MOLLA REJİMİ SÜQUT EDİR

Son günlər İranda işçilərin kütləvi tətilləri və etiraz aksiyaları davam etməkdədir.

Qeyd edək ki, İranın paytaxtı Tehran daxil olmaqla Dehloran, Əsəluye, İsfahan və digər şəhərlərdə bir sıra neft-qaz, neft-kimya və neft emalı zavodlarının işçiləri ağır sosial şəraitə etiraz olaraq tətillərə başlayıblar.

İşçilərin etiraz etmələrinin səbəbləri onlara uzun müddət maaşların verilməməsi və hüquqlarının tapdalanması ilə bağlıdır.

Eyni zamanda “Azad İran” “Telegram” kanalının məlumatına görə, ölkədə nəinki neft-qaz emalı zavodlarının işçiləri, həmçinin digər istehsal müəssisələrinin işçiləri də tətillərə və etiraz aksiyalarına qoşulublar. Artıq mütəmadi və davamlı xarakter alan işçilərin tətilləri və aksiyaları İranın bir çox ərazilərində müşahidə edilir.

Məsələ ilə bağlı “Savalan” Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq İsabəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran hakimiyyəti artıq kütləvi etiraz aksiyaların, nümayişlərin və tətillərin qarşısında aciz qalıb.

Yazının maraqlı olacağını nəzərə alaraq azerbaycan-ruznamesi.org oxuculara təqdim edir.

“İranda 16 şirkətə məxsus olan neft-qaz emalı zavodlarında, eləcə də digər neft istehsalı müəssisələrində çalışan işçilər tətillərə və etiraz aksiyalarına başlayıblar. Etirazların əsas səbəbi işçilərin maaşlarının aşağı olması, maaşların vaxtında verilməməsi, eyni zamanda işçilərin və fəhlələrin hüquqlarının pozulması ilə əlaqəlidir.

İşçiləri ilə imzalanmış işçi müqavilələrində işçi hüquqları və azadlıqları nəzərə alınmır. Ona görə də son zamanlar İranın müxtəlif yerlərində işçilər etiraz kampaniyalarına başlayıblar. Bu etiraz kampaniyalarına bütün zavodların və fabriklərin işçiləri qoşulur. Ölkəboyu etiraz aksiyaları və tətillər getdiqcə genişlənməkdədir.

Nəzərə alaq ki, molla rejimi hər vəchlə etirazların qarşısını almağa çalışır. Bu rejim kütləvi etirazlardan və nümayişlərdən çox qorxur. Çünki İran adlanan ölkənin iqtisadiyyatı dərin böhran içərisindədir. İnsanlar bu rejimin sərt qanunlarından həm siyasi, həm də iqtisadi cəhətdən cana doyublar. Bu, vətəndaşları kütləvi etirazlara qoşulmağa sövq edir”.

Sadiq İsabəylinin sözlərinə görə, İranın azərbaycan türklərinin məskunlaşdığı ərazilərdə də işçilərin tətilləri və etiraz aksiyaları müşahidə olunur:

“Əlbəttə, Cənubi Azərbaycanın şəhərlərində, xüsusilə Təbriz, Ərdəbil, Urmiya və Zənganda da işçilər rejimin zorakılığına, ədalətsiz iqtisadi siyasətinə, o cümlədən ağır iş şəraitinə etiraz edirlər. Etirazların kütləvi hal alması azərbaycan türklərinin yaşadığı ərazilərdə də müşahidə edilir.

Bununla yanaşı, İran adlanan ölkədə iqtisadi sahələrdə azərbaycan türklərinə, həmçinin digər xalqlara qarşı ciddi ayrı-seçilik edilir. Cənubi Azərbaycanda insanların sosial-iqtisadi vəziyyəti olduqca ağırdır. Hesab edirəm ki, bizim Azərbaycan adlanan məmləkətdə də işçilərin aksiyaları və tətilləri davam edəcək”.

Güneyli fəal vurğulayıb ki, ümummilli tətillər İranın ağır vəziyyətdə olan iqtisadiyyatına çox ciddi təsir göstərəcək:

“Neft-qaz emalı zavodlarının, habelə digər neft istehsalı müəssisələrinin işlərinin genişmiqyaslı tətilləri istər-istəməz ölkənin iqtisadiyyatına çox ağır zərbə vuracaq. Bildiyimiz kimi, İran iqtisadiyyatını təmin edən istehsal sektorlarının əksəriyyəti neft-qaz sahələrinə aiddir. Neft-qaz istehsalı müəssilərinin fəaliyyətsiz vəziyyətə düşməsi ölkə iqtisadiyyatının çöküşünə gətirib çıxaracaq. Rejim artıq nəinki siyasi, hətta iqtisadi cəhətdən də iflasa uğramaq durumundadır. Sadəcə, bu rejim ölkənin iqtisadi-sosial problemlərini ört-basdır eləmək üçün müxtəlif yollardan istifadə edir. Halbuki hər gün ölkədə sosial-iqtisadi fəsadlar, xüsusilə bahalaşma və bazarlarda bir sıra məhsulların çatışmamazlığı müşahidə edilir.

Eyni zamanda, İranın milli pul vahidi rialın dəyəri düşməkdə davam edir. Bu da insanların maaşlarında ciddi problemlər yaradır, acınaqlı sosial şəraiti daha ağırlaşdırır. Belə olan halda insanlar özlərini vəziyyətdən xilas etmək üçün əllərində olan pullarını qızıla, dollara və ya digər xarici valyutalara yatırırlar. Son etiraz aksiyaları onu göstərir ki, ağır sosial-iqtisadi vəziyyət bütün ölkədə hiss olunur və bu da rejimin sonunu yaxınlaşdıracaq”.

Şərhlər bağlıdır.