XOCALI FACİƏSİ BARƏDƏ YENİ FAKTLAR

Xocalı faciəsi barədə yeni faktları özünün Fasebook səhifəsində “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru (2008), AzTv-də “Hərbi-vətənpərvərlik” şöbəsinin baş redaktoru (01.09.2016), “Zireh” və “Hünər meydanı” verilişlərinin müəllifi, Hərbi Jurnalistlər Birliyinin sədri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini (01.06.2017) Tamxil Ziyəddinoğlu paylaşmışdır.

Onun verdiyi məlumata görə, Xocalıda azı 3813 nəfər qətlə yetirilib, amma onlardan yalnız 613 nəfəri ictimaiyətə məlumdur, qalanları barədə erməni mənbələrində məlumat verilir.

Elə oradaca deyilir: “2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Davud Xeyriyan yazırdı: “Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var.

Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.

… Martın 2-də “Qaflan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən 1 km-liyində yandırdı”.

Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. Düşmənin informasiya təxribatı burada da işləyib. Mütəxəssislərdən xahiş edirik ki, Xocalı soyqırımı qurbanlarının sayının dəqiqləşdirilməsi üçün ciddi araşdırma aparsınlar”. Bəli, bu, Tamxil müəllimin hüquq-mühafizə və istintaq orqanlarına, bu sahədə çalışan mütəxəssislərə ünvanlanmış bir xahişidir!

Bununla bağlı Xocalı soyqırımını araşdıran peşəkar hüquqşünas, Azərbaycan Respublikası Hərbi Prokurorunun sabiq birinci müavini, 1988-1994-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən cinayətləri araşdırmaq üçün 2003-cü ildə yaradılmış birgə istintaq-əməliyyat qrupunun rəhbəri, hazırda isə Xızı şəhərinin prokuroru İlham Məmmədovun 2008-ci ildə “İRS” jurnalının 5-ci sayında getmiş “Bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq hüquqi məsuliyyətə uyğun olaraq dinc insanların qatilləri cəzalandırılmalıdır” adlı araşdırmasına müraciət etdim.

Onun adıgedən məqalsindən aydın olur ki, vaxtilə istintaq orqanları tərəfindən aparılmış araşdırmalar zamanı Ermənistanın Azərbaycana təcavüzü zamanı ən ağır beynəlxalq cinayətlərin törədilməsini təsdiqləyən faktlara baxmayaraq, şəxslərin cinayət məsuliyyəti prinsipi pozulmuş, müvafiq olaraq bu cinayətlərin törədilməsinə görə heç kim məsuliyyətə cəlb edilməmiş və əməllər özləri də beynəlxalq cinayət kimi qiymətləndirilməmişdir.

1988-1994-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü zamanı birincinin törətdiyi cinayətləri araşdıran Birgə istintaq-əməliyyat qrupunun rəhbəri İ.Məmmədov sözügedən araşdırmasında daha sonra qeyd edir ki, onun başçılıq etdiyi qrupun işlərinə rəhbərlk 2005-ci ilin may ayında Azərbaycan Hərbi Prokurorluğuna həvalə edilmişdir. Bundan sonra, 12 may 2006-cı ildə müharibə cinayətləri, insanlığa qarşı törədilmiş cinayətlər və soyqırımı ilə əlaqədar Konstitusiya Qanunu qəbul edilmiş və beləliklə, ölkənin cinayət hüququ beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Araşdırılan işin xüsusiyyətlərini, çoxlu sayda cinayət hadisəsini, təcrübəli və ixtisaslı kadr çatışmazlığını nəzərə alaraq beynəlxalq məhkəmələrin mövcud materiallarını araşdırarkən istintaq aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırılmışdır: Xocalı və Qaradağlıda baş vermiş soyqırım aktı üzrə; əsirlərə qarşı törədilən cinayətlər üzrə; mülki əhaliyə qarşı törədilən qətllər, deportasiya və terror hadisələri üzrə.

Bundan sonra isə Beynəlxalq hüquq normalarına uyğun olaraq, əvvəllər Xocalı şəhərində qırğınlar törətməklə başlanan və 1994-cü ildə icraatı dayandırılmış cinayət işi məhkəmə tərəfindən yenidən davam etdirilmiş və soyqırım cinayəti kimi qiymətləndirilmişdir.

Bu sahədə aparılan müvafiq araşdırmalar nəticəsində istintaq keçmiş Sovet ordusunun 366-cı alayının hərbi işçiləri də daxil olmaqla, Xocalıda mülki şəxslərin, o cümlədən qadınların, uşaqların və qocaların qətliamlarında iştirak edən cəmi 37 nəfərə qarşı ittiham irəli sürülməsinə əsas verən dəlil toplaya bilmiş və həmin  37 nəfərin də hamısı cinayət məsuliyyətinə cəlb edilmiş, materiallar isə İnterpola göndərilmişdir. Həm bu şəxsləri, həm də soyqırım komissiyasında çoxsaylı şübhəli şəxsləri müəyyən edən sənədlər toplanmışdır.

İnterpol təqdim olunmuş ittihamlarla razılaşmış və beynəlxalq cinayət törədərək saxalanımış şəxslərə münasibətdə Azərbaycan Respublikasının mövqeyini  qəbul edərək  onu 184 ölkədə yaymışdır.

Sonda qeyd etmək istəyirəm ki, Tamxil müəllimin “Xocalı soyqırımı qurbanlarının sayının dəqiqləşdirilməsi üçün ciddi araşdırma aparılması” barədə mütəxəssislərə ünvanlanmış xahişinin icrası yəqin ki, parlamentimizin müvafiq səyləri və qəbul edəcəkləri beynəlxalq səviyyəli hüquqi normativ aktlar əsasında araşdırılacaq və Xocalıda, eləcə də  Vətənimizin digər bölgələrində dinc əhaliyə qarşı cinayət törətmiş canilər təyin edilib tapılacaq və beynəlxalq hüquq normalarına uyğun da layiqli cəzalarını alacaqlar.

44 günlük Vətən müharibəsi və erməni qəsbkarları üzərində tarixi qələbəmizin nəticələri əsaslı olaraq deməyə imkan verir ki, erməni faşistləri və qəsbkarları tərəfindən dinc Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlərin səbəbkarları, canilər müəyyən ediləcək, tapılacaq və qanuna müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar. O gün çox yaxındadır!

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.