“MƏN GÜRCÜSTAN ERMƏNİSİYƏM VƏ AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA SÜLHÜN TƏRƏFDARIYAM” – AVAKİMOV

Milliyyətcə erməni olan jurnalist Artyom Avakimov Tiflisdə (Gürcüstan) doğulub. Etnik mənsubiyyətinə baxmayaraq o, cəmi iki dəfə Ermənistanda olub. Azərbaycana isə heç vaxt səfər etməyib.

 

Bu gün o, azərbaycanlılarla ermənilər arasında sülhün tərəfdarı olanlardan biridir. 

Azerbaycan-ruznamesi.org Media.az-a müsahibəsində Avakimov, ən qısa zamanda əlaqələrin bərpa edilməsinin vacibliyini qeyd edib. Həmçinin, jurnalist Ermənistanın sülh müqaviləsi imzalamaqdan yayınmasının mümkün səbəblərindən danışıb.

“Hesab edirəm ki, əvvəllər işğal edilmiş və artıq azad olunmuş Azərbaycanın yeddi rayonu elə ilk növbədə, özü də çoxdan geri qaytarılmalı idi. Yalnız bundan sonra Xankəndi məsələsini, orada yaşayan həm erməni, həm də azərbaycanlıların rəyi nəzərə alınmaqla həll etmək olardı. Düşünürəm ki, çoxdan razılığa gəlmək mümkün idi”, – deyə jurnalist bəyan edib.

O, Ermənistan hakimiyyətinin Bakının uzun illər əvvəl irəli sürdüyü Qarabağ üçün mədəni muxtariyyət təklifini hansı səbəbdən rədd etdiyini anlamadığını bildirib.

“Təbii ki, bölgədəki kommunikasiyaların bərpasını alqışlayıram. Ölkələr və insanlar yeni reallığı qəbul etməli, tədricən əlaqələr qurmalıdır. Mən Gürcüstan ermənisiyəm və Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarıyam, bütün Cənubi Qafqazın, üç ölkənin iqtisadi inkişafının tərəfdarıyam. Eyni zamanda düşünürəm ki, Azərbaycanın, Ermənistanın və Gürcüstanın bir olmasını istəməyən üçüncü qüvvələr var. Axı biz birlikdə güclüyük”, – deyə Avakimov qeyd edib.

 

Şərhlər bağlıdır.