İRAN CASUSLUQLA AZƏRBAYCANI HƏDƏLƏYİR 

SƏFİRLİK İZAHAT VERMƏLİ OLA BİLƏR - POLİTOLOQ

İranın Azərbaycanda həyata keçirdiyi ənənəvi missionerlik və casusluq siyasəti davam edir. Etibarlı mənbələrin verdiyi məlumata görə, İranın paytaxtı Tehranda keçirilən konfransda “Huseyniyyun” terror təşkilatının axtarışda olan və Azərbaycanda onlara cinayət işi açılmış üzvləri – Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədov fəxri qonaq kimi dəvət olunublar.

Qeyd edək ki, İran tərəfindən maliyyələşdirilən “Huseyniyyun” təşkilatı, 2018-ci ildə Gəncədə Yunis Səfərovun iştirakı ilə həyata keçirilən terror aktından sonra Azərbaycan hökuməti tərəfindən terrorçu təşkilatlar siyahısına alınıb. Təşkilat həmçinin əvvəllər Bakının Nardaran kəndində də bir sıra radikal dini təfriqəçilik törədərək, bu kimi müəyyən qanunsuz aksiyaların keçirilməsində təşəbbüs göstərib. Bundan əlavə, haqqında cinayət işi açılan və bu gün İran tərəfindən geniş miqyaslı tədbirlərə cəlb olunan Tohid İbrahimbəylinin rəhbərlik etdiyi “Huseyniyyun” təşkilatının, hətta Avropada da DAS (Demokratik Azərbaycanı Seç) adlanan bir qolu da mövcuddur.

Hazırda isə, Azərbaycanda radikal dini cərəyanlara dəstək verən “Huseyniyyun” terror təşkilatı və onun ən fəal üzvləri İranın tam mərkəzində tədbirin tərkib hissəsində yer almaqdadır. Məsələ həqiqətən də bir qədər ciddiyyət və həm də xeyli ziddiyyət doğurur. Ona görə ki, 3 gün öncə Azərbaycanla gərginliyin sona çatdığını bundan sonra diplomatik münasibətlərin yaxşılaşacağını deyən İran, Azərbaycana sanki mesaj verməyə çalışır.

EDNews.net  məsələ ilə bağlı politoloq Sədrəddin Soltanın da fikirlərini öyrənib. Onun fikirlərinin aktuallığını nəzərə alaraq azerbaycan-ruznamesi.org oxuculara təqdim edir.

“İlk növbədə fikrimi bildirməzdən öncə bunu qeyd etməliyəm ki, İran dünyada terrora dəstək verən ölkələrdən biridir. İran hakimiyyətinin Yəməndə Husiləri, Livanda Hizbullahı, Suriyada Bəşər Əsədi və s. ölkələrdə müxtəlif terror təşkilatlarını və bu istiqamətdə şübhəli bilinən şəxsləri himayə etməsi sirr deyil. Məhz buna görə, ABŞ-ın keçmiş prezidenti Corc Buş, ABŞ-ı şərr üçbucağından sayırdı, yəni üçbucaqdan biri Şimali Koreya, biri Kuba, digəri isə İran idi.

Bu gün İran terrorçuluq və casusluqda şübhəli bilinən başqa ölkə vətəndaşlarını himayəsi altında saxlaması, Azərbaycana qarşı perspektivdə bu tip qüvvələrdən istifadə etməkdir. Bir sözlə, İran onlardan Azərbaycana qarşı siyasi, ideoloji və digər məqsədlər üçün istifadə etməkdədir. Eyni zamanda, İran özünün yetişdirdiyi bu cür şəxsləri Azərbaycan tərəfinə verməməklə, belə qruplaşmalar qarşısında öz etibarını da qoruyub saxlamağa çalışır. Ümumiyyətlə İran bu tip şəxslərin əli ilə maraqlı olduğu ölkələrdə qarışıqlıq yaratmağa çalışır. Onlar İranın 5-ci kalon nümayəndələridir və İran bu tip adamları Azərbaycan tərəfə təhvil verməməklə, beynəlxalq normaları və qonşuluq prinsiplərini  pozur, eyni zamanda ölkənin daxili işinə müdaxilə edərək, Azərbaycanı hədələməyə çalışır. Halbuki, İran ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanı terrorçu qüvvələrdən istifadə etməkdə ittiham edirdi. Bu gün isə İran cinayətkar statusu almış şəxsləri himayə edərək, terrora dəstək verdiyini ortaya qoyur.

Onu da əlavə edim ki, İran İnqilabı Keşikçiləri Qvardiyası ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına daxil edilib. Yəni. bir ölkənin əsas hərbi qüvvəsi terrorçu təşkilatlar siyahısına daxil edilirsə, onun terrorda və casusluqda şübhəli bilinən şəxsləri müdafiə etməsi də qeyri-adi bir hal deyil. Bu, həm də İran hakimiyyətinin mahiyyətini açıb üzə çıxarır”.

Politoloq həmçinin, İranın cinayətkarlıqda ittiham olunan şəxslərin geri verilmədiyi təqdirdə, Azərbaycan tərəfinin ata biləcəyi addımlar barədə də fikir bildirb.

“İran tərəfinin həmin şəxsləri Azərbaycan tərəfə geri verməməsi, İranın Azərbaycan qanunlarına, onun ədliyyəsinə qarşı birbaşa hörmətsizliyidir. Belə bir addımı atmaqla, İran qonşu Azərbaycana hörmətsizlik göstərərək, diplomatik münasibətləri gərginləşdirməyə çalışır. Hesab edirəm ki, İran məsələni daha da ciddiləşdirərsə, Azərbaycan tərəfi İranın Azərbaycandakı səfirini məsələyə izahat vermək üçün çağıra bilər və Azərbaycan özünün İrandakı səfirini məsləhətləşmək üçün geri çağıra bilər”.

Şərhlər bağlıdır.