VİDADİ MUSTAFAYEV:

TƏBRİZ-İRAN-TƏBRİZ

TƏBRİZ İRANI İŞIQLI DÜNYAYA ÇIXARIRDI, İRAN TƏBRİZİ GERİLİYİN MƏRKƏZİNƏ ÇEVİRMƏKLƏ MƏŞĞULDUR

Xülasə əvəzi

“ Mən sənə sevinc, sən mənə dərd verdin“

Giriş əvəzi

NANKORLUQ

İndiki İran və ona qonşu ərazilərdə 1000 ilə yaxın hakimiyyətdə olan türklər, xüsusən Səfəvilərdən başlayaraq, farsların bir etnos/xalq kimi formalaşması, mövcud olması və böyüyüb inkişaf etməsi üçün hər cür şərait yaratdıqları halda, cəmi son 100 ildə hakimiyyətdə olan farslar bütün səylərini Cənubi Azərbaycan türk/Azərbaycan xalqını bir etnos/millət kimi məhv etməyə yönəldiblər.

 TƏBRİZ TÜRK QACAR İRANINDA

Məlum olduğu kimi, Qacarların hakimiyyəti illərində (1794-1925) Təbriz İranın tərəqqiyə açılan qapısı və azərbaycanlılar müasir mədəniyyət elementlərini, yeni ictimai münasibətlər, yeni siyasi sistem haqqında ideyaları mənimsəyən, ötürən və real həyatda tətbiq etməyə səy göstərən subyekt rolunda çıxış edirdilər. Başqa sözlə, yenilikləri mənimsəyənlər, ötürücülər və tətbiq edənlər də azərbaycanlılar idi. İranda yeniklərin tətbiq edildiyi məkan Cənubi Azərbaycan idi. Burada tətbiq edilən yeniliklər sonra Tehrana, ordan da müəyyən sürətlə digər bölgələrə ayaq açırdı.Təkcə onu demək olar ki, XIX əsrin əvvəllərində İranda ilk Avropa tipli nizami ordu hissələrinin təşkili, top və silah istehsalının yaradılması, kitab və qəzet çapı, tərcümə işi, xaricə ali təhsilə tələbə göndərilməsi kimi yeniliklər Tərizdə və Cənubi Azərbaycanda başlanmışdır. XIX əsrin son rübündə və XX əsrin əvvəllərində İranda ilk üsuli-cədid\yeni tipli milli məktəb,ilk teatr,ilk siyasi təşkilatlar və daha nə qədər ilk mütərəqqi yeniliklər Təbrizdə başlanmış və oradan İranın mərkəzinə, daha sonra isə ölkənin digər bölgələrinə yayılmışdır. Cənubi Azərbaycanın və Təbrizin yeniləşdirici, modernləşdirici missiyasını yerinə yetirməsi bir tərəfdən mərkəzi hakimiyyətin türk\azərbaycanlı Qacar sülaləsinin əlində olması, Cənubi Azərbaycanın vəliəhdin hakimiyyət mərkəzi seçilməsi,digər tərəfdən həmin dövrdə Cənubi Azərbaycanın geosiyasi mövqeyi, eyni zamanda, ümumiyyətlə, türklərin yeniliklərə açıq olması ilə şərtlənirdi. Başqa sözlə, türklərin hakimiyyəti dövründə Təbriz ictimai, siyasi, mədəni, az-cox texniki yenilikləri əxz edən, tətbiq edən və bütün ölkəyə yayan mərkəz rolunda çıxış edirdi.

 TƏBRİZ FARS PƏHLƏVİ İRANINDA

a)Birinci Pəhləvi dövrü (1925-1941)

