Bir neçə gün öncə İranın “Kelid” qəzetində ölkədə hökm sürən yüksək yoxsulluq səviyyəsi ilə bağlı dərc olunan məqaləyə əlavə edilmiş şəkil böyük səs-küyə səbəb olub. Qəzet bu şəkildə yaşayış üçün lazım olan başlıca ərzaq məhsullarının yoxsulluq həddindən yuxarıda olduğunu təsvir edib. Lakin əsas diqqət çəkən və qalmaqala səbəb olan məsələ qırmızı rənglə verilmiş yoxsulluq xəttinin İranın ali rəhbəri Əli Xameneinin əli ilə çəkilməsi olub. Bundan sonra, daha dəqiq desək, noyabrın 8-də İranın Mətbuata Nəzarət Heyəti tərəfindən sözügedən qəzetin lisenziyasının və ya mocəvvizinin ləğv edilməsi barədə məlumat yayılıb. Bu, İranda mətbuat azadlığının pozulmasının göstəricisi olmaqla yanaşı, bir daha hökumətin yarıtmaz siyasəti nəticəsində ölkə əhalisinin düşdüyü acınacaqlı iqtisadi durumu bütün çılpaqlığı ilə göz önünə gətirib.
Belə ki, son bir neçə il ərzində İranda kəskin bahalaşma fonunda insanların yoxsullaşması, müxtəlif qida məhsullarının tapılmaması və ya qıtlığı, işsizlik, insanların zibil yeşiklərində yemək axtarması, evsizlik ucbatından küçədə və binaların damında gecələyən vətəndaşların sayının sürətlə artması və digər bu kimi xəbərlər tez-tez yayılmaqdadır.
Bu baxımdan noyabrın 1-də İranın Din və İqtisadiyyat Araşdırmaları İnstitutunun rəisi Fərşad Momeninin ölkənin Ali İctimai Tədqiqat Müəssisəsinin məsul şəxsləri və araşdırmaçıları ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər diqqət çəkir. İranın İSNA agentliyi tərəfindən işıqlandırılan bu görüşdə Momeni sözügedən müəssisənin yoxsulluq sahəsində apardığı araşdırmalara toxunaraq bildirib ki, son 3 ildə ölkədə yoxsulluq xəttindən aşağı yaşayan əhalinin sayı 2 dəfədən də çox artıb. “Bu barədə ciddi müzakirələr aparılmalı və araşdırılmalıdır ki, hansı amillər bu şokun meydana gəlməsinə şərait yaradıb” – deyə, o vurğulayıb. Mütəxəssisin sözlərinə görə, ölkənin son yüz illik tarixində yoxsulluğun bu sürətlə artdığı dövr müşahidə olunmayıb.
Momeni onu da əlavə edib ki, hazırda böyük şəhərlərin ətrafında əlverişsiz şəraitdə, necə deyərlər, gecəqondularda yaşayan insanların sayı İran əhalisinin 25%-ni keçmək üzrədir. Bundan başqa, ölkə rəhbərliyinin yanlış siyasətləri nəticəsində yoxsulluq xəttindən aşağı həddə yaşayan vətəndaşların sayı baxımından kənd yerləri şəhərləri üstələyir. Bu kimi ictimai problemlər isə təbii olaraq kəndlərin boşalması ilə yanaşı, ölkənin milli təhlükəsizlik və ya əmniyət sütununu silkələyir.
Harvard Universitetində təhsil almış və hazırda Virciniya Politexnik Universitetinin professoru kimi çalışan Cavad Salehi İsfahaninin oktyabr ayının əvvəllərində İran Ticarət-Sənaye Palatasının Araşdırmalar Mərkəzi tərəfindən yayılmış geniş hesabatında və raporunda bildirilir ki, son bir ildə daha 4 milyon İran vətəndaşı beynəlxalq səviyyədə qəbul olunmuş yoxsulluq xəttindən aşağı səviyyədə yaşayanların sırasına qoşulub, orta təbəqə hesab edilən təxminən 8 milyon nəfərin yaşayış səviyyəsi isə orta təbəqədən yoxsulluğa doğru tənəzzül edib. Qeyd edək ki, beynəlxalq standartlar əsasında yoxsulluq səviyyəsindən aşağı yaşayış kateqoriyasına gündəlik gəlirləri 5.5 dollardan az olan şəxslər aid edilir. İsfahani də yoxsullaşmanın kənd əhalisi arasında daha çox müşahidə edildiyini, həmçinin kənd sakinlərinin bu müddətdə adambaşına düşən xərclərini təxminən 30 faiz azaltmağa məcbur qaldığını vurğulayıb.
