ÇİN ÖLKƏ İLƏ ŞOK ANLAŞDI

BLOKADANI YARDI

“ABŞ Çinlə bağlı yeni “həyəcan təbili” çalıb. Pekin kiçik Solomon adaları dövləti ilə “təhlükəsizliklə” bağlı saziş imzalayıb. Çin bu ada dövlətinə təhlükəsizlik sahəsində dəstək verəcək. ABŞ və Avstraliya isə hesab edir ki, Çin təhlükəsizlik adı altında Solomon adalarında hərbi baxımdan möhkəmlənmək istəyir”.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə Çinin regional hədəflərinə diqqət çəkilib:

“Amerikanın nüfuzlu “Vaşinqton Post” nəşrinin məqaləsində beynəlxalq aləmin başının Ukraynaya qarışdığı müddətdə Çin lideri Si Cinpinin hiyləgər gediş etdiyi bildirilib: “Çin Sakit okeanda mövqelərini gücləndirir. Əgər Vaşinqton buna seyirçi qalmaqda davam edərsə, qarşısında böyük Çinin timsalında güc görəcək”.

Nəşr haqsız deyil. Çin və Solomon adaları arasında imzalanan sazişə görə, Pekin “əmin-amanlıq” yaratmaq adıyla həmin dövlətdə hərbi qüvvələrini yerləşdirmək hüququna malik olacaq.

Cəmi 800 min sakini olan Solomon adalarının Avatrsliya ilə də oxşar sazişi var. Belə olan halda Avstraliya nədən ehtiyat edir? Məsələ budur ki, Çin bu adalara yatırımlarını artırıb. Çin Solomon adalarının ən böyük investorudur. Çin hansı ölkəyə yatırım qoyursa, həmin ölkəyə siyasi təsir alətlərini də artırır. Bundan başqa, adalardakı icmaların Çin yatırımlarına etirazından ehtiyat edilir. Çin yatırımlarına ehtiyacı olan ada rəhbərliyi Pekinin təzyiqi ilə “təhlükəsizlik sazişi” imzalayıb. Çünki adadakı icmalar Çin şirkətlərinə problemlər yaradarlarsa, Pekin bu halda gücdən istifadə etmək hüququ qazanacaq. Pekin həm də ondan ehtiyat edir ki, ABŞ və Avstraliya Solomon adalarındakı icmaları Çinə qarşı qiyama qaldıra bilərlər.

Pekinlə imzalanan sazişə görə, Çin hərbi gəmiləri Solomon adalarındakı limanlara lövbər salmaq hüququna malik olacaqlar. ABŞ və Avstraliyanı ən çox qorxudan da budur. Vaşinqton və Kanberra hesab edir ki, Çin bu yolla Solomon adalarında hərbi bazalar formalaşdıracaq. Çin eyni üsulla Afrikanın kiçik Cibuti dövlətində də hərbi baza yaradıb. Çin əvvəlcə Cibutiyə onun ehtiyacı olan yatırımlarını qoyub, sonra şirkətləri fəaliyyətə başlayıb. Bundan sonra Çin Cibutiyə oxşar “təhlükəsizlik sazişi” imzalatdırıb, nəticədə bu kiçik dövlətdə Çinin hərbi bazası yerləşdirilib”.

Məqalədə vurğulanıb ki, Pekin Afrikanın digər kasıb dövlətlərində də eyni üsullarla yerləşməyə çalışır:

“Birinci mərhələdə yatırımları qoyulur, ikinci mərhələdə iqtisadi layihələrin icrasına başlanılır, son mərhələdə logistika adı altında hərbi bazalar yerləşdirilir.

Çinin Solomon adalarında möhkəmlənməsi ABŞ üçün ciddi problemlər yaradacaq. Birincisi, Pekin ABŞ-ın okeanlarda Çini blokadaya almaq siyasətini yarmağa müvəffəq olub. Çünki ABŞ və müttəfiqləri – Avstraliya və Yaponiya Çin hərbi gəmilərinin okenlarda üzmə imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Bunun üçün Çin hərbi gəmilərinə Sakit okeanın bütün ada dövlətlərinin limanlarına giriş qadağan edilməli idi.

Solomon adaları Çinlə birgə ABŞ və müttəfiqlərinin planlarını pozdu. İkincisi, Solomon adaları Avstraliya sahillərindən cəmi 1700 kilometr məsafədə yerləşir. Solomon adalarında Çin hərbi bazaları Avstraliya üçün təhlükə yaradacaq. Məsələn, İkinci Dünya Müharibəsində Solomon adalarının azad olunması üçün Avstraliya Yaponiya ilə müharibə aparıb. Çin isə müharibə aparmadan adalarda möhkəmlənmək imkanı qazanacaq. Üçüncüsü, Çin Solomon adalarına giriş vasitəsilə ticarət marşrutlarının şaxələnməsinə müvəffəq olacaq. Avtrasliya bu amili də özü üçün təhlükə sayır. Təsadüfi deyil ki, bölgə ölkələri – Avstraliya, Yeni Zelandiya, ABŞ və Yaponiya birgə bəyanat qəbul edərək, Çinlə Solomon adaları arasındakı sazişi Sakit okean bölgəsi üçün təhdid kimi qiymətləndiriblər.

Amerikalı ekspertlər Çinlə Solomon adaları arasındakı sazişin başlanğıc olduğunu düşünürlər. Onların fikrincə, Çin okeanlarda özünə başqa ada dövlətləri də tapacaq. Məsələn, Çinin kiçik Papua-Yeni Qvineya dövlətinə də yatırımları artıb”.

Şərhlər bağlıdır.