“SPUTNİK-AZƏRBAYCAN”DAN İSTEFA VERƏN REDAKTOR: 

“POLKOVNİK BİZDƏN TƏLƏB ETDİ Kİ...”

Xəbər verdiyimiz kimi, “Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları (Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva) “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək tam tərkibdə istefa veriblər.

“Sputnik”in ən çox maaş verən media qurumu olduğu bildirilir. Sosial şəbəkələrdə xanımların jestinin nəzərə alınmalı, işsiz qalmamaları üçün onlara çoxsaylı dəstək gəlib.

“Sputnik-Azərbaycan”-nın istefa verən redaktorlarından biri, Gülzar Mustafayeva baş verənlərlə bağlı Cebhe.info-ya danışıb. Onun söhbətini Azerbaycan-ruznamesi.org  oxuculara təqdim edir.

O bildirib ki, “Sputnik-Azərbaycan” 2-ci Qarabağ müharibəsi zamanı da dəfələrlə oxşar təzyiqlərə, təhqirlərə məruz qalıb:

“Vətən müharibəmiz olanda da, Ukraynada müharibəsində də dəfələrlə təhqirlərlə üzləşirdik. Öz müharibəmiz zamanı həmişə biz Azərbaycanın maraqlarını ən önə qoymuşuq. Bizim üçün maraqlı Azərbaycanın Ordusu, siyasətidir. Biz hamımız Azərbaycan vətəndaşıyıq. Başqa cür ola da bilməz. Ukrayna məsələsinə gəldikdə isə bildirim ki, Azərbaycanın neytral mövqeyi olduğu üçün biz də bu mövqedə olduq. Təhqirlərlə üzləşsək də, öz işimizi davam edirdik”.

Gülzar Mustafayeva bildirib ki, təzyiqlər və təhqirlər media qurumunda bir müddət əvvəl yeni rusyönümlü rəhbərin təyin olunmasından sonra baş verib:

“Həmin rəhbər keçmiş polkovnikdir, “Sputnik – Cənubi Osetiya”da rəhbər olub. Bu adamın xarakteri artıq vəzifələrindən bəllidir. Adam imperialist, şovinistdir, separatçılarla işləyib və indiyə qədər Rusiyaya qarşı böyük rəğbət, hörmət görüb. Bura gələndə öz təəccübünü gizlətmirdi ki, biz müstəqillikdən, suverenlikdən, azad siyasət və  fikirlərdən danışırıq. Bu, onun xoşuna gəlmirdi. Biz öz mövqeyimizdən dönmürdük”.

Redaktor istefaya səbəb olan hadisədə də danışıb:

“O, növbətçi redaktordan tələb edib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatını yaysın. Halbuki həmin bəyanat Azərbaycan bəyanatına zidd olub Növbətçi redaktor bundan imtina edib, iş “çat”ımızda mübahisə apardıq və hamımız məsələyə qoşulduq. Sübut etməyə çalışdıq ki, bu, Azərbaycanın mövqeyinə ziddir, həm də “Sputnik”in özünə pis təsir edəcək. Rəhbər bizi eşitmədi və yenə dedi ki, materialı qoymalısınız. Bu zaman növbətçi redaktor dedi ki, mən işdən çıxıram. Biz dörd redaktor qərara gəldik ki, hamımız işdən çıxacağıq. Çünki belə şəraitdə heç birimiz işləməyə razı deyilik. Səhəri dedik ki, işdən çıxırıq və rəhbər heç nə demədən razılaşdı. Bizə deyildi ki, sabahdan işə gəlməyə bilərsiniz. Amma sonra gəlib hamımıza bir-bir yuxarı formada, kobud tonla deyildi ki, iki həftə işləməlisiniz. Amma biz fikrimizdən dönmədik və dedik ki, sabahdan işə çıxmayacağıq. Sonra rəhbər bizi yenə bir- bir çağırıb müqaviləyə görə iki həftə işləməyimizi xatırladıb bizdən işdə qalmağı tələb etdi. Biz dedik ki, istəyirsən maaşımızı kəs, istəyirsən hansısa maddə ilə işdən çıxar, biz sabahdan işə gəlmirik. “Rusiyanın maraqlarını üstdə tutan qurumda heç bir zaman işləməyəcəyik”, – deyib çıxdıq.

Bildiyim qədəri ilə kollektivi yığıb, deyib ki, guya biz onu nə iləsə şantaj edirmişik deyə özü bizi işdən çıxarıb. Onun sözlərinə görə, biz savadsız, tərbiyəsizik, nə özümüzü, nə işimizi apara bilirik. Biz ehtiyat etmədən çıxdıq. Gedəsi yerimiz yoxdur. Amma sağ olsun dostlar, təkliflər gəlir. Qızlarla istsəyirik ki, bir neçə gün dincələk. Gələn təklifləri dəyərləndirərik. Məncə, necə ki, biz ölkəmizin maraqlarını qoruduq, ölkə də yəqin ki, bizim maraqlarımıza qarşı biganə qalmaz”.

Şərhlər bağlıdır.