ƏNVƏR BÖRÜSOYUN MƏTBU İRSİNDƏN YADİGARLAR

TEHRAN MOLLAKRATİYA REJİMİ NƏDƏN AZƏRBAYCANLILARI HƏDƏFƏ ALIB?

İran mollakratiya rejiminin din siyasəti ilə Azərbaycan Türklərini hədəfə almasının sirri…

İndi dünyanın harasında bir azərbaycanlı icması varsa, Tehran rejiminin yandaşı olan din xadimləri dərhal orada bir “şiə müsəlmanları” icmasını yaratmağa çalışır.

Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ İran mollakratiya rejiminə qarşı çox ciddi iqtisadi embarqolar tətbiq edib. Bununla da Tehran rejiminin illik 650 milyard dollar gəliri 340 millyarda enib. Prosesin bu axarla davam etməsi sonucu kimi yaxın illərdə İran adlı ölkənin milli gəlirlərinin 200 milyard dollara enməsi gözlənilir.

Yaranmış böhrandan çıxış nöqtəsi olaraq mollakratiya rejimi azərbaycanlıları hədəfə alıb. Bunun üçün Tehran, İsfəhan, Yəzd, Şiraz, Rəşt və digər universitetlərdə yeni araşdırma mərkəzləri yaradılıb. Eyni zamanda Ermənistan, Rusiya, Ukrayna və Orta Asiya masasında yer alan “erməni araşdırma mərkəzləri” ilə ortaq projelərə üz tutub. Tək amac Azərbaycan Türklərini mümkün qədər möhvumat bataqlığına sürükləməkdir. Türkiyə, Azərbaycan və Orta Asiya dövlətləri arasında iqtisadi, siyasi, mədəni, sosial və digər yönlərdəki interqrasiya prosesinin dərinləşməsi İran mollakratiya rejiminin “səssiz çöküşü” sayılır. Türk toplumları arasında yeni ixtilafların yaranması Tehran və İrəvan cütlüyünün strateji hədəfinin yeni mərhələyə qədəm qoyması deməkdir.

İsmaili və xaşxaşilər hərəkatının fədailər ordusu

Türk Dünyasının demokratik bir düzənlə gəlişməsinin qarşısını almaq üçün Tehran mollakratiya rejimi 40 ildir sınaqdan keçirdiyi oxlokratiya (güruhun hakimiyyəti) düzənini tətbiq etməyə çalışır. Buna görə də Azərbaycan Türkləri hədəfə alınıb. Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxstan, Ukrayna, Rusiya, Belorus, Moldova, Almaniya və digər ölkələrdə soydaşlarımız arasında “müsəlman şiələr” adlı qurumların inkişafına təkan verilməkdədir. Bunun üçün təməli XI-XII yüzilliklərdə İmam Qəzali tərəfindən qoyulmuş mövhumatçı “ilahiyyat” elminin gündəmə gətirilməsi, bunun ardınca “Ələmut Qalası” Hərəkatının tətbiq edilməsi, Ömər Xəyyam (ədəbi), Həsən Sabbah (terror) və Nizamimülk (dövlət hakimiyyətini qəsb etmək) düşüncə sisteminin uyğarlaşdırılması ən vacib şərtlərdən birinə çevrilməkdədir. Bütün bunlar ortaçağ dönəmində “ismaililər” və “xaşxaşilər” hərəkatlarının ideoloji təməli sayılır. Sirr deyil ki, 1991-ci ildə Tehranda çap olunan “Risalət” dərgisində o dönəmin xarici işlər naziri vəzifəsində işləmiş və bu gün özünü “Dünya Müsəlamanlarının dini lideri” (Vilayəti fəqih) adlandıran ayətullah Seyidəli Xameneyinin baş danişmanı Əliəkbər Vilayəti yazırdı: “Azərbaycan Respublikasının quruca adı İran dövləti üçün daim təhlükə mənbəyi olacaqdır. Biz bu ölkəni ya dindarlar, ya da uyuşdurucular ölkəsinə çevirməliyik”.

Göründüyü kimi, çağımızın mövhumatçı düzəni Tehran rejimi tərəfindən bu amacla yönləndirilir. Tarixdə adları “ismaili” və ya “xaşxaşilər” ordusu adlandırılan bu yanaşım indi adını dəyişərək “bəsici” və “hezbollah” kimi gündəmə gətirilmişdir. Hər iki hədəfin tək adı: “Din pərdəsi altında paniranizm və panfarsizmə qarşı gözlənilən təhlükələrin qarşısını almaq”dır. 40 illik İran mollakratiya rejimi addım-addım çökməyə başlayıb. Azərbaycan dövlətinə qarşı ölkə içində və yurd dışında möhvumatçı “dini müxalifət” strukturlarını yaratmaqla bu prosesin qarşısının alınmasına çalışılır. Tehranda “paniranizm” və “panfarsizm” strateji mərkəzləri çox yaxşı anlayırlar ki, iki yüz il öncədən fərqli Azərbaycan Türkləri daha bilincli demokratik düşüncə tərzinə sahib və milli mücadilənin hədəflərini yaxşı mənimsəyiblər. Ona görə də toplumun bilgisiz kəsimini öz tərəfinə çəkməklə demokratiya və “dindoşlar” arasında uçurum yaratmaqla iç savaşları dərinləşdirməyə çalışılır. Psixoloji baxımdan zərif və incə şəkildə bu prosesin gündəmə çıxarılması Tehran rejimi üçün həyati bir məsələdir.