Təbrizin ictimai-siyasi, mədəni həyatın bütün sahələrində tərəqqi baxımından aparıcı roluna XX əsrin 20- ci illərindən,mərkəzi hakimiyyətin farsların əlinə keçməsiəndən sonra son qoyuldu. Rza şahın hakimiyyəti illərində yeridilən milli siyasət,daha doğrusu hakim millətçilik,şovinuist,zorakı assimilyasiya siyasəti Cənubi Azərbaycanı bütün sahələrdə geriləməyə məruz qalan bir əyalətə çevirməyə başladı. Farslar siyasi, mədəni və digər başqa məqsədlərlə Təbrizin hər hansı bir sahədə aparıcı rol oynamasına mane olmaq üçün bütün vasitələrdən istifadə etməyə başlamışdılar.Cənubi Azərbaycanı iqtisadi və mədəni baxımdan geri qalmış bir bölgəyə çevirmək siyasəti ilə kifayətlənməyən fars mərkəzi hakimiyyəti Azərbaycan xalqının milli varlığına və ya milli kimliyinə qarşı geniş və zorakı tədbirlər həyata keçirməyə başladı. Həmin siyasət nəticəsində nəinki Cənubi Azərbaycan siyasi, iqtisadi mədəni baxımdan geri qalmış bir bölgəyə çevrilirdi,həm də Azərbaycan xalqı zorakı assimilyasiyaya məruz qalan bir xalq taleyini yaşamağa məcbur edilirdi.

b)Müttəfiq qüvvələırin nəzarəti\işğalı dövrü(1941-1946 )

Fars hakim millətçilik siyasəti XXəsrin 40- cı illərində dünyada və İranda meydana gəlmiş böyük dəişikliklər şəraitində Cənubi Azərbaycanda geniş və açıq müqavimətlə üzləşməli oldu. Ölkədə və vilayətdə meydana gələn az-çox demokratik şərait azərbaycanlılara qarşı etnik və xüsusən dil genosidi siyasəti həyata keçirən hakim rejimdən narazı xalqın təşkilatlanmasına imkan yaratdı.Belə bir şəraitdə xalq sürətlə təşkilatlanaraq artıq 1945- ci ilin sonlarında öz Milli Hökumətini təşkil edə bildi. Mövcud olduğu cəmi bir ildə Milli hökumət Azərbaycanda demokratik əsaslarla təşkil edilən hakimiyyətin istər bölgənin,istərsə də Cənubi Azərbaycan xalqının üzləşdiyi bütün problemləri regionun və xalqın əsas maraqları baxımlndan həll etməyə qadir olduğunu əməldə nümayiş etdirdi.Milli hökumət bir ildən sonra bütün daxili və xarici irtica qüvvələrinin birgə səyi ilə devrilsə də, xalq tərəfindən yaradılan belə bir qurumun Azərbaycan ölkəsi və Azərbaycan xalqı üçün nə demək olduğunu əməldə nümayiş etdirərək gələcək milli azadlıq mübarizəsi proqramının əsas istiqamətini təşkil etdi. Yəni xalq artıq bilirdi ki, öz varlığını qorumaq və inkişaf etdirmək üçün yeganə bir yol var, o da müəyyən səviyyəli və formalı milli hakimiyyətə nail olmaqdır.

c)İkinci Pəhləvi dövrü(1946-1979)

Milli hökumət devrildikdən sonra Cənubi Azərbaycan və azərbaycanlılara qarşı hərtəfli təzyiqlər daha da güclənsə də, İranın dərinləşməkdə olan siyasi,iqtisadi,sosial börandan çıxmaq istiqamətndə atdığı addımlar bütövlükdə ölkənin və onun ayrı-ayrı regionlarının az-çox inkişafına şərait yaradırdı .

Həmin dövrdə Cənubi Azərbaycan iqtisadi və mədəni cəhətdən az-çox inkişaf etsə də, Azərbaycan xalqının bir xalq kimi məhv edilməsi prosesi –linqvosid\dil genosidi və etnosid \etnik genosid prosesi daha geniş miqyasda davam edirdi. Azərbaycan xalqına qarşı hərtərəfli təzyiq siasəti onun demoqrafik və sosial strukturuna ciddi mənfi təsir göstərirdi. Azərbaycandan mühacirət etməli olan azərbaycanlıların əksəriyyəti İranın böyüməkdə olan şəhərlərində ixtisaslaşmamış əməklə məşğul olan təbəqənin sıralarını doldururdu və daha asan assimilyasiyaya uğrayırdı.

