GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİM, İNQİLABÇI, JURNALİST LÜTVƏLİ ƏRDƏBİLİ YAD EDİLDİ

5 il əvvəlin anım günü

Görkəmli ictimai-siyasi xadim, təhqiqatçı, jurnalist Lütvəli Ərdəbili yad edildi.

Ötən şənbə günü, 28 Aprel günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində görkəmli ictimai-siyasi xadim, təhqiqatçı, jurnalist Lütvəli Əli oğlu Ərdəbilinin xatirəsi anılıb. Qurum üzvlərinin, alim və təhqiqatçıların qatıldığı tədbirdə öncə onun və dünyasını dəyişən məsləkdaşlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadənin məruzəsində 1927-ci ildə Ərdəbil vilayətinin Yunçu mahalının Sığırlı kəndində anadan olan L. Ərdəbilinin həyatından söhbət açılıb: “ O, 82 il ömür sürüb. Bu illərin hər biri nəsillərə örnəkdir. İbtidai təhsilini kənddə alıb, 3 il Tehranda dəmir yolunda fəhlə işləyib, inqilabi fəaliyyətə də o vaxtdan başlayıb. Azərbaycan Demokrat Firqəsi sıralarına ilk qoşulanlardan biri olub. Cavanlat təşkilatının fəal üzvü Milli Hökumətin islahatlarının kerçəkləşdirilməsində köməyini əsirgəməyib. Mühacirət illərində Bakı Ali Partiya Məktəbinin məzunu ADF-nin Şəki, Bərdə, Quba, Sumqayıt təşkilatlarının sədri və bir sıra digər mühüm vəzifələrdə çalışıb. O cümlədən ikinci katib, İMC-nin sədri kimi ona göstərilən etimadı doğruldub. “Fədailər 21 Azər nehzətində” kitabının, təhqiqat xarakterli çoxsaylı mətbu yazıların müəllifidir. Ən başlıcası isə xatirələrdə əbədi iz salan xeyirxah insandır”.

Sonra L. Ərdəbilini mübarizə illərindən tanıyanlar çıxış ediblər. İMC İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb elmləri namizədi Adilə Çernikbulənd: “ Onlar 4 dost idilər. Ərdəbil Cavanlar Təşkilatında hamıya nümunə göstərirdilər. Ömürlərinin sonunadək amallarına sadiq qaldılar. Lütvəli dostları kimi mühacirət illərində nikbinliyini ömrünün sonunadək yaşatdı. İşlərin yarıdan çoxu üzərinə düşsə də heç vaxt gileylənmədi. Bunu mən qadınlar təşkilatının sədri olduğum, onunla çiyin-çiyinə çalışdığım illərdə və sonralar əyani görmüşəm”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi) çıxışında vurğulayıb ki, Lütvəli Ərdəbili saflıq mücəssəmi kimi bütün həyatını seçdiyi yola həsr edib, hər birimiz yaxşılıqlarından fayda götürmüşük.

Səməd Bayramzadə (AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru)tədbir ərəfəsində qələmə aldığı duyğularını “Fədailər fədaisi” adlı yazı vasitəsi ilə iştirakçılara yetirib.

İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən onun Qubada komitə rəhbəri olduğu illərində necə dərin nüfuza malik olduğunu xatırlayıb.

Murtuza Nizamoğlu (İMC sədrinin müavini) isə 80-cı illərdə mühacirətə gəldiyi vaxtları yada salıb: “Çətinliklər, problemlər çox olsa da bilirdik ki, qarşımızda qayğıkeş, Lütvəli müəllim kimi bizim üçün gecəsini – gündüzünə qatan insanlar var”.

İMC sədrinin birinci müavini, istefada olan polkovnik Firidun İbrahimi İranlı Mühacirlər Cəmiyyətində bu istiqamətdə tədbirlərin keçirilməsinin ənənəyə çevrilməsindən, L. Ərdəbilinin xarakterinə xas digər müsbət cəhətlərdən danışıb.

Riyaziyyatçı alim S. Kərimi mövzunu davam etdirərək bildirib ki, həyat yoldaşı Mehdi Kərimi də həmin kontekdə ona ətraflı məlumatlar verib. Səadət xanım funksioni olduğu Azərbaycan Federasionu İsveçin (AFİ) adından İranlı Mühacirlər Cəmiyyəti üzvlərinə salamları yetirib: “Hazırda İsveçdə yaşayıb-işləyirik. Umea Universitetinin dosentiyəm. Xoşbəxt ailə qurmağımızda isə Lütvəli müəllimin müstəsna rolu var”.

Cəmiyyət üzvlərindən Araz Dadaşzadə, Əzizağa Mürsəlov, Həsən Cəbrayılov (Ahəngi) L.Ərdəbilinin gənclik illərində onlara göstərdiyi qayğı nümunələrini xatırlayıblar. İranlı Mühacirlər Cəmiyyəti Yazarlar Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı lauratı Tariyel Ümid ürək sözlərini şeirlə ifadə edib. Filologiya elmləri namizədi Pərvanə Məmmədli isə onun təhqiqat xarakterli işlərinə verdiyi məsləhətləri xatırlayıb.

Sonda İMC-nin Qadınlar Təşkilatının sədr müavini Validə Zöhrabova atasının xatirəsini əziz tutduqlarına görə mərasim iştirakçılarına minnətdarlığını yetirib və özünün “Ay ata” şeirini dilə gətirib.

Şərhlər bağlıdır.