QƏLƏBƏNI QAZANMAQ ASAN, SAXLAMAQ ÇƏTINDIR

Niyə indiyədək, yarım əsr boyu İran tarixində meydana gələn hərəkatlar və firqələr hamısı o az gərəklidir, nəticə verməyib və məğlub olub?

Bu mühüm ictimai suala cavab vermək öz vətəninin vəziyyətini yaxşılaşdırmağa çalışan hər bir mübariz və mücahid üçün çox əhəmiyyətlidir. Doğru-düzgün cavab əldə etmək üçün gərək ictimai və hədəfli bir cəmiyyətin ehtiyaclarının nə olduğuna baxaq.

Cəmiyyətin fərdləri gərək ümumi bir ictimai fikrə sadiq qalalar və bu ictimai fikirdə də gərək şəxsi mənafelər deyil, xalqın mənafeyi nəzərə alınsın. Eyni zamanda bu fərdlər gərək xeyriyyəçilik və fədakarlıqları ilə tanınmış olsunlar, öz məslək və hədəflərinin ardınca ciddi bir şəkildə getsinlər, boş həvəs ardınca düşməsinlər, bir bəhanə ilə kənara qaçmasınlar, hadisələrdən və çətinliklərdən qorxmasınlar, ölüm evinədək öz əqidələrinin ardınca getsinlər.

Keçmiş keçib getdiyindən və qəzetimizin tutumu imkan vermədiyindən çox müfəssəl yaza və keçmişdəki firqələr və hərəkatların məğlub olma səbəblərindən bəhs edə bilmirik. Amma, ola bilər ki, gələcəkdə bu mövzu barəsində müfəssəl bəhs edək. Bununla belə, bu tarixi mərhələdə böyük bir vəzifəni öhdələrinə götürmüş öz mübariz və qəhrəman yoldaşlarımıza yuxarıdakı xüsusiyyətləri özlərində gücləndirməyi tövsiyə edirik.

Deyildiyi kimi, qələbəni qazanmaq asan, saxlamaq çətindir. Firqəmizin üzvləri də bilməlidirlər ki, hələ bizim mübarizəmiz qurtarmayıb və bizim qarşımızda böyük bir vəzifə durur. O vəzifə İranı bütünlüklə istismarın pəncəsindən azad etməkdir. Bunu unutmamalıyıq ki, indi bizim nəsibimiz olan bu qələbələri əldə saxlamaq bizim üçün vacibdir və bu da o vaxt ola bilər ki, biz İranı tamamilə istismarın pəncəsindən xilas edib demokratik və milli bir hökumət quraq.

Yaşasın bizim mübariz, qəhrəman və qabaqcıl fədailərimiz!

Yaşasın bizim xilaskar Demokrat Firqəsi və onun rəhbərləri!

Həsən Cabbarzadə.

Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, 20.12.1945

Təqdim etdi: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Şərhlər bağlıdır.