21 AZƏR HƏRAKATINDAN DOĞULANLAR: DOKTOR NÜSRƏT BAQİRİ

Təbriz şəhərinin”Kərim xan meydanı” yaxınlığından keçənlərin diqqəti doktor Nüsrət Baqirinin həkimxana tablosuna cəlb olardı. Şəhərin birinci və ikinci nahiyələrində yaşayan ailələrin əksəri onunla daha yaxından tanış idilər. Hamı Nüsrəti nəcib insan, məharətli həkim kimi tərifləyərdi. Buna görə də onun həkimxanasına müraciət edənlərin sayı nisbətən çox idi.

Rza xan diktatorluğu dağıldıqdan sonra bura gələnlər sayı daha da çoxalmışdı. Həmin nayihələrin mütərəqqi fikirli adamları, xüsusilə faşizmə qarşı mübarizə aparanlar doktor Baqirinin həkimxanasında görüşər, danışar, daha səmərəli mübarizələr üçün fikir mübadiləsi edərdilər. O zaman bütün məmləkətdə, o cümlədən Azərbaycanın hər tərəfində yüksələn belə bir əhval-ruhiyyə azadixah qüvvələrin sürətlə birləşməsilə nəticəIənirdi. İran Xalq Partiyasının yaranması ilə doktor Baqiri də onun sıralarına daxil oldu. Azərbaycan Demokrat Firqəsinin təşkili zamanş doktor firqə üzvü olur və onun fəal təbliğatçılarından biri kimi çalışır. Azərbaycan xalqının inqilabi əzm və iradəsilə qalib gəlmiş 21 Azər hərəkatında fəal surətdə iştirak etdiyinə görə o, Azərbaycan Milli Məclisi tərəfindən “21 Azər” medalı ilə təltif edilir. O, Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin və firqənin bütün əmrlərini həyata keçirmək üçün gecə-gündüz çalışırdı.

Doktor Nüsrət Baqiri 1904-cü ildə (1283) Qaraçəmən mahalının Qızılca kəndində anadan olmuş, sonradan oxuyub savadlanmış və nəhayət, Tibb Universitetini qurtarmışdır. Özünün həkimlik məharətilə hörmət qazanmış doktor Baqiri xalq azadlığı uğrunda apardığı siyasi fəaliyyətinə görə, öz əqidəsində möhkəm və xalq işinə sadiq olduğu üçün ictimai xadim kimi şöhrət tapmışdır.

Məhəmməd Rza şahln işğalçı qoşunları Azərbaycana xaincəsinə basqın etdiyi zaman doktor Baqirinun evinə soxularaq, oranı qarət etdikdən sonra özünü də vəhşicəsinə sürüyə-sürüyə küçəyə çəkib daş və bıçaq vasitəsilə öldürmüşlər. Şah qoşunları cəlladların vəhşilikləri, doktor Baqirinin bütün ailə üzvlərinin gözləri qarşısında küçə ortasında işgəncələrlə öldürülməsi onun məslək yoldaşIarının xatirindən silinməyəcəkdir. Baqiri işgəncə altında cəlladlara dediyi: “Məhv olsun zülm və istismar, yaşasın azadlıq və səadət!”- sözləri indi də Azərbaycanda xalqın ürək sözləri kimi səslənməkdədir.

Təqdim etdi: Güləddin İsmayılov

Şərhlər bağlıdır.