Bu deklarasiyanın mətni əlahəzrət şaha, Milli Şura Məclisinə (İran parlamentinə) və İranın başqa səlahiyyətli orqanlarına göndərilmiş və elə həmin gün, cümə günü, noyabr ayının 23-də xüsusi bir heyət vasitəsi ilə Sovet İttifaqının, ABŞ-ın, İngiltərənin, Fransanın Təbrizdəki konsulluqlarına təqdim edilmiş və onlardan xahiş edilmişdir ki, deklarasiyanın maddələrini təmsil etdikləri dövlətlərin nəzərinə çatdırsınlar.
Azərbaycanın bütün vilayətlərindən və royanlarından gəlmiş nümayəndələrin iştirakı ilə 1945-ci il noyabr ayının 20-21-də Təbriz şəhərində təşkil edilmiş Xalq Konqrsi özünün 4-cü iclasında yekdilliklə qərara aldı ki, aşağıdakı deklarasiyanı Iranın mərkəzi hökumətinə və dünyanın əzəmətli demokratik ölkələrinə (ABŞ, İngiltərə, Sovet İttifaqı, Fransa və Çin) göndərsin və həmin deklarasiyada Azərbaycan xalqı öz qanuni tələblərini aşağıdakı maddələr üzrə elan edir.
- Azərbaycan xalqı həcmi bu deklarasiyadan kənara çıxan saysız-hesabsız tarixi hadisələr və səbəblər nəticəsində milli dilə, adət-ənənələrə və xüsusiyyətlərə malikdir. Bunlar ona haqq verir ki, bütün dünya xalqları kimi İranın istiqlaliyyətinə və bütövlüyünə riayət etməklə Anlantik Xartiyasına uyğun olaraq öz müqəddəratının təyin edilməsində azad və muxtar olsun.
- Azərbaycan xalqının İranın başqa əyalət və vilayətlərinin xalqları ilə malik olduğu mədəni, iqtisadi və siyasi maraq və əlaqələri, indiki Iranın yaradılması və təsis edilməsində azərbaycanlıların göstərdikləri saysız-hesabsız fədakarlıqları nəzərə alaraq (həqiqətdə azərbaycanlılar İranı yaratmışlar) İranın istiqlaliyyətini və bütövlüyünü qorumaq üçün heç bir vəchlə hazır deyillər ki, öz qanuni tələblərini ayrılmaq prinsipləri əsasında həll etsinlər və İran sərhədlərinə zərər vursunlar.
- Azərbaycan xalqı özünün tam gücü ilə İranda məşrutiyyət (konstitusion) və Milli Hökumət şəklində olan demokratik bir rejimin qurulmasını istəyir.
- Azərbaycan xalqı İranın bütün ərazisində yaşayan başqa xalqlar kimi ictimai işlərin idarə edilməsində və öz nümayəndələrini göndərməklə, ədalətli vergilər ödəməklə mərkəzi hökumətdə iştirak etmək istəyir.
- Azərbaycan xalqı rəsmi şəkildə və açıq olaraq elan edir ki, bütün dünya xalqları kimi öz milli və daxili işlərini idarə etmək üçün İranın bütövlüyünə riayət etməklə Milli Hökumət təşkil etmək istəyir. Bu hökumət İran dövlətinin bütövlüyünə və istiqlaliyyətinə riayət etməklə Azərbaycanı demokratik prinsiplər və Milli Hökumət əsasında idarə edəcəkdir.
- Azərbaycan xalqı azadlıq və demokratiya yolunda çoxlu zəhmətlər çəkmiş və saysız-hesabsız qurbanlar vermişdir. Ona görə də istəyir ki, öz muxtar hökuməti demokratik əsaslara söykənsin. Bu səbəbdən Xalq Konqresi tərəfiindən təsdiq edilmiş daxili nizamnaməyə əsasən öz daxili Milli Məclisini (Parlamentini) seçəcəkdir və lazım bilir ki, Azərbaycanın daxili Milli Hökuməti Milli Məclis nümayəndələri arasından seçilsin və onların qarşısında məsuliyyət daşısınlar.
