Almaniya xəbər agentliyinin verdiyi məlumata görə bu ölkənin fevralın 17-20-də ev sahibliyi edəcəyi 59-cu illik Münhen təhlükəsizlik konfransına İran və Rusiyanın rəsmiləri dəvət olunmayacaq. Mötəbər tədbirə 40-dan çox ölkənin rəhbəri və 90 nümayəndə heyəti dəvət edilib. Konfransın rəsmisi bildirib ki, bu iki ölkənin hökumətlərini müxalifət əvəzləyəcək. Səbəb İranın Rusiya- Ukrayna savaşında birinci ölkəylə hərbi əməkdaşlığı və son 5 ayda yerli etirazçılara qarşı zorakı davranışıdır.
Dünyanın ən önəmli təhlükəsizlik toplantısı Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ilə eyni vaxtda Almaniya hökumətinin ev sahibliyi ilə 17-20 fevral tarixlərində üç gün ərzində keçiriləcək.
Bu toplantıya ev sahibliyi edən Almaniyanın müdafiə naziri Rusiyaya qarşı sərt ifadələr işlədib: “Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq istəyindən əsər-əlamət yoxdur və bu səbəbdən də Kremlin hərbi cinayətkarlarına təbliğat meydançası verilməməlidir”.
Konfransın direktoru Xristo Huisgen Rusiya və İran İslam Respublikası hökumətlərinin nümayəndələrini qəbul etmək əvəzinə Münhen görüşünə hər iki hökumətin müxalifət nümayəndələrinin dəvət olunduğunu açıqlayıb.
Qeyd edək ki, Münhen görüşünə İrandan dəvət olunan müxalifətdən heç kimin adlarını hələlik açıqlamasa da, Rusiya hökumətinin müxalifəti olan Mixail Xodorkovski, Qarri Kasparov, Dmitri Muratov və Aleksey Navalnının həyat yoldaşının adlarını çəkib.
Münhen təhlükəsizlik toplantısının rəsmiləri ilk dəfədir ki, İran və Rusiya hökumətlərinin nümayəndələrini dəvət etmirlər. Keçən il İslam Respublikasına qarşı geniş təzyiqlərə baxmayaraq, Münhen görüşündə hökumətin xarici işlər naziri Hüseyn Əmirabdollahian iştirak edib. Bundan öncə Cavad Zərif Həsən Ruhani hökumətinin təmsilçisi olmuşdu.
Kamal Nikbin
Şərhlər bağlıdır.