El aşiqiyəm!
Mən öz vətənimdən ilham almışam.
Azad ölkə, azad el aşiqiyəm
Möhkəm iradəli təmiz ürəkli
Həqiqət adlanan yol aşiqiyəm.
Səadətin çırağını yandıran
Azadlıq bayrağını dalğalandıran
Fərhad kimi dağlar çapıb endirən
Yorulmayan polad qol aşiqiyəm.
Həmişə dünyada gün kimi qalan
Nurunu qaranlıq zülmətə salan
Qılıncın düşmənin qəlbinə çalan
Şir kimi pəncəli el aşiqiyəm.
Ədalət binasın ədl ilə quran
Zülm, əsarətin zəncirin qıran
Yadların önündə mərdanə duran
Əyilmyən möhkəm bel aşiqiyəm.
Var olsun Vətənim, ellər anası
Böyük azadlığın möhkəm binası
Bəşər taleyinin parlaq aynası
Günəşli, ulduzlu il aşiqiyəm.
Təbim var bulaq tək qaynayıb coşan
Cavan Hüseynəm, azad elə söz qoşan
Həqiqətdən söhbət açan, danışan
Baldan şirin ana dil aşiqiyəm.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946
Təqdim etdi: Səməd Bayramzadə,
AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.