Uzun illər ərzində İran hökuməti ictimai təbəqələşməni və əhalinin sürətlə yoxsullaşmasını gizlətməyə və ya statistikanı gerçək rəqəmlərdən dəfələrlə aşağı göstərməyə çalışsa da, artıq, necə deyərlər, cidanı çuvalda gizlətməyin mümkünsüzlüyünü görüb, bu il avqustun 22-də cari iqtisadi vəziyyətlə bağlı ilk dəfə olaraq hesabat və ya rapor yaydı. İranın Əmək və Əhalinin İctimai Təminat nazirliyi tərəfindən hazırlanmış yoxsulluğun monitorinqi adlı bu sənədə əsasən, İran təqvimi ilə 1399-cu il ərzində, yəni 21 mart 2020-ci ildən 21 mart 2021-ci ilə qədər ölkədə yoxsulluq xətti 1 milyon 254 min tümənə çatıb. Göstərilən il ərzində İranda inflyasiya və ya təvərrom həddinin orta hesabla 36.4% olduğunu nəzərə aldıqda, cari ilin sonuna qədər yoxsulluq həddinin də kifayət qədər yüksələcəyi gözlənilir. Çünki cari ilin tir ayı ərzində, yəni 22 iyundan 22 iyula qədər İranda inflyasiyanın həddi 44%-i keçib. Bundan başqa, 1399-cu ildən bir il əvvəl ilə müqayisədə yoxsulluq xətti 38 faiz artıb və bu səviyyədən aşağı həddə yaşayan vətəndaşların sayı 36 milyon nəfərə çatıb. Nazirlik yoxsulluğun kəskin yüksəlməsinin qida məhsulları və mənzil qiymətlərinin sürətli artımından qaynaqlandığını bildirib. Sənəddə inflyasiyanın və iqtisadi geriləmənin əsas səbəbi kimi sanksiyalar və ya təhrimlər, eləcə də koronavirus pandemiyası göstərilsə də, əsas səbəb olan İran hökumətinin yarıtmaz siyasətlərinə toxunulmayıb.
Avqustun 25-də İranın nüfuzlu “Həmşəhri” qəzeti Əmək və Əhalinin İctimai Təminat Nazirliyinin sözügedən hesabatını dəqiq araşdıraraq, ölkənin 85 milyon vətəndaşından 26 milyon 700 min nəfərin yoxsul olduğunu təxmin edib. Qəzet ölkədə kasıblıq həddinin ötən ilin payızında son 10 ildə ən yüksək həddə – 31.4 faizə çatdığını da qeyd edib. Bu məlumatda İranda ən yoxsul bölgənin etnik bəluçların yaşadığı Sistan və Bəluçistan əyaləti olduğu vurğulanır. Belə ki, ölkədə iqtisadi məhrumiyyət içərisində yaşayan əhalinin ümumi göstəricisinin orta hesabla 31.4 faiz olmasına baxmayaraq, qeyd edilən vilayətdə bu rəqəm rekord həddə, yəni 62 faiz səviyyəsindədir. Eyni gündə İranın “Fərhixteqan” qəzetinin sözügedən rapor əsasında hazırladığı məqalədə qeyd edilirdi ki, hazırda ölkənin 31 əyalətindən 18-də yoxsulluq bütün ölkə üzrə orta yoxsulluq göstəricisindən yüksəkdir. Diqqəti çəkən əsas məqam odur ki, məqalənin daxilində yerləşdirilmiş diaqramda Qərbi Azərbaycan əyaləti 42, Ərdəbil 36, Həmədan 35, Zəncan və Şərqi Azərbaycan əyalətləri isə 31%-lik göstəricilərlə ardıcıl olaraq bu siyahıda 5, 13, 14, 19 və 20-ci yerlərdə qərarlaşıblar. Bu isə o deməkdir ki, Güney azərbaycanlıların yarıdan çoxu yoxsulluq xəttindən aşağı səviyyədə yaşayır.
Hələ 2019-cu ilin avqust ayının sonlarında İran parlamentinin Araşdırmalar Mərkəzi də yaydığı hesabatda ölkədə əmək haqlarının aşağı olması, sosial yardım və yeni iş yerlərinin yaradılması ilə bağlı projelərin səmərəliliyi ilə bağlı nəzarət və dəyərləndirmə mexanizmlərində mövcud olan boşluqlar və digər bu kimi məsələlər üzündən İranda mütləq yoxsulluğun artdığını qeyd etmişdi.
