İRANDA ETİRAZLAR: “HƏMİŞƏ “İNGİLİS BARMAĞI” AXTARIBLAR”

Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltanın “Yeni Sabah”a müsahibəsi. Azerbaycan-ruznamesi.org həmin mətni oxuculara təqdim edir.

– Son günlər İranda baş verən hadisələri necə qiymətləndirirsiniz? Bir çox analitiklər bunu iğtişaş olaraq yox, etiraz aksiyaları, habelə xalq üsyanı kimi qiymətləndirir. Bəs, siz?

– Bu, xalq üsyanı da deyil, inqilab da deyil, rejimin tətbiq etdiyi qaydalara, eləcə də rejimin cəmiyyətin hər bir azadlığına, insanların məişət hadisələrinə, şəxsi həyatına müdaxiləsinə qarşı olan etirazdır və 43 ildir davam edən bu müdaxilələrdən bezməkdir. Bu, İran cəmiyyətinin hakimiyyətin təməl prinsiplərinə etirazıdır və cəmiyyət hakimiyyətə göstərmək istəyir ki, dəyişmək, islah olunmaq lazımdır, ölkə yeni qaydalarla idarə olunmalıdır. 43 il – az qala 50 ilə yaxın bir dövrdə tətbiq olunan köhnə qaydalar artıq müasir insanları və müasir düşüncəni təmin etmir.

Qısacası, bu, köhnəliyə, mürtəceliyə, geriçiliyə qarşı olan bir etirazdır, bu, üsyan deyil.

– Tehran valisi Mohsen Mansouri deyib ki, Tehrandakı aksiyaları təşkil edənlər mütəşəkkil, savadlı və planlıdırlar. O, kimləri nəzərdə tutur?

– Dünyada heç bir kütləvi aksiya spontan olmur. Bu, idarə olunur və idarə olunduğuna görə də bunun konkret şüarları və tələbləri olur. Sonradan isə bu aksiyalara qoşulmalar baş verir. Bunu ya hakimiyyət qoşur ki, aksiyalarn yönünü dəyişib iğtişaş yaradaraq məqsədindən uzaqlaşdırsın, ya da adi insanlar gəlib qoşulur və aksiyanın sayını daha çox edir.

Bu aksiyaların əsasını gənclər təşkil edir və ehtimal edirəm ki, bu aksiyaların təşkilatlanmasında sosial şəbəkələrin rolu az olmayıb. Elə ona görə də İranda interneti bağlamağa çalışırlar.

– Belə bir fikirlər də səslənir ki, xalqından ayrılmış hakimiyyətlər etiraz hərəkatlarını hər zaman xarici faktorlarla izah etməyə çalışırlar. Bu mümkündürmü və xarici faktor varsa, bu, hansıdır?

İranda həmişə “ingilis barmağı” axtarıblar. İstər ötən əsrin əvvələrindəki şah dövründə, istər ötən əsrin ortalarında, istərsə də günümüzdəki teokratik rejim dövründə.

Artıq Tehran qubernatoru açıqlama verir ki, aksiyalarda 3 ölkənin vətəndaşı saxlanılıb. Yəni bunlar ciddi cəhdlə çalışırlar ki, guya İrandakı cəmiyyət mövcud hakimiyyətin bütün əməllərindən razıdır və bu aksiyaları, ancaq və ancaq xaricilər gəlib İran daxilində törədə, yaxud xarici ölkələrə işləyən qüvvələr gəlib bu aksiyaları təşkil edə bilərlər.

İran hakimiyyəti öz cəmiyyətinə bu şəkildə geriçi yanaşma və onu aşağılamaqla, əslinə qalsa, öz cəmiyyətindən daha da uzaqlaşır. İran hakimiyyətini ayaq üstə saxlayan cəmiyyətlə münasibəti və cəmiyyətin onun arxasında durması deyil, onu ayaqda saxlayan İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”), İran ordusu, İran polisi, kəşfiyyat orqanları (“Ettelaat”) və “bəsic”lərdir. İran hakimiyyəti və xalq arasındakı dərin uçurumdan İran iqtidarı narahat deyil. Çünki İranda seçki azad və ədalətli keçirilmir. Əgər seçki azad, ədalətli və şəffaf keçirilərsə, o halda cəmiyyətin tələbləri və haqlı istəkləri qarşılanar və yaxud düşülmüş vəziyyətdən ortaq çıxış yolu axtarılar. İran hakimiyyəti isə indiyə qədər ölkədə keçirilən bütün etiraz aksiyalarını birmənalı olaraq inkar edib və onları həmişə xarici qüvvələrlə bağlayıb.

– Son hadisələrdən sonra İrandakı hakimiyyətin devriləcəyi ilə bağlı proqnozlar var. Bu aksiyalardan sonra hazırkı iqtidar hakimiyyətdən çəkilə bilərmi?

– Ölkədəki mövcud teokratik rejim hələ də güclüdür. Onun bu aksiyalarla devrilməsi və yaxud rejimin qaçıb getməsi birmənalı olaraq qeyri-mümkündür. Niyə? Bayaq qeyd etdiyim kimi, bütün güc strukturları mövcud siyasi hakimiyyətin arxasındadır. İrandakı mövcud siyasi hakimiyyət sərhədlərdən tutmuş ölkənin daxilinə qədər bütün məsələlərə nəzarət edə bilir.

Əvvəllər də İranda çoxsaylı etiraz aksiyaları olub və bu etiraz aksiyalarını o zaman da güc yolu ilə dağıdıblar. İkincisi, xarici ölkələr İrandakı siyasi hakimiyyəti müdafiə edir. Bu hansıdır? Ən əsası Rusiya və Çin, KXDR, eləcə də Venesuela. Ona görə də İran hakimiyyətinin belə tezliklə devriləcəyi, yaxud İranda prezidentlə Ali Rəhbərin ölkədən tezliklə gedib hansısa dövlətə gedib sığınacağı ilə bağlı düşüncələr çox yanlışdır və indiki hadisələri təhrif etməkdir.

– İrandakı etirazların region dövlətlərinə təsiri nə ola bilər?

– İlk növbədə, bu, İranın daxili məsələsidir, ancaq təsiri bir mənada ola bilər: İran hakimiyyəti qonşu ölkələrə özünün ölkə daxilində tətbiq etdiyi hicab qaydalarını sırımaq istəyir və qonşu ölkələrdə dəstəklədiyi iranyönümlü qüvvələr bu aksiyaları həyata keçirirlər.

Yadınızdadırsa, Azərbaycanda da oxşar hadisələr baş verib. Amma indi məlum olur ki, İranın həyata keçirmək istədiyi o tədbirlərə İran cəmiyyətinin özü etiraz edir. Öz cəmiyyətinin etiraz etdiyi bir məsələnin və bir ideyanın başqasına yeridilməsi məntiqsizdir və cəfəngiyatdır.

Rafi MÜSLÜMOV

Şərhlər bağlıdır.