İSRAİL SƏFİRİNİN PAYLAŞIMI İRANLI HƏMKARINI NİYƏ NARAHAT ETDİ?

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşımı iranlı həmkarının narazılığına səbəb olub. “Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm” sözləri ilə paylaşım edən Corc Dikə İranın Azərbaycandakı səfiri Abbas Musəvindən sərt cavab gəlib. “Bu macəraçı oğlana məlumat üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, – deyə diplomat cavab verib.

İsrail səfirinin paylaşımı İranı nəyə görə narahat edib?

Politoloq Sədrəddin Soltan mediaya açıqlamasında bildirdi ki, İsrail səfirinin paylaşımında İrana qarşı hər hansı pis fikir yoxdur. Lakin Abbas Musəvinin həmkarını ölümlə hədələməsi bir diplomatın işi deyil:

“İranlı səfirin “sionist” deyə adlandırdığı Corc Dik sadəcə Azərbaycan tarixi və Təbriz haqqında çox mətləbi öyrəndiyini yazıb. Onun tvitində İran hakimiyyətinə qarşı çağırış, Urmiyanın üstündəki buludları dağıtmağa cəhd və başqa pis fikir yoxdur. Əksinə, vətəndaşı olduğu ölkənin bir bölgəsinin tarixini oxuyub, öyrəndiyi üçün Musəvi Dikə təşəkkür belə edə bilərdi. Axı, diplomatlar həm də əlaqələr və münasibətlər qurmaq üçündür. Ölümlə hədələmək isə diplomatların deyil, terrorçuların işidir. Bir də Abbas Musəvi hakimiyyətinin ölkə daxilində səsləndirdiyi “İsrailə ölüm!” şüarını Azərbaycanda irəli sürməklə beynəlxalq normaları pozub.

Sədrəddin Soltan

İkinci bir məsələ isə “Birincilərin diyarı” ifadəsi ilə çoxmənalı fikirlərini bildirib. Corc Dik Təbrizin Azərbaycana aid olduğunu bildirməklə tarixi reallığı qeyd edib. Ancaq Abbas Musəvi İrana hakim olan İran mərkəzli fars düşüncə sisteminin nümayəndəsi olduğunu gizlədə bilməyib. O, “birincilərin diyarı” ifadəsinin Təbrizin Azərbaycana deyil, farslara məxsus olmasına dair saxta tarixi iddianı irəli sürür. Çünki panfarsçı və İran mərkəzli fars düşüncə sisteminə görə, farslardan başqa ölkədəki qeyri-farslar, özəlliklə türklər gəlmədir. İran və ətraf ərazilər, hətta Ərəbistanın bir hissəsi “Persiya”dır. Bu, təxminən ermənilərin “dənizdən dənizə” iddiasına oxşayır”.

“Xain xoflu olar”

Sədrəddin Soltan deyir ki, İsraillə Güney Azərbaycan türklərinin yaxınlaşması ehtimalından doğan qısqanclıq Abbas Musəvinin cavab tvitində özünü büruzə verir:

“Üçüncü məsələ, belə ehtimal etmək olar ki, İran səfiri İsraillə Güney Azərbaycan türklərinin yaxınlaşacağından ehtiyat edirmiş kimi tez bu statusu paylaşıb. Onların yaxınlaşmaması üçün guya Təbriz əhalisinin İsrailə qarşı olduğunu, hətta qısqanclıq edib “… dəfn edəcək” deyə yazıb. Yəni yəhudi dövlətinin səfirinin Təbrizi Azərbaycan ərazisi saymasına təbrizlilər etiraz edəcəklər. Təbrizin hazırda İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi olduğunu heç kim danmır. Deməli, səfirin iddialarını atalar sözü ilə belə ümumiləşdirmək olar: “Xain xoflu olar”…”.

Politoqolun sözlərinə görə, Corc Dikin həyati təhlükəsinə çağırış edildiyi üçün Abbas Musəvi də məsuliyyət daşıyır:

“Adətən belə hallarda səfirdən izahat istənilir. Odur ki, Abbas Musəvi İsrailin səfirini ölümlə hədələdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilsə və hədələyici tvitinə görə ondan izahat alınsa, daha məntiqi olar. Çünki Corc Dikin həyati təhlükəsinə çağırış var. Baş verə biləcək hadisənin məsuliyyətini çağırış etdiyi üçün Abbas Musəvi də daşıyır”.

Gülər Seymurqızı

 

Şərhlər bağlıdır.