Bütün bu və digər səbəblər Təbrizin və azərbaycanlıların İslam və ya antimonarxist inqilabında ən fəal şəkildə iştirakını və hətta həll edici rol oynamasını (əsl inqilab şah rejiminin fəqərə sütununu sındıran və ilk dəfə “şaha ölüm” şüarı səsləndirilən 18 fevral 1978-ci il Təbriz üsyanı ilə başlanmışdı) şərtləndirmişdir.

TƏBRİZ İSLAM İRANI DÖVRÜNDƏ

Antimonarxist/İslam inqilabından sonra nəinki Cənubi Azərbaycan Qacarlar dövründəki mövqeyinə yaxın bir status əldə edə bilməmiş, həm də azərbaycanlılara qarşı etnik və linqvistik genosid siyasəti daha müasir üsul və geniş miqyasda davam etdirilmişdir. Bunula belə, İranın yeni İslami hakimiyyəti Cənubi Azərbaycana və Cənubi azərbaycanlılara etinasız qalmadığını göstərmək üçün bölgə və onun əhalisini dini hakimiyyət və dinin dayağı qismində görmək siyasəti yeritmək görüntüsü yaratmağa başlamış və həmin siyasəti daim gücləndirmək və genişləndirmək səylərini davam etdirir. Hakim rejim Təbrizin şiə dövlətinin ilk paytaxtı olduğu fikrini geniş təbliğ edərək onu Cənubi Azərbaycanın,hətta türk dilli ölkələrin dini (şiə)-mədəni mərkəzinə çevirmək planlarından bəhs edir. Bunun üçün ilk növbədə burada dinin mövqeyini möhkəmlətmək siyasətinin yeridilməsinə xüsusi önəm verilir.

Cənubi Azərbaycanı və xüsusən də Təbrizi dini hakimiyyətin dayağına çevirmək siyasəti, deyəsən, ilk bəhrələrini verməkdədir. Belə ki, İranda sistemdə təmsil olunan hakim dairələr arasında yaranan və dərinləşən ziddiyyətlər 2009-cu ildə növbəti prezident seçkilərindən dərhal sonra özünü ən geniş və kəskin şəkildə göstərmişdir. Seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən islahatçı adlandırılan qüvvələri orta təbəqələrin geniş kütlələri dəstəklədiyindən dinc etiraz aksiyası zorakılıqla müşaiyət olunmuş və ölən və yaralananlar olan qarşıdurmaya çevrilmişdi. Baş vermiş ən geniş etiraz çıxışları hakimiyyət tərəfindən mövcud siyasi sistemə qarşı,onun devrilməsinə yönəlmiş üsyan, qiyam adlandırılırdı. Həmin il baş verən ən iri miqyaslı siyasi etirazlar və qarşıdurmada və ondan sonra demək olar ki, xroniki hal alan və əsasən sosial tələblərlə meydana gələn və müxtəlif zaman və məkan miqyası,qarşıdurma dərəcəsi və s. fərqlənən etiraz çıxışlarında, xüsusən 2018, 2019, 2020-ci illər aksiyalarında Cənubi Azərbaycan və Təbriz, mərkəzi və yerli hakimiyyət orqanlarının böyük səyi,yəni təzyiqi nəticəsində, nəinki iştirak etməmiş, əksinə həmin çıxışlara qarşı hakimiyyət tərəfindən təşkil edilən nümayişlərdə ən fəal şəkildə iştirak etmişdir. Bununla yerli və mərkəzi hakimiyyət orqanları Cənubi Azərbaycanın və xüsusən də Təbrizin siyasi sistemin, ruhanilərin, dini hakimiyyətin və bütövlükdə dinin dayağı olduğunu nümayiş etdirirdilər.

Cənubi Azərbaycanın, xüsusən də Təbrizin, dinin dayağına çevrilməsi siyasəti də tədricən özünü göstərməkdədir. Bu hər şeydən əvvəl təbrizlilərin qonşu ölkələrdə yaşayan dindaşlarının guya pozulan hüquqlarının qorunmasına yönələn etiraz aksiyalarında çox fəal şəkildə iştirak etməsində, İranın xaricdə-İraq, Suriya və b. yerlərdə müqəddəs dini məkanların/hərəmlərin müdafiəsi məqsədilə təşkil etdiyi silahlı dəstələrin tərkibində təmsil olunmasında, Yəməndə şiə üsyançılarına yardım göstərməkdə, Fəəstinin İrandan asılı HƏMAS siyasi-hərbi təşkilatının müdafiəsinə yönəlmiş siyasətin fəal icraçıları kimi iştirak etməsində və s. özünü göstərir.

