“HÖRMƏTLİ RƏİSİ”, “AZƏRİ” SÖZÜNÜ İŞLƏDƏRKƏN DİQQƏTLİ OLUN, BİZDƏ AZƏRİCƏ DEYİL, TÜRKCƏ DANIŞANLAR VAR…”

İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ərəfəsində dövlət televiziyası namizədlərin debatını təşkil etməyə başlayıb. Azerbaycan-ruznamesi.org virtualaz.org-a istinadən xəbər verir ki, debatda mühafizəkarlardan prezidentliyə namizəd İbrahim Rəisi ilə milliyətcə azərbaycanlı olan islahatçı namizəd Möhsün Mehrəlizadə arasında İranda yaşayan azərbaycanlılar barədə polemika olub. Sosial və mədəniyyət sahəsində mövzuların müzakirə olunduğu debatda İbrahim Rəisi İran azərbaycanlılarının ona göstərdiyi “sevgi və ehitarama görə” təşəkkürlərini çatdırıb. Deyib ki, ilk debatdan sonra fərqli əyalətlərdən azərbaycanlılar onunla əlaqə saxlayıb və onların hüquqlarını müdafiə edəcəyinə dair vədlərinə görə təşəkkür çatdırıb.

İbrahim Rəisi: “Mənə sevgi və ehtiramlarını nümayiş etdirən azərilərə səmiyyət və kəramətlərinə görə təşəkkür edirəm”.

O, sosial ədalətin əhəmiyyətini vurğulayaraq deyib ki, qəbul edilən ədalətsiz və yanlış qərarlar cəmiyyət arasında sinifləşməyə, qütbləşməyə səbəb olub. “Hüquq və qanun ədalətə bağlı olmalıdır. Əgər ölkədə bütün enerjimizi ədalətin təşəkkül tapmasına sərf etsək cəmiyyətdə təbəqələşmə aradan qalxar”,-o bildirib.

İbrahim Rəisinin ardınca söz alan Mehrəlizədə çıxışında onun “azəri” sözünü işlətməsinə etiraz edib. “Hörmətli Rəisi, azərbaycanca danışanların onunla əlaqə saxlayaraq təşəkkür və sevgilərini çatdırdıqlarını deyirsiz. Mən Rəisinin “azəri” sözünə düzəliş vermək istəyirəm. Çünki ölkəmizdə azəricə danışanlar deyil, Qərbi və Şərqi Azərbaycandan Həmədan, Zəncan, İsfahan, Ərdəbil, Xorasan və Huzistana qədər İranın hər tərəfində türkcə danışanlar var. Hörmətli Rəisi “azəri” sözünü işlədərkən daha diqqətli olmalıdır”,-prezidentliyə namizəd rəqibinə bildirib.

Mehrəlizədə İranın ABŞ-la nüvə anlaşmasına geri dönməli olduğunu da deyib. Bildirib ki, İran xalqının müqaviməti ABŞ-ın planlarını pozub. Prezidentliyə namizəd seçiləcəyi halda İranda koronavirusa qarşı daha effektiv mübarizə aparacağını, 3 ayın içərisində bütün xalqın peyvənd  olunacağını deyib. “Bu gün hər koronavirus vaksini 10 dollardır. Əgər Səhiyyə Nazirliyi bu mafiya oyunlarını bir kənara ataraq özəl sektorun da vaksin gətirməsinə icazə versəydi xalq indi peyvəndlənmiş olardı”,-Mehrəlizadə bildirib.

Şərhlər bağlıdır.