AZƏRBAYCAN

Dünyanın ən gözəl bayrağı mənim!
Dünyanın ən gözəl paytaxtı mənim!
Müstəqil ölkəmdir dayağım mənim,
Azərbaycan!
Sən günəş ölkəsi, odlar ölkəsi,
Anamın laylası, muğamın səsi,
Dilimin ən şirin, əziz kəlməsi –
Azərbaycan!
Uçan göyərçinsən xəritələrdə!
Tarixin boylanır qərinələrdən!
Torpağın bəzənib dəfinələrdən,
Azərbaycan!
Qarabağ – Ana yurd, müqəddəs ocaq!
Bizimdir! Əbədi bizim olacaq!
Zamanın tələbi Birlikdir ancaq,
Azərbaycan!
Biz böyük yoldayıq, səfər öndədir!
Arzular gül açır, bəhər öndədir!
Öndərin arzusu, Zəfər öndədir,
Azərbaycan!
Dünyanın ən gözəl bayrağı mənim!
Dünyanın ən gözəl paytaxtı mənim!
Müstəqil ölkəmdir dayağım mənim,
Azərbaycan!
HÜSEYN MİRTƏQƏVİ

Şərhlər bağlıdır.