Bundan əlavə, İranda şiəliyi dövlət dini etmiş Səfəvi sülaləsinin meydana gəldiyi məkan kimi Ərdəbildə, Şiə dövlətinin ilk paytaxtı kimi Təbrizdə və İranda fəxrlə Məhərrəmliyin paytaxtı adlandırılan Zəncanda dini ayin və mərasimlərin hər il getdikcə daha geniş şəkildə keçirimləsinə xüsusi diqqət yetirilir.

Deyilənləri bu il (1401/2022) Təbrizdə keçiriləcək Regional Məhərrəm Poeziya Konqresinin afişasının təqdimatı(16.04.1401/07.07.2022) mərasimi haqqında hesabat da təsdiq edir. Hesabatdan görünür ki, Təbriz Məhərrəm poeziya konqresi/qurultayı keçirmək ənənəsinə arxalanaraq, bu dəfə ostan/viayət miqyasında deyil, regional miqyasda belə bir tədbir keçirməyi guya müstəqil şəkidə qərara alıb.Hesabatda bu barədə Məhərrəm Regional Poeziya Konqresinin məsul katibi Əli Şəhudi deyir: ”Təbrizdə keçirilən Məhərrəm Poeziya Qurultayı uzun tarixə malikdir. İslam İnqilabından sonra Ustad Cəlal Məhəmmədinin bənzərsiz səyləri ilə şəhərimizdə keçirilir”.

Məhərrəm Poeziya Regional Konqresinin elmi katibi,yuxarıda adı çəkilən ustad Cəlal Məhəmmədi isə deyir: ”Təbriz şiələrin ilk paytaxtı, İranda şiə milli birlik hökumətinin təməl bazası olub və onun dini ədəbiyyat tarixi İran ədəbiyyatı və şiə dünyası tarixində parlaq səhifələrə malikdir…. İslam Republikası dövrü ayin və Aşura poeziyasının ən çiçəkləndiyi dövrdür”.

Qeyd edildiyi kimi, əvvəlki illərin təcrübəsi və nailiyyətlərindən ilham alaraq, bu dəfə tədbir regional səviyyədə həyata keçirilir.Regional dedikdə Cənubi Azərbaycanın əsas vilayətləri/ostanları – Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil vilayətləri, bəzən həmçinin Zəıncan vilayəti də nəzərdə tutulur.Maraqlıdır ki, İranda Azərbaycan vilayətləri ifadəsi əvəzinə, əsasən, Şimal-qərb vilayətləri terminindən istifadə edilir. Qeyd edildiyi kimi, bura çox zaman Zəncan vilayəti aid edilmir.

Bizə məlum olduğu qədəri deyə bilərik ki, qeyd edilən qurultay Cənubi Azərbaycanın əsas vilayətlərini əhatə edən yeganə və bəlkə də ilk dini-mədəni tədbirdir. Çünki indiyə kimi Cənubi Azərbaycanın tarixi, mədəni həyatına və digər sahələrə həsr edilmiş və həmin vilayətləri əhatə etmiş regional tədbir haqqında məlumata rast gəlinməmişdir.

Şərqi Azərbaycanın Regional Məhərrəm poeziya qurultayının təşkilatçıları qismində guya ancaq vilayətdə mövcud olan orqanlar-

İslam Təbliğat Baş İdarəsi

Sənətçilərin/incəsənət xadimləri və işçilərinin/Bəsic Təşkilatı

[Sepahın Şərqi Azərbaycanda yerləşən] Aşura Korpusunun aşağı təbəqələr bəsici təşkilatı çıxış edirlər.

