İRANDA “ACLAR ÜSYANI”

ETİRAZLAR SOSİAL PARTLAYIŞLA NƏTİCƏLƏNƏ BİLƏR

Buna səbəb İran əhalisi arasında yoxsulluğun kəskin artmasıdır. Hətta aclıq təhlükəsi ilə üzləşən insanlar ərzağa olan tələbatını ödəmək üçün küçələrdəki zibil qablarından yemək axtarırılar. Vəziyyətin dözülməz həddə çatması son günlər İranın müxtəlif bölgələrində çoxsaylı etiraz aksilayarının baş qaldırmasına səbəb olub. Ərzaq məhsullarının qiymətində müşahidə olunan artım isə narazlığa ciddi təkan verib. Əl-Əhvaz, Xəfaciyə, İze, İranşəhr, Mərivan, Qum və digər şəhərlərdə sakinlər küçələrə çıxıb.

Prezident İbrahim Rəisinin başçılıq etdiyi hökumət isə sosial-iqtisadi böhranın həlli ilə bağlı hər hansı tədbir görmür. Rəsmi Tehran problemin həlli kimi həbslərin və edamların artmasına üstünlük verir.

Etiraz aksiyalarının qarşısını almaq üçün İranın əksər şəhərlərinə, o cümlədən Təbriz şəhərinin mərkəzi meydanına xüsusi təyinatlı polis qüvvələri yeridilib.

İrandakı son vəziyyət 2017-ci ilin dekabr-2018-ci milin yanvar ayında İranda kütləvi nümayişlərə səbəb olmuş sosial-iqtisadi problemlərdən daha ağır böhran hesab olunur. Əhali arasında artan yoxsulluq artıq aclıq həddinə çatıb. Ona görə də İranda “acların üsyanı”nın baş verdiyini söyləmək olar. Proses hələlik siyasi müstəviyə keçməsə də, etirazların bütün İrana yayılması rejim və etirazçılar arasında qarşıdurmanın baş verəcəyi gözlənilir. Bu isə aksiyaların siyasi müstəviyə transfer etməsi ilə nəticələnə bilər.

Yaranmış durumu Cebhe.info-nun əməkdaşı Müşfiq Abdullaya şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, İrandakı etiraz aksiyalarının şüarlarını sosial tələblər təşkil edir. Ona görə də İranda dərin dəyişikliyin baş verəcəyi, yaxud bunun yaxın günlərdə böyük inqilaba çevrilməsi ehtimalı azdır:

“Onun siyasi dəyişikliyə gətirib çıxartması etirazların nə qədər davam etməsindən və ordunun, yəni İnqilab Keşikçiləri Qvardiyasının mövqeyindən asılı olacaq. Əgər İranda baş verən hadisələr fonunda ölkə rəhbərliyinin və ordunun bir hissəsi bu aksiyaları müdafiə etmirsə, deməli, bu etirazlar uğurla nəticələnə bilməz. Son aksiyalar İranda ciddi çalxalanmalara səbəb ola bilər. Amma onun mühüm siyasi nəticə doğuracağına inanmıram. Ancaq son vaxtlar İranda əmək haqlarının verilməməsi, bahalaşma böyük narazılığa səbəb olub. Bir neçə aydır əmək haqqı ala bilməyən müəllimlər aksiyalar keçirir. Bu, onu göstərir ki, İran hakimiyyəti ölkədə artan iqtisadi böhranla bacarmır. Yəni nüvə proqramı ilə bağlı İrana tətbiq olunan sanksiyalar, eləcə də İran rejiminin Ukraynadakı müharibə ilə bağlı Rusiyanı dəstəkləməsi fonunda tutduğu mövqe ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Qərb İran hakimiyyətinə enerji bazarında Rusiya neftini və təbii qazını əvəzləyəcək həcmdə neft və qaz çıxartmağı təklif etmişdi. Bu halda ABŞ İranın neft və qaz sektoruna tətbiq etdiyi sanksiyaları ləğv etməyə razı idi. Amma İranın bu təkliflə razılaşmaması vəziyyəti gərginləşdirdi. Əgər İran tutduğu mövqedən əl çəkməsə vəziyyət daha da ağırlaşacaq”.

Ekspert hesab edir ki, İran rejiminin siyasi maraqlarını əhalinin sosial-iqtisadi mənafeyindən üstün tutmaqla xalqa problem yaradıb:

“İran hakimiyyəti özünün yarımçıq siyasətini əhalinin sosial mənafeyindən üstün tutur. Çünki İran rəhbərliyi bilir ki, güzəştə gedəcəyi təqdirdə müxtəlif siyasi şüarlardan da imtina etməli olacaq. Yəni Rusiya-Ukrayna müharibəsində Rusiyanın fəaliyyəti həm də İranın fəaliyyəti kimi qəbul olunur. Bu müharibədə Rusiya, İran və Çin müttəfiqlik nümayiş etdirir. Rusiyanın da, İranın da arxasında Çin dayanır. Ancaq Çin İranın iqtisadiyyatına əvvəlki səviyyədə yardım edə bilmir. Eləcə də Çin Rusiyaya əvvəlki kimi açıq çəkildə yardım göstərə bilmir. Bu çatışmazlıqlar da İranın iqtisadiyyatında özünü göstərir. Yəni İranın iqtisadiyyatı tənəzzülə uğrayır. Rusiyanın işğalçılıq siyasətini müdafiə etdiyinə görə İranın iqtisadiyyatı tənəzzülə uğrayır, ölkədə sosial vəziyyət kəskin şəkildə pisləşir. Bunu İkinci Dünya müharibəsi ərəfəsində faşist Almaniyasının müttəfiqlərinin vəziyyəti ilə müqayisə etmək olar. Yəni Hitler Almaniyasının müttəfiqləri hansı durumda idisə, bu gün Rusiyanın müttəfiqləri də eyni vəziyyətdədir”.

Şərhlər bağlıdır.