Mövumat mollakratiya rejiminin tək silahıdır

Bu yaxınlarda ararılan sosial araşdırmalar nədəni olaraq bəlli olmuşdur ki, müsəlman dövlətlərin heç birində universitetlərin təhsil sistemi Harvard Universitetinin səviyyəsində deyil. Çünki müsəlman ölkələrində din və dindarlıq adı ilə sömürgə siyasəti aparıcı ünsürə çevrilib. Adicə Platonun Batıda minillər boyu tətbiq etdiyi ilahiyyat anlayışını 11-ci yüzildən bütün Doğuya din pərdəsi altında ifrat fars şovinisti “İmam Qazali” tətbiq edib. Ona qədər yunan və ərəb tarixi mövcud idi. Farsların kütləvi şəkildə Orta Doğuya köçü sayəsində hind fəlsəfəsi və ilahiyyat düşüncə sistemi ortaya çıxdı. Beləliklə islam dini xurafat düzəninə (boş inanc kultu) çevrildi. Din pərdəsi altında qədim fars-hind fəlsəfi sistemi beləcə yaranmışdır. Dinə tapınma bəhanəsilə ağlın özgürlüyünün qarışısı alınmışdır. Hədis adı altında hər şeyin din adamları tərəfindən qarşılığı olmadan qəbul edilməsi düşüncə sistemi yaranıb. Elmi və texnolojini dindən kənarda arayanları dinsiz olduqları konsepsiyasını irəli sürmüşdür. Buna görə də fars ideoloji sisteminin mənbəyi kimi bilinən İmam Qəzalinin “İhyau-ülumiddin”, “Kimyayi-səadət”, “Cəvahirül-Quran”, “Qəvaidül-əqaid”, “Kitabül-iqtisad fil İtiqad”, “İlcamül-əvam ən ilmil-kəlam”, “Mizanül-əməl”, “Dürrətül-fahirə”, “Əyyuhəl-vələd”, “Qistəsül-müstəqim”, “Təhafətül-fəlasifə”, “Məqasidül-fəlasifə”, “Əl-münkizü əniddəlal”, “Əl-fətəva”, “Xülasatüt təsnif fit-təsəvvüf”, “İlcamül-əvam” traktatları “paniranizm” və “panfarsizm”in din pərdəsi altında yer alan konsepsiyaları sayılır. Beləliklə də uyduru hind-fars təsəvvüf elmi icad olunub.

İnsanlığı qaranlığa sürükləmək siyasəti bax budur. Onun kitabları bəşəri inkişafı inkar edən ideoloji sistem deməkdir. Süni şəkildə həmin əsərlərə hətta islam fəlsəfəsi adı verilib. İslamiyyətin yaranmasından 400 il sonra hədis kitabı yazmış və ona dini don geyindirmişdir. Əslində bu hədislər qədim hind-fars düşüncə tərzindən ibarətdir. Onun kitabları sadəcə xəlifələrin diktatorluğu üçün vacib sayılmışdır. Sadə və avam adamları cənnət və cəhənnəm siyasəti ilə idarə etmənin təməl prinsipləri sayılır. Əbülqadsim Firdovsi “Şahnamə” əsərində türkləri açıq şəkildə aşağılamaq taktikası ilə necə hərəkətə keçdiyi bir dönəmdə, İmam Qəzali də dini risalələr yazmaqla bunu tətbiq etmişdir. Adını ayətullah, höccətül islam, siqqətül islam, müctəhid, mücəddid və digər dini rütbələr qoymaqla xurafatçı – mövhumatçı cameəni idarə etmək sistemi Tehran rejiminin aparıcı silahı deməkdir.

Diktaturanın hökm sürdüyü yerdə mövhumat hakimdir

O da bəllidir ki, bu gün din pərdəsi altında toplumun bilgisiz kəsiminin belə bir duruma düşməsinin başlıca səbəblərindən biri də özlərini elm xadimi, müxtəlif peşələrin sahibi sayan savadlı kəsimdir. Onların milli borcudur ki, cəmiyyətlə, mənsub olduğu sosial strukturlarla vətəndaş cəmiyyəti adı altında birgə fəaliyyət göstərsinlər. Bu günün adi bir susqunluğu sabahın iflası deməkdir. İflas günü çatdığında nə bir mütəxəssis, nə vətən, nə də dövlət bunun qarşısını ala bilməyəcək. Mövhumatçı və gerizəkalı cameənin siyasi iradə göstərərərk ayağa qalxması, dövlətə və millətə “ağıl dərsi” verməsi amansız olur. Bizlər neçə onilliklərdir Orta Doğuda, özəlliklə ərəb ölkələrində və İran adlı mollakratiya rejiminin timsalında görürük. Qadınların, qızların və oğlan uşaqlarının qul bazarlarında şəriət hökmü adı altında satılması, yaşam düzəninin hər növ inkişafdan geri qalması, diktaturanın hər addımda zəhər tuluğu kimi hamının başının üstündə qılınc kimi asılması insanlıq naminə rəzalətin dibi deməkdir.
Din siyasəti ilə İran mollakratiya rejiminin Azərbaycan Türklərini hədəfə almasının sirri budur. İndi dünyanın harasında bir azərbaycanlı icması varsa, Tehran rejiminin yandaşı olan din xadimləri dərhal orada bir “şiə müsəlmanları” icmasını yaratmağa çalışır. Heç bir şeydən bilgisi olmayan soydaşlarımızın qafasını dərhal gerizəkalı mövhumatla doldurmağa çalışırlar.

