Məcid Cavadi: Ermənilər 1918-ci ildə təkcə Azərbaycanın Quzeyində deyil, Güneyində də soyqırımlar, qanlı cinayətlər törədiblər.
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, 31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı gündür. 1918-ci ilin martında bolşevik-daşnak silahlı dəstələri tərəfindən Azərbaycanın Quzeyində kütləvi qətliamlar, insanlıq əleyhinə cinayətlər törədildi. Bununla bağlı yetərincə faktlar və sənədlər var. Lakin ermənilər həmin vaxt təkcə Azərbaycanın Quzeyində deyil, Güneyində də soyqırımlar, qanlı cinayətlər törədiblər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə, həmin vaxt Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Xoy, Urmiya, Səlmas, Qoşaçay bölgələrində ermənilər tərəfindən qətliamlar törədilib: “Həmin vaxt əsasən Osmanlıdan qaçıb gələn ermənilər – cilo tayfaları və qismən də Qafqazdan gələn ermənilər yerli ermənilərlə birləşib Güney Azərbaycan torpaqlarında çox böyük qırğınlar törətdilər. Bunlar bir xristian erməni dövləti qurmağı planalaşdırırdılar. Ona görə də Xoy, Urmiya, Səlmas, Qoşaçayda etnik təmizləmə aparmaq üçün azərbaycanlılara qarşı soyqırmı həyata keçirdilər”.
M.Cavadi deyib ki, həmin vaxt ermənilər bu cür qanlı cinayətləri törədərkən ruslardan və fransızlardan da dəstək alırdılar: “Bəzi mənbələrdə ermənilərin həmin vaxt Güney Azərbaycanda 50 min, bəzi mənbələrdə isə 100 min Azərbaycan türkünü soyqırımına məruz qoyduğu qeyd edilir. Onu da deyim ki, Güney Azərbaycanda həmin hadisələrə “cilolux” adı verilib. Bu gün də Güney Azərbaycanda həmin qanlı olaylar kədərlə xatırlanır”.
Bildirilib ki, həmin vaxt ermənilərin bu cinayətlərinə son vermək üçün Osmanlıdan yardım gəlib: “Yerli xalqın formalaşdırdığı müqavimət qüvvəsi Osmanlıdan gələn yardımla ermənilərin qanlı əməllərinə son qoyulması üçün hərəkətə keçib. Tezliklə erməni silahlı dəstələri bölgədən çıxarılıb. Təbii ki, Osmanlı ordusu yardıma gəlməsəydi qırğınlar davam edərdi. Beləliklə də ermənilərin bölgəni etnik azərbaycanlılardan təmizləmək məqsədli cinayətlərinə son qoyuldu. Lakin ümumilikdə götürəndə deyə bilərik ki, 31 mart təkcə Quzey Azərbaycanlıların deyil, Güney Azərbaycanlıların da ermənilər tərəfindən soyqırımına məruz qaldığı gün kimi tarixə düşüb”.
Şərhlər bağlıdır.