Azerbaycan-ruznamesi.org kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Azərbaycan və İran arasında əldə olunmuş razılaşmaya əsasən Araz çayı üzərindən ikisi dəmiryolu, digər ikisi isə avtomobil yolunun tikintisinə başlanılır. Həmin dəmir və avtomobil yolları Azərbaycan ərazisindən Naxçıvana və əksinə yüklərin və sərnişinlərin daşınmasını həyata keçirəcək.
İran mediasının və Azərbaycan Telqaram-kanallarının yaydığı məlumatda deyilir ki, rəsmi Bakının Tehranla bu məsələdə anlaşması Ermənistanın Zəngəzur Dəhlizi məsələsində israrla şərtlə çıxış etməsidir. Belə ki, Ermənistan Naxçıvana Zəgəzur üzərindən yol verməyə hazır olduğunu, lakin bunu dəhliz olmayacağını, yolun hər iki başında gömrük məntəqəsi quracağını bildirib. Dünən Brüsseldə keçirilən görüşdə də baş nazir Nikol Paşinyan bu fikrini bir daha vurğulayıb.
Maraqlı məqam odur ki, İran üzərindən Naxçıvana yolun çəkilməsi məsələsi barədə dünən Ermənistana məlumat verilib. Bu barədə erməni nəşrləri yazırlar ki, İrəvan hökumətinin Brüsseldə inadından dönməməsini görən Bakının təmsilçiləri qarşı tərəfə bildiriblər ki, onların alternativləri var və yaxın günlərdə onun icrasına başlayacaqlar.
Qeyd edək ki, erməniləri narahat edən əsas məsələ odur ki, Azərbaycan İran üzərindən Naxçıvana dəmir və avtomobil yolu çəkərsə, Laçın Dəhlizi üzərində gömrük-keçid məntəqəsi quraşdırılacaq. “Hraparak” nəşri bildirir ki, əgər belə bir hal baş verərəsə, bu Laçın dəhlizinin öz statusunu itirməsi deməkdir və o dəhlizdən heç bir statusu olmayan yola çevriləcək.
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı belə məlum oldu ki, Azərbaycanın İran üzərindən Naxçıvana çəkəcəyi yeni yol Zəngilan rayonu ərazisindən keçəcək. Belə ki, Araz çayı üzərindən yeni yolun salınması bu istiqamətdə elə də çətin deyil. Çünki Araz çayının ən dayaz yerlərindən biri Zənginaldan keçən hissədə yerləşir. Digər tərəfdən, Zəngilandan Naxçıvana (Culfa) məsafə elə də çox deyil. Bu ən optimal marşrut kimi qəbul edilə bilər.
Həmçinin artıq Zəngilana avtomobil və dəmir yolunun çəkilməsi prosesi başa çatmaq üzrədir. Bu infrastrukturun hazır olduğu deməkdir. Yəni, Bakıdan çıxan qatar, avtobus və ya yük maşını Zəngilandan Araz çayını keçərək İran ərazisinə daxil olacaq, oradan da Naxçıvana qısa müddətdə yetişmək imkanı əldə edəcək.
Qeyd edək ki, belə bir marşrut Zəngəzur Dəhlizinə alternativ hesab oluna bilər. Azərbaycanın bu məsələdə alternativlər barədə düşünməsi yaxşı haldır. Əgər bu plan işə yarayarsa, o zaman Bakıya İrəvanla Zəngəzur Dəhlizi məsəsində danışmasına da gərək qalmayacaq.
Şərhlər bağlıdır.