DUYĞULAR…

KÖHNƏ DOST, TƏZƏ HƏDƏF

Sən çoxdan ölmüsən. Dəfn olunmusan,

Külün də soyumuş xatirələrdə.

Kölgə tək keçirsən mənim yanımdan

Yolumun üstünə çıxanda hərdən.

Sən birdən ölmədin. Tədricən öldün:

Əvvəl vicdanını çəkdin bazara,-

Satdın gülə-gülə, satdın könüllü,

Sevinə-sevinə girdin məzara…

Əl çəkdin əvvəlki cəsarətindən,

Vəzifə, kabinet əydi belini,-

Vurusdun, döyüşdün… kabinetəcən,

Qısdın quyruğunu, kəsdin dilini.

Qorudun aşını, bir də başını,

Qılınc nifrətinin itdi kəsəri,-

Vəzifə – ən gözəl məhək daşıdır,

Vaxtında tanıdır ağciyərləri.

Azaldı cur’ətin, artdı ad-sanın,

Yerin yuxarı baş nişanda, toyda,-

Sənin mübarizən, sənin meydanın

Kiçildi bir içki məclisi boyda.

Dağ oğlu dağ idin elin gözündə.

Birinci küləkdən gönüb toz oldun.

Hərdən Şəhriyardan şe’r desən də,

Vətəndaş olmadın, vətənbaz oldun.

Silahı, səngəri buraxıb getdin,

İndi tərəfsizlər tərəfindəsən.

Sənin səngərinə keçən igidin

Birinci sən özün hədəfindəsən.

Nə dostun qalıbdır, nə də düşmənin,

İndi beş kişidən birisən daha,-

Yox, sən ki, ölmüsən. Bağışla məni,

Ölüdən danışıb batdıq günaha…

Zabil Pərviz

Şərhlər bağlıdır.