Rusiya şirkətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan dəmir yolunun İran ərazisindən keçən hissəsinin inşasında iştirak etməkdə maraqlıdırlar.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu sözləri Rusiyanın İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.
O bildirib ki, rəhbərlik etdiyi mərkəz sözügedən dəmir yolunun tikintisinə qatılacaq şirkətlərə xidmət göstərməyə hazırdır.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara buraxılıb.
Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin iqtisadi sanksiyalar və İran iqtisadiyyatının tənəzzül dövrünü yaşaması yolun tikintisinə ciddi maneələr yaradıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, yolun Rəşt-Astara hissə tikilib başa çatdıqdan sonra Körfəz ölkələri ilə Avropa arasında nəqliyyat əlaqəsi yaranacaq. Yüklər İranın Bəndər-Abbas limanına daxil olacaq, buradan isə qatarla Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya və əks istiqamətə daşınacaq.
Bu məsələdə İran, Azərbaycan və Rusiya tranzit yüklərin ərazilərindən keçməsində maraqlıdırlar və bu sahədə əməkdaşlıq edirlər.
Şərhlər bağlıdır.