31 MART AZƏRBAYCANLILARA QARŞI SOYQIRIM GÜNÜ

Əziz izləyicilər, Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə 31 Mart 2022-ci ildə “Clubhouse” vasitəsilə “31 Mart azərbaycanlılara qarşı soyqırım günü” adlı konfrans təşkil olundu. Toplantı Təbriz vaxtı ilə saat 19:30 dəqiqədə başlayaraq, dörd saat davam etdi. Konfransın gündəliyinə üç  məruzəçinin çıxışları, iştirakçıların sorğuları, şərhləri və bir neçə video kliplər daxil idi. Məruzələr doktorlar Məhəmməd Rza Bağbani Kərimiyə, Səməd Bayramzadəyə və Sübhan Talıblıya həvalə olunmuşdu.

Konfrans Azərbaycan Demokrat Firqəsinin ABŞ-dakı məsulu Rəhim Şahbaziyə həvalə edilmişdi. ADF-nin sədri Rəhim Hüseynzadə tədbiri fəal izləyənlər sırasında  idi. Firqənin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşimi Cavanşır yenə dəyərli məsləhət və tövsiyələrini əsirgəmirdi. Ona Səriyə Ərdəbili, İsmayıl Xosrovşahlı və başqaları mövzu ətrafında şərhlərini verirdilər.

Öncə Azərbaycan Milli Hökumətinin Milli Himni canlı olaraq səsləndi. Sonra 31 Mart soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Səriyə Ərdəbili məruzəçilərin qısa bioqrafiyalarını otaq iştirakçılarının nəzərinə çatdırdı. Sonra söz doktor Məhəmməd Rza Bağbani Kərimiyə verildi. O, otaq iştirakçılarına Güney Azərbaycanda mart olayları barədə möhtəşəm, mövzuya aid hərtərəfli otaq iştirakçılarını bilgilər verdi. Doktor Bağbani 1917-ci ilin sentyabr aylarından başlayaraq, 1918-ci ilin aprel aylarınadək Güney Azərbyacanın bir çox şəhərlərinə də, o cümlədən, Urumiyə, Xoy, Salmasda baş verən qırğınların hərtərəfli şərhini verdi. Kürd Simitkodan tutmuş, qulağı kəsik Adranikədək, Petrosdan tutmuş Marşımonadək, asorilər, cilovlar, ermənilər tərəfindən baş verən soyqırımları, fakt və sənədlərlə nəzərə çatdırdı. 150 mindən artıq azərbaycanlının qətli haqqında söhbət etdi.

Doktor Bağbani bir çox kitab və qəzetlərdən statlar gətirərək, həmin qətliamları azərbaycanlıların türk, müsəlman, azərbaycanlı olduqları üçün öldürüldüyünü, hətta ermənilərin etirafları ilə təsdiqləndiyini bəyan etdi. Məruzəçinin dərin, mənalı çıxışından sonra söz doktor Səməd Bayramzadəyə verildi. Tanınmış alim “1915-ci ildə Osmanlı imperiyasında soyqırımına uğradıqlarını iddia edən ermənilərin yalanlarının ifşası” mövzusunda 40 dəqiqəlik möhtəşəm çıxış etdi.

Məruzəçi müxtəlif qaynaqlara, qəzetlərə, kitablara söykənərək, ermənilərin yalançı iddialarını rədd edərək bunadək ölülərin də sayını qurbanlar sırasına daxil olunduğunu, bunun hesabına saxta rəqəmlər təqdim etdiklərini ortaya qoydu. Doktor Bayramzadə Osmanlı imperatorluğunun nə qədər mərhəmətli olduqları, müxtəlif etniklərə fərq qoymadan, dövlət struklarında da erməni etniklərinə zaman-zaman yer verdiklərini statlarla vurğuladı. Birinci dünya müharibəsi dövründə baş verən həmin hadisənin mümkünlüyü şəraitində  qiymətləndirilə biləcəyinin gərəkliliyini qeyd etdi.

O, ermənilərin xarici dövlətlərinin qulluğunda olduqlarından, Osmanlı dövlətinə etdiyi xəyanətlərdən, müxtəlif xarici araşdırma mənbələrinə əsasən sənədlər ortaya qoydu. Bir sözlə, doktor Bayramzadə tarix boyu ermənilərin xarici kəşfiyatların xidmətlərində olduqları ucbatından Türkiyə türklərinə və azərbaycanlılara qarşı yalanşı iddiallarla, torpaq əldə etmə məqsədi ilə hər cürə yalan, şantaja, təbliğata əl atmalarını qeyd etdi.

Üçüncü çıxışçı doktor Sübhan Talıblı azərbaycanlılara qarşı adıçəkilən dövrdə İrəvanda, Zəngəzurda, Qubada, Şamaxıda, Bakıda baş verən erməni daşnaqlarının törətdiyi qırğınları tarixi sənədlərlə iştirakçıların diqqətinə çatdırdı. Məruzəçi bu gün soyqırıma məruz qalan azərbaycanlıların kütələvi məzarlarının tapıldığını iştirakçılara söylədi. O, rəqəmlərə və faktlara söykənərək bir çox soyqırıma məruz qalan soydaşlarınımızın məzarlıqları, o cümlədən Quba məzarlığı barədə konfrans iştirakçılarını məlumatlandırdı. Mart soyqırımında 700 min nəfərdən çox insanın qurban getdiyini və bunu müxtəlif mənbələrdə yazılanlar əsasında iştirakçıların diqqətinə çatdırdı.

Konfransın gedişatında otaq iştirakçıları müxtəlif suallar və şərhlərlə məruzəçilərə müraciət etdilər, qaneedici cavablardan məmnun qaldılar. Dörd saat davam edən tədbir Abdulla Əmir Haşimi Cavanşirin yekun sözü ilə başa çatdı. O, azərbaycanlıların soyqırımının təkcə 1917-1918-ci illərin hadisələri ilə əlaqələndirmədi. 1905-1906-cı illərdə, 1946-cı ildə “21 Azər” soyqırmı, 1992-ci ildə Xocalı soyqırımını xatırladaraq, Azərbaycanın düşmənləri olan millətçi fars, erməni, rus və digərlərinin böyük dövlətlər tərəfindən bu kimi cinayətlərə təşviq edildiyini misallarla əsaslandırdı. O, insani soyqırımı ilə bərabər azərbaycanlıların son yüz ildə mədəni soyqırıma məruz qaldıqlarını xüsusi vurğuladı. Konfrans Azərbaycan dövlətinin Milli Himni ilə başa çatdı.

Raportu hazırladı: Beyrək

Şərhlər bağlıdır.