FİRQƏ QURULTAYI XALQIMIZIN LƏYAQƏTİNİ İSBAT ETDİ

(AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 3 OKTYABR 1945-Cİ İL TARİXLİ I QURULTAYI MÜNASİBƏTİLƏ)

Qurultayımızın Azərbaycanın ən görkəmli simalarından təşkil olunduğu sübut edir ki, yerlərdə xalqımızın gözə görünən, başbilən və adlı-sanlı hissəsi firqəmizin ətrafına toplaşmışdır.

Elə birinci iclasdan qurultayın məzmunu tamamılə aşkara çıxdı. Salmas nümayəndəsi cənab Mükərrəmülmülk, Maku nümayəndəsi cənab Murad bəy, Maku-Ərdəbil nümayəndəsi cənab Cövdət və Sərab nümayəndəsi cənab Haşiminin mənalı nitqləri göstərdi ki, qurultay müraciətnaməmizi iman və əqidə üzrə qəbul edənlərdən təşkil olunmuşdur.

“Biz İran və Azərbaycanın nicatını bu firqənin bayrağı altında görürük, onun müqəddəs şüarlarını həyata keçirmək üçün canımız, malımız və namusumuz ilə mübarizə edəcəyik.”

Bu idi şəhərlərimizdən gələn nümayəndələrimizin axır sözü. Xüsusilə, cənab Mükərrəmülmülkün dil məsələsi haqqında ortaya qoyduğu məntiq və söylədiyi sözlər xalqın ana dilimizə olan diqqət və marağını çox gözəl surətdə aşkara çıxardı.

Cənab Mükərrəm dedi: “Azərbaycanlılara monqolların güc ilə öz dillərini zorla qəbul etdirdiklərini iddia edənlər çox nadan adamlardır. Monqollar yüz ildən artıq Azərbaycanda hökumət edə bilmədikləri halda, öz dillərini bizə zorla qəbul etdirmişsə, əcəba, 600 ildən artıq hökumət edən farslar nə üçün bu dili dəyişdirməyə müvəffəq olmamışlar.

Bu isbat edir ki, dili zor və ya ayrı vasitələrlə dəyişdirmək olmaz. Dilimizin müxalifləri yalnız bu puç iddiaları ilə Azərbaycanın mədəniyyətini boğmağa, bu vasitə ilə xalqımızı cəhalətdə saxlamağa can atırlar.”

Cənab Mükərrəm bu sözləri ürəkdən dediyi üçün onun nitqi qurultayımızın diqqətini cəlb etdi. Gurultulu alqışlarla qurultay göstərdi ki, natiq onun ideyalarının şərhçisi olmuşdur.

Qurultayımızda milli muxtariyyat məsələsi çox böyük yer tutmuşdur. İranın istiqlaliyyət və bütövlüyü qorunmaqla Azərbaycanın öz daxili işlərini azad bir surətdə idarə etməyə qadir olması və bunu əməli etmək üçün təcili olaraq əyalət və vilayət əncümənlərinin çağırılması ətrafdan gələn nümayəndələrimizin qurultaydan tələb etdiyi ən əsaslı bir məsələdir.

Həmin gün kəndlərdən və ətrafdan təbrik üçün gələn minlərcə kənd və şəhər zəhmətkeşi öz şüarları ilə bildirdilər ki, xalqımızın böyük əksəriyyəti firqəmizə etimad edir. Ondan öz həyatını yaxşılaşdırmaq yolunda böyük ümid gözləyir.

Qurultay sadə bir yığıncaq deyil, sütunu və əsasını möhkəm zəmin üzərində qurmağa layiq ciddi bir toplum olduğu üçün sözə yox, işə artıq dərəcə əhəmiyyət verib. Ona görə əda və uzun nitqlərdən çəkinib məramnamə və nizamnamə təsdiqi kimi böyük və əsaslı mövzular ilə məşğul olmaqdadır. Qurultay atdığı addımın, başladığı işin qiymətini və məsuliyyətini çox gözəl bir surətdə anlamışdır. Ona görə nümayəndələrin hamısı istər nitqlərində, istərsə təkliflərində çox diqqət və mətanətlə təkliflərini edirlər.

Bu vaxta qədər Azərbaycanda tarixi keçmişi olmamış bir toplum olduğuna baxmayaraq, qurultayımız tam mənası ilə müasir və müntəzəm bir yığıncaqdır. Bunun özü sübut edir ki, xalqımız özünü idarə etməyə layiq və qadir bir xalqdır.

İki gün ərzində məramnamə kimi əsaslı bir məsələnin həlli sübut edir ki, bizim qurultayımız mərkəzi parlament adlanan məclisdə fəaliyyət və yaradıcılıq cəhətdən təsəvvürə gəlməyən bir məsafədə irəli düşmüşdür.

Məclis (Parlament) il yarımda kiçik bir qanun keçirməyə müvəffəq ola bilməmişdir. Çünki onu təşkil edənlərin əksəriyyəti yalançı, xain, xudbin və məğrur adamlardır. Qurultay bir gündə gələcək böyük bir firqənin əsasını qurmaq, eyni zamanda ölkəni mütərəqqi və müasir bir hala salmaq yollarını təyin etmək kimi böyük işi icra etməklə sübut etdi ki, onu təşkil edənlər, onda iştirak edənlər vahid bir ruh, vahid bir məslək, vahid bir yolu təqib edən fədakar, ciqqi və layiqli adamlardir.

Xalqları əsarət altında saxlayıb güc ilə hökumət sürmək istəyən xainlər gözlərini açmalı və xalqın istedad və ləyaqətını təsdiq etməlidir.

Qurultayımızın mənası olduqca böyük və onun gördüyü böyük işlər olduqca mənalı olduğundan biz onun barəsində gələcək nömrələrimizdə müfəssəl məlumat verməliyik.

Pişəvəri
“Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 20, 12 mehr 1324/4 oktyabr 1945

Təqdim etdi:
Səməd Bayramzadə

Şərhlər bağlıdır.