Nəzərə alınsa ki, bunlar mərkəzi qurumların yerli idarələridir, onda göstərişin haradan gəldiyi məlum olar. Afişanın təqdimatından aydın olur ki, qurultay həm mövzu, həm iştirakçılar baxımından qarşısına böyük ideoloji-təbliğati məqsədlər qoymuşdur. Həmin məsələlər haqqında geniş danışmazdan əvvəl, iki cəhətə diqqət yetirmək zəruri görünür.

Bunlardan birincisi, Qurultaya təqdim ediləcək şerlərin mövzuları siyahısında Azərbaycan Respublikasının da adının keçməsidir.Yəni qurultayda iştirak edən şairlər “Azərbaycan Respublikasında şiələrin müqaviməti” mövzusunda şerlər göndərməlidirlər. Qurltay təşkilatçıları Azərbaycan Respublikasında şiələrin müqaviməti adlı mövzu fikirləşəndə nə nəzərdə tutduqları yəqin ki, özlərinə məlumdur. Azərbaycan Respublikasında istər Əsas qanu və digər qanunvericilik aktları ilə, istərsə də real ictimai,mədəni həyatda bütün insanların demokratik hüquq və azadlıqları, o cümlədən vicdan və etiqad azadlığı, elan və təmin edilirsə, onda kim, kimə və niyə müqavimət göstərməlidir? Bəlkə, təşkilatçılar İranın bir sıra radikal dairələrinin Azərbaycan dindarlarına ekstremist meyllər aşılamasına hakimiyyətin mane olmasına buradakı tərəfdarlarının müqavimətindən bəhs etmək istəyirlər. İstənilən ölkədə daxili sabitliyin pozulmasına yönəlmiş xarici təsirə qarşı kəskin mübarizə aparıldığını bilən təşkilatçılar, qeyd edilən mövzunu tədbirin gündəliyinə daxil etməklə Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmək istədiklərini təsdiq etmiş olurlar.. Əgər belədirsə, təbii ki, belədir, deməli, Qurultayın keçirilməsindən əsas məqsədlərdən biri Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq, Cənubi azərbaycanlılar arasında Azərbaycan Respublikasına qarşı dini fanatizmi qızışdırmaq və ən mühümü, Şimali Azərbaycanda fəlaiyyət göstərən İranyönümlü və İran tərəfindən maliyyələşdirilən radikal dini dairələrə dəstək və həmrəylik göstərməkdən ibarətdir.

İkinci cəhət ondan ibarətdir ki, hesabatda qurultaya təqdim olunmalı şerlərin hansı dildə olması və ən əsası, türk/Azərbaycan dilində də göndərilə bilməsi qeyd olunmur. Hesabatda hansı səbəbdən türk və heç olmasa, ”azəri” dili termini işlədilməməsinin səbəbi məlum deyil. Halbu ki qeyd edildiyi kimi, Cənubi Azərbaycanda şifahi dini təbliğat dili qəsdən fars söz, ifadə və qrammatik ünsürləriilə doldurulmuş pozuq Azərbaycan/türk dilidir.

CƏNUBİ AZƏRBAYCANLILARIN DİNİ SAHƏDƏ TAM FƏALİYYƏT AZADLIĞI

Hələ Pəhləvilər dövründə (1925-1979) azərbaycanlıların ictimai-siyasi həyatın bütün sahələrindən və ilk növbədə təhsil sahəsindən uzaqlaşdırılmış ana dili-türk/Azərbaycan dili, ictimai-mədəni funksiya yerinə yetirən bir dil kimi öz varlığını məhz dini mühitdə qoruyub saxlamışdır. Bunu nəzər alan İslam hakimiyyəti Azərbaycan dilinin dini sferadan uzaqlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirməkdədir. Doğrudur, ruhanilər məsciddə xütbələrdə Azərbaycan dilindən istifadə edirlər. Lakin ana dilində təhsil almamış digər ziyalılar kimi ruhanilər də fars və ərəb dillərində təhsil aldıqlarından onların çoxunun Azərbaycan dilində çıxış və nitqləri əslində Azərbaycan dilinin daxildən, yəni leksik və qrammatik baxımdan farslaşdırılmasına xidmət edir. Bu yazının müəllifi Şərqi Azərbaycan vilayətində/ostanında İİR İnqiab Rəhbərinin nümayəndəsi və Təbriz cümə imamı, h/i və eyni zamanda doktor Seyid Məhəmmədəli Al-Haşımın xütbəsinə və “Səhənd”, “Səhər ” kanallarının verilişlərində iştirakı zamanı söhbətlərini, sual-cavab verlişində dediklərini dinləmiş və onun heç olmasa 30% Azərbaycan dilində danışdığını iddia edə bilməz. Onun nitqində digər dillərin təsirinə daha çox müqavimətə malik leksik komponentlər olan nə say, nə də fellər tam olaraq türkcə olmamışdır.