- Azərbaycan xalqı öz milli ana dilini çox sevir. Başqa bir dilin ona zorla qəbul etdirilməsi Azərbaycan xalqını sivilizasiya və tərəqidən saxlamış, onun milli mədəniyyətinin qarşısına sədd çəkmişdir. Bu lazım olmayan zorakı aktın qarşısını almaq və Azərbaycanın tərəqqisini təmin etmək üçün Xalq Konqresi Milli Heyətə tapşırmışdır ki, tezliklə Azərbaycan dili dövlət dili elan edilərək onun tədrisi bütün milli və dövlət tədris müəssislərində həyata keçirilsin.
- 150 min nəfərin imzası və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş 700 nəfərin iştirakı ilə təşkil edilmiş Xalq Konqresi Azərbaycan xalqının iradəsinə uyğun olaraq özünü Müəssislər Məclisi adlandırmış, Azərbaycanın daxili işlərini idarə etmək üçün 39 nəfərdən ibarət bir heyət seçmişdir. Bu heyətə tapşırılmışdır ki, milli məqsədlərin yerinə yetirilməsi üçün lazımi tədbirlər qəbul edib səlahiyyətli orqanlar ilə müzakirələrə başlasın. Eyni zamanda Milli Şüra Məclisinin (İran parlamentinin) seçkilərini həyata keçirsin. Axırda Xalq Konqresi İran dövlətinin rəhbərlərini və dünyanın böyük demokratik dövlətlərini yuxarıda göstərilənlərə cəlb edir və bildirir ki, öz məqsədlərini icra etmək üçün yalnız təbliğat və təşkilat vasitələrindən istifadə edəcəkdir və heç bir vəchlə qardaş qırğınına və qarşıdurmaya icazə verməyəcəkdir. Lakin əgər mərkəzi dövlət Azərbaycan xalqının qanuni haqqını silah gücü ilə aradan qaldırmaq istəsə, çarəsiz qalıb hansı qiymətə olursa-olsun öz hüquqlarını müdafiə edəcəkdir və axırıncı nəfərə qədər milli muxtariyyatını əldə etmək yolunda mübarizə edəcəkdir. Müəssislər Məclisi Milli Heyətə ixtiyar vermişdir ki, Azərbaycanın muxtariyyatını təmin etmək üçün daxili səlahiyyətli orqanlarla müzakirələr aparıb məsələni sülh və əmin-amanlıq yolu ilə həll etsin. Lakin Milli Heyətin heç bir vəchlə ixtiyarı yoxdur ki, yerli muxtariyyat və Milli Hökumət hüquqlarını nəzərə almasın və İranın bütövlüyü və istiqlaliyyətinə qarşı tədbirlər həyata keçirsin. Bütün demokratik dünyanın bunu bilməsini istəyirik ki, dünyada bütün gücü ilə öz hüququnu müdafiə etməyə qalxmış bir xalq vardır və bu xalq Asiyanın bir küncündə həqiqi azadlıq və demokratiya bayrağını qaldıraraq istəyir ki, öz milli gücü ilə azadlığını təmin etsin. Biz gözləyirik ki, İran dövlətinin və dünyanın demokratik dövlətlərinin səlahiyyətli orqanları bizim milli məqsədlərimizin həyata keçməsində Atlantik Xartiyasında göstərilmiş maddələr əsasında öz humanist köməklərini bizdən əsirgəməsinlər.
Ehtiramla,
Azərbaycan Xalq Konqresinin (Müəssislər Məclisinin) rəyasət heyəti:
Pişəvəri, Rəfii, Doktor Cavid, Qiyami, Şəbüstəri, Cövdət, Mükərrəm Turabi, Biriya, Ziyai, Hacı Mustafa Davudi, Seyid Musa, Hacı Əzim Xadimi-Milli, Şeyx Musa Keyvani, Vüsuq və Dilməqani.
“Azərbaycan” qəzeti (ADF orqanı), Təbriz, say 63, 25 noyabr 1945.
Səməd Bayramzadə,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq institutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.