Rusiya ilə Ukrayna arasında davam edən müharibə və həftəsonu Yaxın Şərqdə baş verən hücumlardan sonra neft qiymətləri yeni həftəyə artımla başlayıb.
Azerbaycan-ruznamesi.org dövri mətbuata istinadən xəbər verir ki, Ukraynada müharibə ilk ayını doldurmağa hazırlaşarkən, investorların diqqətini Yaxın Şərqdəki hadisələrə yönəltməsi ilə neft qiymətləri yüksəldi.
ABŞ tipli xam neft və Brent markalı neftdə 3 faiz artım müşahidə olunub. Son hadisələrin təsiri ilə Brent neftinin qiyməti 111 dolları keçib.
Hazırda (Bakı vaxtilə saat 11-30-da) Brent neftinin qiyməti 111,25 dollardır. Bu gün qiymət artımı 3,44 dollar və ya 3,2% ətrafındadır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynanın fundamental məsələlərdə razılığa yaxın olduğunu bildirsə də, Ukraynanın yüksək səviyyəli rəsmilərinin açıqlamalarında Rusiyanın hücumların dozasını artırdığına diqqət çəkilib.
Rusiya-Ukrayna müharibəsi neft bazarlarına təsirini davam etdirərkən, Səudiyyə Ərəbistanından gələn xəbərlər də bazarı gərginləşdirib.
Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanının cənubuna göndərdiyi 9 pilotsuz uçuş aparatının (PUA) və bir ballistik raketin vurulduğunu açıqlayıb.
Husilərin sözçüsü Yəhya Seri verdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanının bəzi nöqtələrini, o cümlədən milli neft şirkəti Saudi Aramco-nun obyektlərini ballistik raketlər və İHA-larla hədəf aldıqlarını bildirib.
Çinin tədbirləri də yaxından izlənir
Neft tələbi baxımından Çinin Kovid tədbirləri yaxından izlənilir.
Ukrayna-Rusiya müharibəsinin təsiri ilə neft bazarlarında görünməmiş dalğalanma baş verdi və qiymət 10 dollara qədər yüksəldi.
Bazardan verilən son şərhlər neftdə volatilliyin bir qədər azaldığını göstərir. SPI Asset Management həmtəsisçisi Stiven İnnes bazarda volatilliyin müəyyən qədər azaldığını bildirib. Təchizat riskinin qorxduğu qədər olmadığını ifadə edən İnnes, Çinin Kovid strategiyasının qeyri-müəyyən olduğunu və bazarın OPEC-in hasilatı artırıb artırmayacağına fokuslandığını söylədi.
Şərhlər bağlıdır.