ZƏRİNTACIN ŞEİRLƏRİ

Dünyadı

(Təbrizdə yaşayan şairə rəfiqəm

Əzəm Rza Çayiyə)

Sıralanmış dağları tək boyaboy

İgidləri yesir olan dünyadı!

Çox saxlama ürəyində sözünü,

Ağlı, gücü əldən alan dünyadı!

 

Deyilən söz açan güldür, gizləmə,

Zənbur yığan şəhdi-baldır, sızlama,

Səndən gedən aydir, ildir, gözləmə,

Əvvəl doğru, sonu yalan dünyadı!

 

Tut bu yolun ağını get dayanma,

Hər ağlayıb, göynəyə inanma,

Sözünü de, vədəsində utanma,

Utananı dərdə salan dünyadı!

 

Ürəyimdə söhbətim var, sözüm var,

Nəfəsim var, avazım var, sazım var,

Hələ neçə oxunmamış yazım var,

Sandıqları sirlə dolan dünyadı!

 

Zərəngizəm, nahaq yanıb-sönmərəm,

Haqq yolundan usanmaram, dönmərəm,

Ömrüm sənə pənah, ya Mövlam, kərəm,

Biz gedirik, sənlə qalan dünyadı!

 

Savalanın yaraları

Savalanın yaraları
Ürəyimdə qövr eləyər!
Heç nəyi insan eləməz,
Qəza, qədər, dövr eləyər!

 

Bilmirəm heç sönən bəxtım
Nə vədədə şölələnir?
Başımızı qaldırdıqca,
Üstümüzə od ələnir!

Hər dövrdə qəza bizi,
Buxovlayıb, kötəkləyib!
Odumuza yadlar qızıb,
Üstümüzə su ələyib!

Bu nə tale, bu nə ömür?
Dost dediyin Tanrı demir!
Fələk özü mat qalıbdır,
O, Allah olmaq istəmir!

Zərəngiz Dəmirçi, dinmə,
Xəyal göylərindən enmə,
Bəxt yatıbdır, Tanrı oyaq,
Ocaq tək şölə çək, sönmə!

 

Şəhriyar

Elinə heyran oldum mən,
Gülünə heyran oldum mən,
Şairlərin bülbül kimi,
Dilinə heyran oldum mən!

Çalması qarlı Şəhriyar!
Tanrı tək yarlı Şəhriyar!
Sənin şair xəyalın tək,
Savalan da xəyallandı,

Dumanlar qalxdı başından,
Təbriz elinə yollandı,
Çalması qarlı Şəhriyar!
Tanrı tək yarlı Şəhriyar!

İnsanlarına qurbanam,
Ormanlarına heyranam,
Şeirin, sözün ürəklərdə,
Sonsuz varına heyranam,

Çalması qarlı Şəhriyar!
Tanrı tək yarlı Şəhriyar!
Zərəngiz Dəmirçi yandı,
Həsrətinlə alovlandı,

İllərlə vəslini andı,
(Əsr-əsrə calandı,)
Şükr gəldik, xoş zamandı!
Çalması qarlı Şəhriyar!
Tanrı tək yarlı Şəhriyar!

 Zərəngiz Dəmirçi Qayalı
Beynəlxalq Mahmud Kaşğari Mükafatı laureatı

Şərhlər bağlıdır.