Deyilənlərdən belə nəticəyə gələ bilərik ki, qeyd edilən qurultay azərbaycanlılar arasında dini fanatizmi və dindarlığı güclləndirməyə və Azərbaycan dilinə qarşı yönəlmiş geniş miqyaslı tədbirlərdən biri kimi nəzərdə tutulmuşdur.

Onu da əlavə etmək lazımdır ki,Təbriz şəhərində bu il (21-25 tir 1400/12-16 iyul 2022) ardıcıl olaraq ikinci dəfə Behnəlxalq Qədir Xom ( Qədir Xom adlı məkanda Məhəmməd peyğəmbərin Əlini müsəlmanların mövlası və ya şiələrə görə, özündən sonra müsəlmanların rəhbəri təyin etdiyi gün) Türk Poeziya qurultayı keçirilir. Qurultaya türk dilli və türk dilli olmayan ölkələrdən türk dilində şerlər qəbul edilmiş, artıq seçilmiş və daxili və xarici iştirakçılar üçün ayr- ayrıllıqda tümən və dollarla üç dərəcəli mükafat müəyyən edilibdir.

Göründüyü kimi, Təbrizin hakim fars teokratik rejimin daxili və xarici maraqlarına xidmət etməsini təmin etmək üçün şəhərin daxili hətta beynəlxalq miqyasda formal olaraq dini-mədəni, əslində dini-siyasi mərkəzə çevrilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir.

İran İslam hakimiyyətinin Cənubi Azərbaycanda zahirən dindar azərbaycanlı/türklərin əli ilə həyata keçirdiyi və bütöv bir xalqın milli kimliyinə qarşı yönəlmiş siyasəti nəzərdən keçirən hər bir istər Cənubi Azərbaycanda, istər ondan xaricdə yaşayan, istər azərbaycanlı, istər qeyri azərbaycanlı şəxs belə bir sualla qarşılaşır.

Doğrudanmı Cənubi Azərbaycan ruhanilərinin çoxu milli kimlik şüurundan məhrumdur və onlar ancaq dini şüur sahibləridir. Axı azərbaycanlı ruhanilər rastlaşdıqları əfqan, ərəb, fars və b.şiələr arasında etnik/milli kimlik şürundan məhrum olan dindarlara rast gəlməyiblər. Niyə hamı şiələr hər hansı bir etnosun nümayəndələri kimi çıxış edir, həm dini/şiə kimliyi, həm də etnik/milli kimliyə malik olub öz etnosunun/xalqının/millətinin köklü maraqlarını müdafiə edirlər. Amma Cənubi Azərbaycanın hakimiyyətdə təmsil olunmuş və hakimiyyətyanlı ruhanilərin və dindarların bir çoxu öz etnik birliyinin təmsilçisi kimi çıxış etməyərək, abstrakt şiə rolunda çıxış etdiyini vurğulayırlar. Bununla da həmin kəsim təbəqə əslində təmsil etdiyi xalqın köklü maraqlarına qarşı durduğunu və həmin xalqı bir xalq kimi tarix səhnəsindən silməyə çalışan yad qüvvələrin nökərləri qismində çıxış etdiyini nümayiş etdirir.

Belə ruhanilər və dindarlar doğrudanmı tarixi şüurdan da məhrum olaraq, 521 il bundan əvvəl yaratmış olduqları öz/türk şiə dövlətlərindəki (Səfəvilər dövləti) öz vəziyyətləri ilə indiki fars şiə dövlətindəki vəziyyətlərini müqayisə etmirlər. Müqayisə etsələr, onda imam Hüseynin deyil, özlərinin indiki zavallı hallarına ağlamalı olarlar.

