“ARAN” BAKIDA YEKUN TƏDBİRİ KEÇİRTDİ

XALQIMIZIN QƏHRƏMANLIQ TARİXİNƏ NƏZƏR SALINDI

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində aprelin 12-də Bakının “Anatoliya” otelində keçirdiyi “dəyirmi masa”a ilə yekun vurub. Tədbirdə respublika paytaxtı ilə yanaşı Gəncə, Cəlilabad, Lerik, Salyan, Ağdam… digər şəhər və bölgələrdən gəlmiş, övladlarını Vətən yolunda qurban vermiş valideynlər, doğmalar və yaxın adamlar iştirak edirdilər. Tədbirə eyni zamanda ictimaiyyət nümayəndələri və media təmsilçiləri də qatılmışdılar.

Öncə söz verilən ictimai birliyin sədri İbrahim Hüseynov agentlik rəhbərliyinə belə mənalı və yaradıcı iş üçün göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi. Sonra Vətən Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri idarə edən Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov xalqın qələbə əzminə diqqəti çəkdi. O, iki Vətən müharibəsi arasındakı mənzərəni müqayisə edərək bildirdi ki, Birinci Qarabağ Müharibəsində şəhid olanlarımızın sayı 20 mindn çox idi. Təkcə Ağdamdan Vətən yolunda canlarını qurban verənlərin sayı 6 mini ötürdü. Lakin son müharibədə 3 minə yaxın itkimiz oldu. Göründüyü kimi fərq çox böyükdür. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibəyə ordu ilə birgə, müdafiə sənayesini, xalqı birgə sözün əsl mənasında hərtərəfli hazırladı. Düşmənin üzərində parlaq qələbə qazandıq. “Bu kitab üçün sözün əsl mənasında geniş zəhmət çəkilib. Bunun masştabını yaradıcı insan kimi mən yaxşı başa düşürəm. Bu qədər materialı bir yerə toplamaq, kitab halına salmaq asan iş deyil. Üstəlik gərgin yaradıcılıq zəhmətinə qatlaşmalısan. Bu mənada İbrahim Hüseynova, Zərdabi Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadəyə və başqalarına təşəkkür edirəm”.

Ə.Amaşov çıxışını bu sözlərlə bitirdi: “Nur içində yatın, Şəhidlərimiz! Allah sizlərə rəhmət eləsin!”

Jurnalist Rəhim Hüseynzadə kitabların ərsəyə gəlmə ideyasından danışdı: “Bu ideya mənə məxsusdur. Birliyin sədri və salyanlı ziyalılar təşəbbüsümü müdafiə ediblər. Üç cildi İbrahim Hüseynovun vəsaiti hesabına nəşr etdirmişik. Dördüncüsündə isə agentlik tərəfindən bizə dəstək göstərilib. Əminik ki, bu iş yarımçıq qalmayacaq. Bütün Azərbaycan şəhidlərinin həyat və döyüş yolu burada işıqlandırılacaqdır”.

R.Hüseynzadə eyni zamanda şəhid ailələrindən xahiş etdi ki, materialların daha maraqlı və məzmunlu alınmasına köməklərini əsirgəməsinlər.

Əməkdar jurnalist, Bu tədbirin keçirildiyi Nərimanov rayonunun Ağsaqqallar Şurasının sədri Bəbir Hüseynov bildirdi ki, mən Qarabağda doğulmuşam və torpaqlarımızın və sakinlərimizin yaşadıqları müsibətləri, döyüş səhnələrini gözümlə görmüşəm. Bayaq Əflatun müəllim  Ağdamdakı ilk döyüşlərdəki itkilərimizi sadaladı. Mən isə bunları gözümlə görmüşəm. Yaxşı orduya yaxşı sərkərdə lazımdır ki, qələbə qazanasan. Cənab Prezidentimiz İlham Əliyev simasında bunu bütün dünyaya sübut etdik.

Tarixçi-alim Araz Məmmədzadə Birinci Qarabağ müharibəsindəki iştirakını göz önünə gətirdi: “Növbəti müharibədə biz tamam fərqli mənzərənin şahidi olduq. Ötən müddətdən səmərəli istifadə olunduğundan itkilərimiz nəzərəçarpacaq dərəcədə azaldı. Bu hərb tariximizdə görünməmiş bir qələbə idi, cəmi 44 günə əldə etdik”.

İranlı Mühacirlər Yazıçılar Birliyinin üzvü, vətənpərvərlik mövzusunda silsilə şeirlərin müəllifi Tarıyel Pərdəşünas (Ümid) şəhid ailəsinin üzvü kimi hiss və həyacanlarını bölüşdürdü. Qızının simasında bu ağrıları yaşadığını dilə gətirdi. Gizir, istehkam komandiri Mayis Şahbəyoğlu Səmədovun igidliyindən danışdı, şəhidlərə həsr etdiyi şeiri söylədi.

Mərkəzi Elmi Kitabxananın Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri bu bilik ocağında saxlanılan nümunələrdən danışdı. O, bildirdi ki, mənim qardaşım polkovnik, şəhid Babək Səmidlinin əsgərlərə üç sözü vardı: “Əsgərlər, ya qalib olaq, ya şəhid olaq, ya qazi olaq! Başqa yolu yoxdur”.

Şərhlər bağlıdır.