HÖKUMƏ BİLLURİ POEZİYASI “XALQ ƏMANƏTİ”NDƏ

Populyar “Xalq əmanəti” layihəsinin növbəti 23-cü nəşri o taylı-bu taylı Azərbaycanın görkəmli ədibi, Xalq şari, ədəbiyyatşünas və ictimai-siyasi xadim Hökumə Billurinin poetik yaradıcılığına həsr edilib. Xalq Bankın əsas binasında ölkənin ədəbi-mədəni və elmi ictimaiyyəti təmsilçilərinin iştirakı ilə yeni toplunun təqdimatı keçirildi.

Mərasimin aparıcısı Azərbaycanda Ataürk Nərkəzinin rəhbəri, Milli Məcli­sin deputatı, akademik Nizami Cəfərov Xalq Bankın XX əsr Azərbaycan poezi­yasının tanınmış nümayəndəsi Hökumə Billurinin yaradıcılığının seçmə nü­munələrinin, xalqın mənəvi xəzinəsinəsi olaraq, “Xalq əmanəti” layihəsinə daxil etməsini təbii və ədalətli bir hadisə kimi dəyərləndirdi. Alim bildirdi ki, 1946-cı ildə Təbrizdə qurulmuş demokratik respublikanın ziyalı fəallarından olmuş gənc şairə Hökumə Billuri Milli Hökumə­tin süqutundan sonra yurdumuzun bu tayında siyasi mühacir həyatı yaşama­sına baxmayaraq, yaradıcılığı və ictimai fəaliyyəti ilə ömrünün sonunadək Azər­baycanın azadlığı, xalqımızın mənəvi birliyi idealına xidmət edib.

Qeyd edildi ki, qadın şairlərimizin və alimlərimizin istedadlı nümayəndələrin­dən biri kimi tanınan Hökumə xanımın zəngin və rəngarəng yaradıcılığı ikiyə bölünmüş Azərbaycanın bəlalı taleyinin poetik tərcümanı olmuş, yurd sevgisi ilə aşılanmış və milli varlığımızı qoruyub yaşatmağa səsləmiş mübariz poeziya­sı, həqiqətən, söz xəzinəmizdə layiqli yer tutur. Anadilli ədəbiyatımızın güney və quzey qollarını təmsil etdiyindən, mil­li yaddaşın kövrək və ümidli səhifələ­rini təşkil etdiyindən Hökumə Billuri poeziyası rəmzi “Xalq əmanəti” bankına daxil edilməyə tamamilə layiqdir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, yeni toplunun tərtibçisi və ön söz müəl­lifi Səlim Babullaoğlu, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Mehman Həsən­li, yazıçı-publisist Seyfəddin Hüseynli, kitabın rəssamı Tərlan Qorçu Hökumə Billurinin həyat və fəaliyyətindəm milli poeziyamızdakı özünəməxsus mövqe­yindən söz açdılar, onun yaradıcılığını əhatə edən samballı toplunun nəfis şə­kildə “Xalq əmanəti” saxlancına daxil edilməsini poeziya həvəskarlarına, söz xiridarlarına qiymətli töhfə kimi dəyər­ləndirdilər. Natiqlər yeni nəşrin tədqiqat­çılar üçün dəyərli mənbə olduğunu və “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolunu razılıqla vurğula­dılar.

Mərasimdə bildirildi ki, Hökumə Bil­luri 1926-cı il martın 3-də Güney Azər­baycanın Zəncan şəhərində anadan olub. “Azəri” qızlar məktəbində orta təhsil alıb və orada müəllimlik edib. İc­timai-siyasi fəaliyyətə II Dünya müha­ribəsi illərində Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsində başlayıb, Milli Hökumətin fəal təbliğatçı­larından olub. Demokratik Respublika­nın süqutundan sonra amansız repres­siyadan yaxa qurtarıb Arazın bu tayına pənah gətirib. Bakıda ali filoloji və siyasi təhsil alıb. “İran Azərbaycanının rea­list-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, Güney mühacirlərinin “Azərbaycan” qəzetinin baş redaktoru, AMEA Şərqşünaslıq İns­titutunun baş elmi işçisi olub.

Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında, dərc olunub. “Mənim ar­zum”, “Ölməz qəhrəman”, “Həyat yol­larında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Sən­dən uzaqlarda, “İstərəm”, “Necə unu­dum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçil­miş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının, “1940-1960: İran Azərbay­canında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoq­rafiyalarının müəllifidir. Şeirləri xaricdə də nəşr edilib.

Hökumə Billuri mahir tərcüməçi kimi Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cab­barlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini isə fars di­linə çevirib. 1984-cü ildə Hökumə Billuri Əməkdar incəsənət xadimi, 1998-ci ildə isə Xalq şairi fəxri adına layiq görülüb.

Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq salınır, oxuculara şairin əksər əsərləri təqdim edilir. Yeni nəşrdə ustad Şəhriyarın Bil­luriyə “Hökumə can” adlı şeirini əks et­dirən nadir əlyazması da yer alıb.

Sonda şairənin qızı Elnaz Qəmbərli anasının vətən həsrətindən, bədii-elmi yaradıcılıqla yanaşı, ağır ailə qayğıla­rına cəfakeşliklə çiyin verməsindən da­nışdı, nadir nəşri ərsəyə gətirənlərə və iştirakçılara Hökumə xanımın övladları adından dərin minnətdarlığını bildirdi.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Şərhlər bağlıdır.