ŞAM QAZAN HAMAMI TARİXİ ABİDƏLƏR SİYAHISINDAN ÇIXMAQ ÜZRƏDİR
KÖHNƏLİKLƏ YENİLİYİN SAVAŞI- “AZARANJOMAN” SAYTI YAZIR
700 il öncə Təbrizin qərbində, Acıçayın sahilində Qazan xanın əmri ilə Şam Qazan (Şənb-e Qazan) adlanan abidə tikilib. Bu abidənin yaxınlığında 12 başqa abidənin də tikildiyi bilinir. 12 abidə ilə birlikdə böyük bir komleksi təşkil edən bu abidələrdən bu gün yalnız Şam Qazan hamamı qalıb. Hamamın da Qacarlar dövründə yenidən bərpa edildiyi bilinir. Şam Qazan kompleksinin son yadigarı olan bu hamam acınacaqlı vəziyyətdədir.
Azerbaycan-ruznamesi.org “Azaranjoman” sayta əsasən verdiyi məlumatda hamamın acınacaqlı vəziyyəti bu abidənin tarixi abidələr siyahısından çıxarılmasına səbəb ola bilər. Bu hamam Qacar sülaləsinin son illərində yerli əhalinin yardımı və sərmayesi ilə tikilib. Hazırda bu abidə Oqaf idarəçiliyindədir lakin onun vəziyyəti günbəgün pisləşir.
Azərbaycanda yerləşən başqa tarixi abidələrin də acınacaqlı vəziyyətləri zaman-zaman gündəmə gəlir. Daha öncə Tikantəpə şəhərinin yaxınlığında yerləşən Suğurluq (Təxti Süleyman) abidəsinin də Ümumdünya irsləri siyahısındən çıxma təhlükəsi gündəmə gəlmişdi.
Azərbaycanlı fəallar və yerli medialar zaman-zaman Azərbaycanda olan tarixi abidələrin təbii və qeyri-təbii amillərin təsiri nəticəsində dağılmasına və cavabdeh qurumların buna laqeyd yanaşmasına etiraz edirlər. Ümumiyətlə gündəmdən çəkilməyən bu problem hələ ki həllini tapmayıb.
Şam Qazan məhəlləsi niyə vacibdir?
Təbrizin Şam Qazan məhəlləsi onun digər məhəllərinin olduğu kimi böyük keçmişə malikdir. Bu məhəllə keçmişdə Təbrizin yaxınlığında yerləşən Şam kəndidir. Lakin həmin kənd Elxanlıların hökmdarlığı dövründə böyüyüb vacib mərkəzə çevrilib. İlk dəfə Arqun xanın diqqət yetirdiyi bu kənd daha sonra Qazan xanın hakimiyyəti döründə dünya şöhrətli məkana çevrilib.
Hazırda var olan Şam Qazan məhəlləsi Təbrizin böyüməsi nəticəsində şəhərə daxil olan Şam Qazan kompleksinin qalıntılarının üstündə tikilib. Lakin bu gün o kompleksin qalıntıları tam şəkildə məhv edilib. Köhnə məhəllədən qalan tək yadigar isə onun tarixi hamamıdır.
Şam Qazan kompleksi Elxanlı hökmdarı Qazan xanın əmri ilə tikilib. O Mərkəzi imarətinin yaxılığında 12 başqa abidə də tikdirərək böyük bir kompleks yaradıb. Bu abidələr məscid, rəsədxana, xanəgah, hamam, dar us-səyyadə, dar uş-şəfa, beyt ül-kütüb kimi abidələrdən ibarət idi. Kompleksin mərkəzində isə 135 metr hündürlüyündə bir günbəz yerləşirdi. “Qubbe-yi Ali” adlanan bu günbəz bir zamanlar Mərv şəhərində yerləşən sultan Səncər günbəzindən də hüdür olaraq islam dünyasının ən uca tikilisi hesab edilirdi. 1304-cü il (h.703) Qazan xan öldükdən sonra bu kompleksdə dəfn edilib.
Fəzlullah Həmədaninin “Tarixi mübarəki Qazan! kitabında yazdıqlarına əsasən bu kompleks həm də bir təhsil mərkəzi idi. Eyni halda İbn Bətutə isə burada mədrəsə və zaviyələrin olduğunu deyir. Qazaniyyə adlanan bu kompleksdə dünyəvi və dini elmlərin tədris edildiyi bilinir.
Bu kompleks təbii amillər və savaşlar nəticəsində dağıdılıb. Günümüzə qədər qalan qalıntılar da cavabdeh qurumların laqeyd yanaşmaları nəticəsində acınacaqlı vəziyyətə düşüb. Hazırda Şam Qazan məhəllisinin əzəmətli keçmişindən yadigar qalan tarixi hamam da pis vəziyyətdədir.
Təbrizin başqa tarixi abidələri
Təbriz şəhəri parlaq keçmişi ilə tanınır. Fərqli abidələr, bazarlar, qalalar, məscidlər vs. Onun keçmiş zamanlardakı önəmli mövqeyini göstərir. Onun bazarı dünyanın ən zəngin bazarlarından olmuş qərb səyyahlarının diqqətinin cəlb etmişdir. 1321-ci ildə italiyalı səyyah Odrik Təbriz haqqında belə yazıb: “Təbriz şahanə şəhərdir. Ticarət baxımından dünyada Təbrizdən yaxşı şəhər yoxdur.” Təbriz eyni halda bağları ilə də tanınırdı. Osmanlı qoşunu ilə Təbrizə gələn Katib Çələbi Təbrizi bağlar ortasında bir şəhər kimi görüb və onu İstanbula oxşatmışdı.
Qazan xanın paytaxt seçdiyi şəhər qədər olmasa da, Təbriz Qacar sülaləsinin sonunadək öz əhəmmiyyətli mövqeyini saxlamışdır. Lakin Pəhləvilər dövründən başalayaraq Təbrizin zəifləməsi dövrü başlayıb. Pəhləvi hakimiyyəti məqsədyönlü şəkildə Qacar dövründən qalma tarixi abidələrin bir çoxunu məhv edib.
Bu tək Təbrizdə deyil, Azərbaycanın başqa yerlərində də belə olub. Pəhləvi şahı Rza şah öz həyat yoldaşı Tacülmülkə Qacar dörünü xatırladan bütün abidələr məhv olunmalıdır deyib. O dövrün başlaması ilə köhnə Təbriz yeni Təbrizdən ayrılıb.
Şərhlər bağlıdır.