Türklərin təsis etdiyi şiə dövlətində farslar bütün hüquqlara sahib və azərbaycanlılardan daha yaxşı həyat şəraitinə malik idilər. Onlar orduda xidmət etmir və deməli, kişi cinsi baxımından demoqrafik tarazlıqda pozuntuya, dəyişikliyə uğramırdılar. Azərbaycanlılar isə orduda xidmət edir və bütün vaxtları müharibələrdə keçirdi. Müharibələr gənc oğlanların, ailəli kişilərin həlak olması, aılələrin başsız, dayaqsız və s. qalması demək idi. Türklər farsların asayışı və rahatlığını qorumaq üçün dövlətin sərhədlərinin qərbində və şərqində digər türklərə qarşı vuruşurdular. Qərbdə daha güclü Osmanlı dövləti olduğundan döyüşlər daha çox Azərbaycanda gedirdi, yəni bölgə daim dağıntılara, əhali köçlərə, qaçqınlıq həyatına məruz qalırdı. Dövlətin şərq sərhədlərini digər türklərdən qorumaq üçün Azərbaycandan bütöv tayfalar həmin bölgəyə köçürülürdü. Həmin vaxt isə farslar öz asudə, dinc həyatlarını davam etdirir, mülki işlərlə məşğul olur, rahat həyat sürür və inkişaf edir çoxalıb, artırdılar.

Bəs indi farsların şiə dövlətində azərbaycanlılar NİYƏ ikinci dərəcəli vətəndaş/kollektiv rəiyət kimi bütün milli-mədəni hüquqlardan məhrum edilmiş bir əhali kütləsinə çevrilmiş və onlara yalnız dini hüquqlar, cəmiyyətin dini ehtiyaclarını şifahi şəkildə pozuq Azərbaycan/türk dilində ödəmək azadlığı, hüququ verilibdir. Yəni farslar onların maraqları, mövcudluğu və hərtərəfli inkişafı üçün hər cür şərait yaratmış bir dövlətin yaradıcısı olan Azərbaycan/türk xalqını Orta əsrlər cəhalətinə sürükləməyə çalışırlar. İnanmaq olmur ki, azərbaycanlıların adı qeyd edilən ruhani və dindar dairələrində 521 il bundan əvvəl əcdadlarının yaratmış olduğu şiə dövlətinin (Səfəvilər dövləti) tarixini bilən yoxdur. Əgər bilsə idilər, onda həmin dövrdə türk hakimiyyətinin farslara, və hazırki dövrdə fars hakimiyyətinin azərbaycanlılara/türklərə münasibəti arasındakı dərin fərq, uçurum və ziddiyyəti görərdilər. Görərdilər ki, Səfəvilərin dövlət, saray, ordu, mədəniyyət dili olan türk/Azərbaycan dili indi təhsil və idarə etmə sistemindən tamamilə uzaqlaşdırılaraq ancaq dini, o da şifahi, sfera ilə məhdudlaşdırılıbdır.İki dövr arasında dərin ziddiyyətləri görsə idilər, təmsil etdikləri xalqın məhvə düçar edildiyini,mədəni-mənəvi kölə vəziyyətində olduğunun dərk edər, belə bir vəziyyətin yaranmasının səbəbləri və ən vacibi, yaranmış vəziyyəti dəyişdirmək haqqında dərindən düşünərdilər. Və öz xalqının tarixində onlara ayrılmış XİLASKARLIQ missiyasını, xalqına milli –dini rəhbərlik missiyasını yerinə yetirmək haqqında fikirləşər və əməli tıdbirlər görərərək xalqın milli qürur, milli ləyaqətini bərpa etmək işinə hər cür dəstək göstərərdilər. Yeni şəraitdə, yeni üsul və vasitələrlə əcdadların təcrübəsini bir daha sınaqdan keçirmək haqqında düşünməyin vaxtı çatmışdır, yəqin.

NƏTİCƏ ƏVƏZİ

TƏBRİZ YENİ SƏFƏVİLƏR DÖVRÜNDƏ…

Şərhlər bağlıdır.