“Qız qalası” adlanan qədim abidələrə Qafqazda, Xəzərin və Qara dənizin şimalında, İranda, Türkiyədə və s. yerlərdə rast gəlinir. Onların ən məşhurları isə İstanbulda, Bakıda və Krımda yerləşənləridir. Bu qala və ya qullələrin mənşəyinə dair dünyanın müxtəlif ölkələrində saysız-hesabsız tədqiqatlar yazılıb. Ancaq onlar tarixi faktlardan çox müəlliflərinin subyektiv təsəvvürlərinə əsaslandıqlarına görə problem indiyədək açıq olaraq qalmaqdadır. Bakıdakı Qız qalası barədə ən geniş yayılmış versiya onun guya atəşpərəstlik abidəsi olması ilə bağlıdır. Belə halda sual yaranır ki, bəs digər regionlardakı Qiz qalalarının atəşpərəstliklə nə əlaqəsi ola bilər? Nəyə görə atəşpərəstlik məbədi “Qız qalası” adlanır? Həm də atəşpərəstlik məbədləri ənənəvi olaraq kvadrat şəklində olur və onların içərisində od yandırmaq üçün altar olur. Ancaq Qız qalasında bunlar da yoxdur. Heç onun ətrafında da təbii atəş əlamətləri yoxdur.
Əksər qədim abidələr kimi, Qız qalaları barədə də qədim mənbələrdə müstəqim məlumatlar yoxdur. Yalnız dolayı fakt və məxəzlər vasitəsilə onların izlərinə düşmək mümkündür. Bu isə tədqiqatın ən yüksək səviyyəsini tələb edir; bir tərəfdən tədqiqatçı qədim dövrə aid müxtəlif elm sahələri üzrə geniş məlumatlara malik olmalıdır, digər tərəfdən isə bu məlumatlardan düzgün istiqamətdə istifadə etməyi, onlardan dürüst nəticələr çıxarmağı bacarmalıdır. Alınan son nəticə isə yalnız o zaman düzgün sayıla bilər ki, o daxili ziddiyyətlərə malik olmasın və istənilən tənqidə elmi əsaslarla cavab verə bilsin.
İlk növbədə biz “qız” sözünün qədim mənalarını araşdırmalıyıq. Qədim türk sözlüklərindən aydın olur ki, qədimdə “qız” sözünün iki mənası olub: gənc qadın və quzğun quşu. Hun dövründən məlum olan “qırqız” etnonimində də “qız” sözü “quzğun” mənasında işlənib. “Qır” sözü isə indi də türk dillərinin çoxunda “bozqır”, “səhra”, “çöl” mənalarında işlənir. Deməli “Qırqız” etnonimi qədim türk dilində “çöl quzğunu” deməkdir. Bu ad indi bizim dildə “qırğı” formasında işlənir.Totem, onqon (əcdad ruhu) adları indi də Avstraliya aboregenləri arasında çox vaxt tayfa adları kimi işlənir (məs., kenquru tayfası). Qədim türklər totem və onqonlarına xilaskar, qoruyucu ruh kimi baxırdılar və öz tikililərinə, sığındıqları yerlərə də bu adı verirdilər ki, totem və onqonlar bir tilsim kimi onları qorusunlar.
İndi görək Qız qalaları qədim türk tayfalarındаn hansına mənsub olublar. Biz Qız qalalarının yayıldığı areala nəzər salarkən görürük ki, bu ərazilər 4-5-ci əsrlərdə Şimali Qafqazda və Şərqi Avropada gücle dövlət qurmuş və tez-tez müxtəlif Avropa ölkələrinə, eləcə də İran və Suriyaya qədər uzanan ərazilərə qarətkarlıq yürüşləri keçirmiş hunların (Avropa mənbələrində onlar “qun” adlanırlar) əraziləri və marşurutları ilə tam üst-üstə düşür. Məsələn, 447-ci ildə Atillanın qoşunları Konstantinopolu (İstanbulu) mühasirəyə alaraq, burada düşərgə salıb, şəhərə hücuma hazırlaşırdılar. Ancaq bir neçə aylıq mühasirədən sonra onlar böyük həcmdə bac almaq müqabilində geri qayıtdılar. Bakı ərazisindəki “sualtı qayalardan qalxan alovlar” barədəki məlumat da ilk dəfə hunların dilindən tarixə düşmüşdür. Bunu Roma səfiri Romul Atillanın qərargahında eşitmişdir. Akademik Dorn tərəfindən 19-cu əsrdə Bakıda toplanmış rəvayətlərdən birində də deyilir ki, Bakının əsasını Qunsar (və ya Xunsar) qoymuşdur. “Quni-sar” ifadəsi isə fars və tat dillərində məhz “quzğun qun” deməkdir. Səməd Vurğunda da “Tərlan oylağında sar ola bilməz” misrası vardır. Elə Qız qalasının özünün də başqa bir adı Qunsar qalasıdır. “Bakı” toponiminin ilk dəfə məhz 5-ci əsrdə “Atli Baquan” (tatların hunlara dediyi “Atli baqi-qun”, yəni “Atilla qun bölüyü” ifadəsinin qısa formasıdır) şəklində tarixə düşməsi də təsadüfi deyildir.
Konstantinopol yürüşünə Atillanın özünün başçılıq etməsi və burada da Qız qalası olması belə düşünməyə əsas verir ki, məhz Atillanın özünün mənsub olduğu tayfa “Qız hun” tayfası adlanırmış. Əslində isə hun tayfalarının ümumi adı “hun” yox, “ğun” (həmtayfa, qohum deməkdir) olmuşdur. Çunki qədim türk dilində nə “h”, nə də “x” səsi olub. Dillərində “ğ” səsi olmayan başqa xalqlar onlara hun, xun, qun demişlər. Ona ğorə də digər hun tayfaları bu qız (quzğun) tayfasına “qız ğun” (qız ğunlar) demişlər. Bu ifadə tədricən birləşərək, bir ada çevrildikdən sonra “qızğun”, ahəng qanununun tələbi ilə isə “quzğun” forması alır. “Yırtıcı quş” mənasında “quzğun” sözü ortaya çıxandan sonra isə “qız” sözü daha həmin mənada işlənmir və onun bu mənası unudulur. O, yalnız “gənc qadın” mənasında işlənməyə başlayır. Qız qalalarının adında yaranmış məna anlaşılmazlığının səbəbi də elə bu olur. Sonradan bu anlaşılmazlıq həmçinin Qız qalalarının mənşəyinə dair qızla (“gənc qadın” mənasında) bağlı olan məlum əfsanələrin uydurulmasına gətirib çıxarır.
Səyyah
Şərhlər bağlıdır.