Durmadan pisləşən ağır ictimai və iqtisadi vəziyyətdə xalq kütlələrinin rejimi devirəcəyindən qorxan bəzi İran rəsmiləri ara-sıra həqiqətləri dilə gətirməyə çalışırlar. Məsələn, 13 mart 2018-ci ildə Məclisin ümumi iclasında çıxış edən millət vəkili Şəhab Nadiri ölkə əhalisinin 80 faizinin yoxsulluq səviyyəsində yaşadığını söyləmiş və buna görə o zaman Əmək və İctimai Təminat naziri olan Əli Rəbiini kəskin tənqid etmişdi. Nadiri ölkədəki vəziyyətin məsul şəxslərin yarıtmaz siyasəti və korrupsiya fəaliyyətindən qaynaqlandığını dilə gətirərək, bunu mühüm postlara təyin edilmiş səriştəsiz və layiq olmayan şəxslərin yanlış idarəetmələrinin nəticəsi kimi dəyərləndirmişdi.
Cari ilin aprel ayının 9-da İran Məsləhət Şurasının üzvü Əhməd Təvəkkülinin dedikləri isə İran hökuməti üçün sözün əsl mənasında həyəcan təbili hesab edilə bilər. O, mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanların ölkə əhalisinin 60%-ni təşkil etdiyini bildirmişdi. İran siyasətinin bu tanınmış siması demişdi: “Özümüzü aldatmayaq, ötən 40 il ərzində əhalinin hökumətə etimadı heç vaxt indiki qədər aşağı səviyyədə olmayıb”. Avqust ayının 15-də isə İranın İmdad Komitəsinin sədri Mortəza Bəxtiyari 2001-2019-cu illər arasında ölkə əhalisinin təxminən 33%-nin, yəni hər 3 vətəndaşdan 1-nin dolanışığının yoxsulluq xəttindən aşağı səviyyəyə düşdüyünü, 2011-ci ildə 950 min tümən olan yoxsulluq həddinin isə 2021-ci ilin mart ayının sonlarınadək 10 milyon tümənə yüksəldiyini bəyan edib.
Beləliklə, İranın müxtəlif qurumları və dövlət rəsmilərinin səsləndirdiyi statistik rəqəmlər arasındakı müəyyən fərqlərə baxmayaraq, bütün bunlar bir həqiqətdən xəbər verir: ölkə əhalisi hər ötən gün daha da yoxsullaşmaqdadır. Artan qiymətlər, ölkənin azalan gəlirləri, inflyasiya həddinin yüksəlməsi və digər bu qəbildən olan iqtisadi tənəzzül prosesləri fonunda İran vətəndaşlarının süfrəsi və qida rasionu getdikcə daha da məhdudlaşır. Təsadüfi deyil ki, oktyabrın 28-də İran Məsləhət Şurasının sədri Ayətullah Sadiq Laricani ölkədə inflyasiyanın sürətinin böyük narahatlıq doğurduğunu bildirib. Sözügedən qurumun iclasında çıxış edən Laricani dəhşətli bahalığın bir çox ərzaq məhsullarının əhalinin süfrəsindən yoxa çıxmasına səbəb olduğunu deyib, bunun üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb.
Lakin İran hökuməti ölkəni bu çətin vəziyyətdən çıxarmaq əvəzinə, hələ də milli sərvətləri müxtəlif ölkələrdə qurduğu proksi və ya niyabəti qruplara, eləcə də atom bombası əldə etmək üçün nüvə proqramını inkişaf etdirməyə sərf edir. Bununla da atom bombasının Sovet və ya Şurəvi hökumətini yoxsullaşmış vətəndaşlarının qəzəbindən xilas edə bilməyərək tarixin arxivinə getməsinə mane olmadığını unudur. Hələ 2019-cu ildə İran parlamentinin üzvü Cəlil Rəhimi Cahanabadinin bu ibrətamiz həqiqəti İran hökumətinə: “13 min nüvə və ya atom başlığına malik olmasına rəğmən, Sovet, yəni Şurəvi hökuməti Moskva küçələrində parça-parça oldu, təhlükəsizliyini və ərazi bütövlüyünü əldən verdi” – şəklində xatırlatmışdı, lakin ötən müddətdə vəziyyət tarixdə ikinci oxşar hadisəyə şahidlik edilməsinə daha da yaxınlaşıb.
Şərhlər bağlıdır.