İRANDAKI BÜTÜN XALQLARIN MILLI-DEMOKRATIK AZADLIQLAR VƏ DEMOKRATIYA UĞRUNDA MÜBARIZƏLƏRINƏ DƏSTƏK VƏ ONLARLA HƏMRƏY OLARAQ
1988-ci ilin sentyab ayında İranda “Ölüm komissiyası”nın qərarı ilə kütləvi şəkildə edam edilmiş siyasi məhbusları hörmətlə anırıq. Ruhları şad olsun.
1988 -ci ilin payızında İran cəmiyyətində dərin bir uçurum yaşandı. 1981-ci ildən zindanlarda siyasi məhbus statusu ilə saxlanılan 4485 nəfər bir ayın (sentyabr) içərisində kütləvi şəkildə edam edildilər. Amma onların hamısının adı və harada basdırıldıqları bu günə kimi də dəqiq bilinmir.
18 İyul 1988-ci il tarixində Ayətullah Xomeyni BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsini qəbul etməklə 8 il davam edən İran-İraq müharibəsinə son qoydu. O, özü bu Qətnamənin qəbul edilməsini o zaman “bir fincan zəhər içmək” kimi qiymətləndirmişdi.
Ayətullah Xomeyni Xalq Mücahidləri Təşkilatının İranın cənub və cənub qərb sərhədlərinə hücumlarını bəhanə edərək zindanlardakı siyasi məhbusların edamı haqqında fətva verdi. Amma İran əsilli tarixçi Yervand Abrahamian həmin hadisələrə fərqli bir mövqedən yanaşaraq yazır ki, həbsxanalarda siyasi məhbuslara qarşı təzyiq və repressiyalar atəşkəs qətnaməsinin qəbul edilməsindən düz bir gün sonra və Mücahidlərin hücumundan 5 gün əvvəl, yəni iyul ayının 19-da başlanmışdır. Trarixçi həmin gününhadisələrini belə şərh edir: “1988-ci ilin 19 İyul günü (Cümə günü) səhər saatlarında İrandakı böyük həbsxanaların divarları boyunca dəmir şitlər quruldu, qapılar bağlandı, telefonlar kəsildi, televiziya verlişləri dayandırıldı, həbsxanalarda məktub, qəzet və dərman paketləri yaymaqdan imtina edildi. Ziyarət saatları ləğv edildi və məhbusların həbsxanaların ətrafında toplaşan qohumları dağıldı. Məhbuslara kameralarında qalmaları, mühafizəçilər və işçilərlə danışmaqdan çəkinmələri əmr edildi. Aptek, emalatxana, qiraət zalları və həyət kimi ictimai yerlərə giriş-çıxış qadağan edildi”.
Ayətulla Müntəzirinin dediyinə görə, Ayətullah Xomeyni məsul orqanlara yazdığı məktubunda “Ölkənin şimalında, qərbində və cənubunda İraqın BƏƏS Partiyası ilə əməkdaşlıq edən münafiqlərin klassik müharibələrinə” işarə etməklə “silahlıların” və nifaq salmaqda israrlı olanlar”ın edamı barədə fətva verdi. Bununla belə həmin məktubun altında imza və möhür olsa da, tarixi qeyd edilməyib.
“Ölüm Komissiyası”
Sağ qalan İrəc Mesdağinin dediklərindən: “Evin zindanında edamlar bir neçə gün əvvəl 21 iyul 1988-ci il tarixindən başlamışdı. Gözlərimizi bağladılar və bizi Evin mikroavtobuslarına mindirdilər… Bizi təkadamlıq kameralara apardılar. Orada, adları oxuyarkən, gözlərimiz bağlı halda divara baxmalı və tək kameraya getmək üçün paltarlarlarımızı soyunmalıydıq. Səhər azanı hələ səsləndirilməmişdən işgəncə verənlərdən biri Məcid Qudusinin səsini tanıdım. O, qışqıraraq deyirdi ki, heç kimin bədəni örtülü qalmamalıdır və verilən majiklə hər kəs öz bədəninə adını və atasının adını yazmalıdır. Əgər kimsə başqa şəhərdən gəlibsə, həmin şəhərin adını da yazsın.
Təcridxanaya köçürüldükdən bir neçə gün sonra digərlərinin də adları oxundu. Yenə gözlərimiz bağlı halda bizi xüsusi məhkəməyə hazırlaşdırırdılar. Evin zindanının köhnə ofis binasına çatana qədər bir -birimizin ardınca getdik… İkinci mərtəbədə məhkəmə üçün bir otaq ayrılmışdı. Eyni binanın zirzəmisində dara çəkmək üçün qurğular yerləşdirilmişdilər”. O, Evin zindanına aid parkın qarşısında edam olunaraq hovuza atılmış məhbusların minlərlə tərlik və ayaqqabılarını gördü.
Məhkumların edamı barədə ailələrinə qısaca xəbər verilirdi. Əksər hallarda onların vəsiyyətləri barədə məlumatları qohumlarına təqdim etmirdilər.
Edam edilənlərin sayı və hadisənin miqyası bu günə qədər də tam aydın deyil. Edam prosesi və əksər şəhər həbsxanalarında ölənlərin sayı hələ də sirr olaraq qalır. İndiyə kimi fərqli edam siyahıları hazırlanmışdır, amma yenə də dəqiq statistika məlum deyil. Ayətullah Montazeri xatirələrində yazır: ” Ölkədəki məhbus kişi və qadınların təxminən iki min səkkiz yüz və ya üç min səkkiz yüz nəfəri – rəqəmin dəqiqliyinə şübhə edirəm-edam edildi”. Amnesty International 2500 addan ibarət siyahı dərc edib, amma itkilərin göstərilən bu saydan daha çox olduğunu qeyd edirlər. “Əsr-e nou” (Yeni əsr) saytında isə 4 485 nəfərin (şahidlərin dediklərinə əsasən sayı qeyd etməklə) adının qeydə alındığı bir siyahı var.
Səməd Bayramzadə
12.09.2021
Şərhlər bağlıdır.