IRAN MƏTBUATINDA GEDƏN YAZILARA ƏSASƏN

“QANLI CÜMƏ”: NAMAZDAN SONRA POLİS BİNASINA HÜCUM OLUB 

İranda etirazlar zamanı onlarla insanın öldüyü Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin polis rəisi vəzifəsindən azad edilib, sentyabrın 30-da baş verən insidentlə bağlı araşdırmalar başlayıb.

Azerbaycan-ruznamesi.org İran mətbuatına istinadla xəbər verir ki, polis rəisi vəzifədən kənarlaşdırıldıqdan sonra əyalətdəki Təhlükəsizlik Şurası “silahlı müxaliflərin” üzərinə gedən polisin də düzgün hərəkət etmədiyini bildirib. Buna görə də araşdırma aparılacağı və mərhumların yaxınlarına təzminat ödəniləcəyi bəyan edilib.

Beynəlxalq insan haqları təşkilatları əhalisinin əksəriyyətinin sünni olduğu şəhərdə baş verən hadisədə ən azı 66 nəfərin öldüyünü açıqlayıb.

Xatırladaq ki, sentyabrda 22 yaşlı kürd qadın Məhsa Əmininin paytaxt Tehranda ölümündən sonra Əfqanıstan və Pakistanla həmsərhəd əyalətdə də digər bölgələrdə olduğu kimi, kütləvi etirazlar başlayıb.

Oktyabrın 21-də Zahidanda İran İslam Respublikasının ən nüfuzlu şəxsi Əli Xamneiyə xitabən “Diktatora ölüm!” şüarı ilə nümayiş keçirənlərdən 57 nəfər həbs edilib. Tehrandakı şiə müsəlman dini liderlərindən Əhməd Hatəmi isə Zahidanda nümayişçilərin ciddi şəkildə cəzalandırılmasını istəyib.

Oktyabrın 26-da Əminin ölümünün 40-cı günündə anıldığı zaman İranın 31 vilayətinin 18-də, xüsusilə də onun dəfn olunduğu Kürdüstan vilayətinin Saqqız şəhərində nümayişlər keçirilib.

Oktyabrın 27-də axşam saatlarında Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində nümayişçilərin bəzi hökumət binalarını yandırdığını əks etdirən video-görüntülər də sosial mediada yayılıb. Əmini anma mərasimində təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı həyatını itirən İsmail Mövludinin (35) dəfnindən sonra baş verən hadisələrdə isə ən azı 3 nümayişçi həlak olub, xəsarət almış çoxsaylı şəxs xəstəxanaya aparılıb.

Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman deyib ki, təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması iddiaları ilə bağlı sübutlar toplamaq və cavabdehləri müəyyən etmək üçün müstəqil komitə yaradılmalıdır.

İnsan haqları təşkilatlarının məlumatına görə, 6 həftədir davam edən nümayişlərdə ölənlər 200-ü keçib və ölənlərin sayı artır.

Sentyabrın 20-də axşam saatlarında Tehran Universiteti yaxınlığında keçirilən nümayiş zamanı itən və sonradan öldüyü bildirilən 16 yaşlı Nika Şahkeraminin ölümünün 40-cı günündə Luristan əyalətində polis aksiya iştirakçılarına gözyaşardıcı qazdan istifadə edib. Anım mərasimində qadınlar örpəklərini açaraq gənc qızın məzarı üstünə saç telləri qoyublar.

İSNA-nın xəbərinə görə, rejim tərəfdarı Bəsici silahlı qüvvələrinin üzvləri Tehran, Emul və Melayirdə atəşə tutulub və onlardan ən azı ikisi həlak olub.

Tehran, Ərdəbil, Təbriz, Burucərd, Kirman, Şiraz və Məşhəddəki nümayişlərin izdihamlı olduğu görünsə də, mühafizəkarların cəmləşdiyi Qum və Yəzd şəhərlərində də nümayişlərin keçirildiyi diqqət çəkib.

İran dövlət televiziyasının xəbərinə görə, ölkənin cənub-şərqində yerləşən Bəlucistan əyalətinin Sistan və Zahidan şəhərlərində cümə namazından sonra rejim əleyhinə etiraz aksiyaları keçirilib.

Sosial mediada paylaşılan görüntülərdə nümayişçilər zibil qabları və təkərlər yandırır, yolları bağlayır.

Polis qüvvələrinin etirazlara müdaxiləsi zamanı aksiyaçılarla polis arasında toqquşma baş verib və şəhərdən atışma səsləri eşidilib.

“Qanlı Cümə” adlanan aksiyada nümayişçilər cümə namazından sonra polis idarəsinin binasına hücum edib, təhlükəsizlik qüvvələri isə nümayişçilərə atəş açmaqla cavab veriblər.

Şərhlər bağlıdır.