SON BİR AYDA EDAMLARIN SAYI 29-A ÇATIB

İranda hakim rejim əleyhinə etirazlar nisbətən səngisə də, məhkəmələr tərəfindən edam hökmlərinin elan olunması artıb. Eyni zamanda, həbsdə olan etirazçılara və digərlərinə qarşı sərt ittihamlar və cəzalar davam etməkdədir.

Gunaz.TV-nin verdiyi məlu­mata görə, bu günlərdə Qərbi Azərbaycan əyalətindən olan mədəni fəal Əlirza Fərşi Evin həbsxanasından azadlığa bu­raxılıb. Bir qrup mədəni fəal fevralın 22-də Urmu şəhərində onunla görüşüblər. Görüşdə mədəni fəallar ana dili məsələ­sini, Qərbi Azərbaycan əyalə­tindəki durumu və Xoy zəlzələ­sindən zərər çəkənlərə yardım yolları barədə danışıblar.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəa­liyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Teh­ran şəhərindəki Evin həbsxa­nasına köçürülüb. O, həbsxa­nadan buraxılsa da, barəsində çıxarılmış iki illik sürgün cəzası qüvvədə saxlanılır.

Avropa Parlamenti isə dünən İranda qeyri-fars xalqla­rın ana dilində təhsil almasına qoyulan qadağalara görə Teh­ran hökumətini tənqid edib. Bu barədə Avropa Parlamentinin sədr müavini Pina Piçerno özü­nün tvitter hesabında paylaşım edib: “İranda yaşayan qey­ri-fars xalqlar, o cümlədən türk, kürd, ərəb, bəluç və türkmən­lər öz dillərində təhsil almaq hüququndan məhrum edilərək fars dilində təhsil almağa məc­bur edilirlər”.

O, İranda ana dilində təhsil hüququ istəyən hər kəsin ağır cəzalandırıldığını qeyd edib.

Almaniyadan verilən xəbərə görə, Kansler Olaf Şults isə İran əsilli Almaniya vətəndaşı olan siyasi məhbus Cəmşid Şar­məhdin İran məhkəməsi tərə­findən edam cəzasına məhkum edilməsini pisləyib. O, Almaniya vətəndaşı barəsində İran məh­kəməsinin çıxardığı ölüm qə­rarının ləğvini tələb edib. Şults fevralın 22-də özünün tvitter səhifəsində etdiyi paylaşımda İran hakimiyyətini öz xalqını öl­dürməkdə ittiham edib.

Fransanın Xarici İşlər Nazir­liyi də eyni məzmunlu bəyanatla çıxış edərək, İran əsilli Almani­ya vətəndaşı Cəmşid Şarməhd haqqında verilən edam hök­münü əsassız və qəbuledilməz adlandırıb, onun ailəsi və Alma­niya rəsmiləri ilə həmrəy oldu­ğunu bildirib.

Qeyd edək ki, fevralın 21-də keçirilən məhkəmədə Şar­məhdə vəkillə təmin olunmaq icazəsi verilməyib və barəsində edam hökmü çıxarılıb. Məh­kəmə Şarməhdi “ictimai asa­yişin geniş şəkildə pozulması­na səbəb olan” hərəkətlərdə, “terror aktlarının hazırlanması və yönləndirilməsi”ində ittiham edib.

67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. 2003-cü ildən Ka­liforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik mə­murları tərəfindən qaçırılaraq İrana köçürülüb. Qızı Qəzalə Şarməhd atasının radio müxbiri olduğunu və sadəcə, xalqın na­razılığını əks etdirdiyini deyib. O, atasına qarşı irəli sürülən ittihamların saxta olduğunu bil­dirib.

Fevralın 22-də İranın Sənəndəc və Bircənd şəhərlə­rinin həbsxanalarında daha iki məhkum edam edilib. İran İn­san Haqları Təşkilatının verdiyi məlumata görə, bununla da, son bir ayda İran zindanlarında edam edilən məhkumların sayı 29-a çatıb.

“Xalq qəzeti”

Şərhlər bağlıdır.