz iqtisadi böhranın və işsızliyin qarşısını almağa müvəffəq olmuşuq. Lakin İranın başqa yerlərində işsizlik hökm sürür. Biz nümunə olaraq isbat edirik ki, demokratiya üsulu altında islahatlar aparmaq, qanun və ədalətlə yaşamaq mümkündür. Qanun və ədalətlə bu kimi mütərəqqi işlərli icra etməklə öz varlığımizi bütün dünyaya tanıtdırırq. İranın o biri nöqtələrində, ədliyyələrdə minlərcə dosiyələr yığışıb baxımsız qaldığı halda, bizim ədliyyəmizdə baxılmamış bir iş belə yoxdur.
Biz tərəqqi etmək istəyirik. Biz nə qədər tərəqqi edə bilsək, bir o qədər özümüz və özgələr, qonşu dövlətlər üçün də faydalı ola bilərik.
Biz sənaye sahəsində tərəqqi etdiyimiz kimi ticarət və beynəlxalq iqtisadi əlaqələrdə də bütün dövlətlərə geniş mühit yarada bilərik. Biz İranın məşrutiyyətini aradan aparmaq fikrində deyilik. Biz həqiyqi məşrutə (azadlıq) istəyirik. Bizim istəklərimiz ən adi və sadə bir fərdin tələbatı kimidir. Biz İranın tərəqqi və səadətini tələb edirik. Bu sahədə bizim bütün tələblərdən, ziyalı cavanlarimizdan intizarimiz budur ki, faydalı qədəmlər götürsünlər. Mən özüm də çalışıb universitetdəki tədrisdə iştirak edəcəyəm.
Yaşasın xalqımız və onun birliyi!
«Azərbaycan», 22 mehr 1325 (24 sentyabr 1946)
Doktor Möhsün Həştrudidən iqtibaslar
Şərhlər bağlıdır.