Bu proses demək olar ki, Rusiyada dərin köklərə qədər işlənilib. Azərbaycan Respublikasında demokratik təsisatlar son illər ərzində çökdürüldüyü üçün yurd dışında yaşayan soydaşlarımız arasında da bu düzən yox kimidir. Azərbaycan adlı bir dünyanın demokratik gəlişmə düzənindən məhrum edilməsi Gürcüstan, Dağıstan və zəncirvari şəkildə milli diasporumuza da sirayət edibdir. Bunun sonucunda isə ən böyük zərbə Güney Azərbaycana dəyib. Televiziya kanallarımızın beyinyuma siyasətində öndə getdiyi üçün cəmiyyət süni şəkildə “top” və “pop” anlayışlarının içində çapalamaqdadır. Bu gerizəkalı yanaşım tərzinin dəyişimi heç zaman gec deyil. Yetər ki, cəmiyyəti buna yönəltmək üçün imkanları səfərbər edə bilək. Son iki ildə ölkəmizdə dini ayin adı altında icra olunan “məhərrəmlik” və “ərbəin” mərasimlərinin, bir sıra tapınaqlara sığınmanın tək səbəbi milli maarifçilik yolunun demokratizmə söykənməməsidir.

Yaranmış durumdan çıxış nöqtəsi

Dövlət Statistika Komitəsinin 2016-cı il hesabatında qeyd olunduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 65 akademiki, 113 müxbir üzvü var. Bundan əlavə, elmi tədqiqat və işləmələrlə 23093 mütəxəssis məşğul olub ki, onların da 16137 nəfəri (70 faizini) tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsi var. Elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 9910 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışır. Onların 64 faizinin alimlik dərəcəsi var. Elmin sahələri üzrə çalışanların ümumi sayı 16 min 137 nəfərdir. Bu rəqəm balaca bir dövlət üçün çox böyük bir intellektual ordu deməkdir. Onların susqunluğunun sayəsində Azərbaycanda istənilən sahədə ictimai-sosial zümrələr inkişafdan geri qalırlar. Bundan əlavə ölkəmizdə 30 ali təhsil ocağı və 10 filial fəaliyyət göstərir. Bu yüksək təhsil ocaqlarında toplam 7 min nəfər tələbə təhsil alır. Deməli ölkəmizdə yetərincə yüksəkl dərəcədə intellektual səviyyəli gənclik mövcuddur. Bu nəhənglikdə intellektual gücümüz olduğu halda, İran adlı mollakratiya rejiminin əlində girinc qalmışıq. Çünki, demokratik düzənimiz yerində deyil.
Bu gün Azərbaycanda qəzet və dərgilərin, TV və radio kanallarının, internet saytlarının sayı 3 minə yaxındır. KİV-lərin azından 500-ü peşəkar səviyyədə fəaliyyət göstərir. O da bir gerçəklikdir ki, İran mollakratiya rejimi tərəfindən yönləndirilən KİV-lər daha etkindir. Dövlət tərəfindən dəstəklənən KİV-lərə olan marağın olmamasının tək səbəbi maarifçi mövqedə olmaması, demokratik fikir plürealizminə yer verilməməsidir. TV kanallar isə demək olar “zəhər tuluğu” mahiyyətini daşıyırlar. Gecə-gündüz cəmiyyətin qafasını yumaq, özləri kimi səviyyəsiz, intellektual anlayışıdan yoxsun hədəfləri sərgiləyirlər. Doğal olaraq yaranmış boşluqda İran mollakratiya rejimi bilincsiz insanlardan ibarət sosial güc toplamaq siyasətini yürüdür. Azərbaycanın bilincli insanlarının toplumla birgə çalışmaq, KİV-lərin bu prosesdə onlara dəstək olması həm də dünyanın dörd bucağında yaşayan soydaşlarımızı üçün örnəyə çevrilə bilərlər. Milli fəlakətimizin təməl prinsipləri budur. Bu boşluğu “Tehran mollakratiya rejimi”nin azərbaycanlıları hədəf götürməsinin sirri də budur.

Ənvər BÖRÜSOY,
“Hürriyyət” qəzeti

07 Noyabr, 2018 

Şərhlər bağlıdır.