İRANDA 49 MİN UŞAQ TANINMIR

Azerbaycan-ruznamesi.org xarici mediaya istinadən xəbər verir ki, buna səbəb həmin uşaqların atalarının İran vətəndaşı olmamasıdır.

Əmək və sosial təminat nazirinin müavini Əhməd Meyderi Tehranda keçirilən konqresdə çıxışı zamanı 49 min uşağın təhsil və tibbi ehtiyaclarının hökumət tərəfindən ödənilmədiyini bildirib. Bunun üçün o, uşaqların vətəndaşlığının atadan yox, anadan almalarını nəzərdə tutan qanun layihəsi üzərində çalışdıqlarını söyləyib.

49 min rəsmi rəqəm olsa da, qeyr-rəsmi məlumatda bu rəqəm 150 min-1 milyon arasında dəyişir.

Qəyyumluq, yoxsa mənəviyyatsızlığa şərait

Mənəviyyatdan, namusdan dəm vuran “vilayəti fəqi” rejiminin təyinatlı parlamentinin 2013-cü ildə qəbul etdiyi qalmaqallı “Uşaq haqlarının qorunması” qanununu xalq arasında “binamus qanun” da adlandırırlar. Onu qalmaqallı edən bir kişiyə övladlığa götürdüyü qızla evlənə bilməsinə icazə verməsidir.

Qanun layihəsinin ortaya çıxmasına səbəb parlamentdə təxminən 40 il əvvəl qəbul edilmiş uşaq hüquqları ilə bağlı qanunun dəyişdirilməsi olub. Belə ki, İran qanunlarına görə, qızlar 13, oğlanlar isə 15 yaşlarında evlənə bilərlər. İranda övladlığa götürmə barədə qanunlarda övladlığa götürülən oğlan və ya qızın öz ata və ya analarına məhrəm olub-olmadığı göstərilməyib. İndi isə həmin qanuna yenidən baxan deputatlar bəzi dəyişikliklər ediblər.

İran qanunlarına görə, qızların evlilik yaşı 13, oğlanlarda isə 15 müəyyən olunub. Yerli hüquq müdafiəçiləri və vəkillər bu qanunun pedofiliyaya şərait yaradacağını bildirirlər.

Məsələ gəlib miras məsələsinə çatanda qalmaqallı məqam ortaya çıxıb. Yeni qanunda deyilir ki, övladlığa götürülən uşaq bioloji övlad kimi atalığından və ya analığından irs aparmır. Həmçinin qeyd edilib ki, övladlığa götürülən övlad ata-anasına məhrəm deyil. Bu isə öz növbəsində kişilərin övladlığa götürdükləri qız uşaqları ilə evlənməsi ilə bağlı qadağanı aradan qaldırır. Çünki dinə görə, evlənmək haram olanlar yalnız məhrəm kateqoriyasına düşən şəxslərdir. Yəni qanuna yeni düzəlişlər faktiki olaraq övladlığa götürülmüş qıza ailə qurulmasına mane olmur.

İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilər. Ögey övladla evlənmək isə qəti qadağan idi.

Dinşünas ekspertlər də yeni qanun layihəsinin İslama qarşı olduğunu deyirlər. İrandakı Uşaq Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Şiva Dövlətabadi bu qanun layihəsinin qəbul olunması ilə zinanın qanuniləşdirildiyini bildirib.

Qanun layihəsinin təqdimatından 7 il ötsə də heç kəs qorxusundan indiyədək onu qabartmaq istəmir. Çünki bu çox incə mənəvi məsələdir.

İranda işləyən uşaqların sayı 7 milyona çatıb

İranda işləyən uşaqların dəqiq statistikası aparılmır. Lakin mütəxəssislər evlərdə xidmətçi kimi işləyən uşaqlar nəzərə alınmaqla bu rəqəmin 7 milyon nəfərə çatdığı bildirilir.

Araşdırmaçı Kamil Əhmədi bu sahədə statistika hazırlayanların yalnız küçələrdə müxtəlif işlərə cəlb edilən uşaqları nəzərə aldıqlarını deyir. Emalatxanalar və digər sahələrdə çalışan uşaqlar həmin araşdırmalara daxil edilmədiyindən 2-5 milyon rəqəmi göstərilir.

“Emalatxana, zavod və digər bu kimi müəssisələrdə çalışan uşaqlar ağır fiziki güc tələb edən işlər görürlər. Araşdırmalarda bu kateqoriyadan olan uşaqlar təəssüf ki, nəzərə alınmırlar. Küçələrdə işləyən uşaqların iş şəraiti və psixoloji vəziyyəti onlara nisbətən bir az yaxşıdır”, Kamil Əhmədi əlavə edib.

Tədqiqatçıya görə işləyən uşaqlardan bir çoxu ailələri ilə birlikdə işləmək üçün İrana gələn digər ölkə vətəndaşlarıdır. Zənnimizcə bu yanaşma heç də obyektiv sayıla bilməz. Çünki İranda yoxsulluq və ağır sosial-iqtisadi vəziyyət səbəbindən işləməyə məcbur qalan azyaşlı uşaqların sayı göstəriləndən də çoxdur.

2019-cu ilin avqust ayında Tehran valisinin müavini Şükrüllah Həsənbeygi yalnız paytaxtda 4 min məişət tullantısı yığan uşağın, onlardan da 80%-ə yaxının xarici ölkə vətəndaşları olduğunu bildirmişdi.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.