Müstəmləkəçi Paris bir xalqı məhv etmək istəyir: Bakı buna etiraz edir

Fransanın “dənizötəsi” ərazisi, yəni müstəmləkəsi olan
Yeni Kaledoniyada tətbiq edilmiş komendant saatına və
fövqəladə vəziyyətə rəğmən, etiraz aksiyaları səngimək
bilmir.
Paytaxt Numeadakı hava limanını Fransanın xüsusi təyinatlı
hərbçiləri qapadıblar, bütün uçuşlar ləğv olunub.
Fransa prezidenti Emmanuel Makron təcili olaraq Milli
Müdafiə və Təhlükəsizlik Şurasının toplantısını çağıraraq,
“iğtişaşlarla ən sərt şəkildə mübarizə aparılmasının
zərurəliyi” ilə bağlı göstəriş verib.
Yeni Kaledoniyada etiraz aksiyalarının səbəbi Parisin
neokolonializm siyasətini yeni səviyyəyə çıxarması, yerli
əhali olan kanakların onsuz da minimallaşdırılmış
hüquqlarının daha da məhdudlaşdırılması və onların faktiki
olaraq ikinci dərəcəli insanlar səviyyəsinə endirilməsidir.
Mayın 14-də Parisdə ölkə parlamentinin aşağı palatasının
deputatları Yeni Kaledoniyada iki gündən bəri aramsız
davam edən etiraz aksiyalarını alovlandıran qanun layihəsini
təsdiqləyiblər.
Sənədi bundan sonra parlamentin Milli Yığıncağı (aşağı
palata) və Senatının (yuxarı palata) nümayəndələrinin birgə
iclasında müzakirə gözləyir.
Lehinə 351, əleyhinə 153 deputatın səs verdiyi qanun Yeni
Kaledoniyada “qanunverici islahatlar”ı nəzərdə tutur.
“İslahatlar” Yeni Kaledoniyada yerli qanunvericilik və əraziidarəetmə orqanlarına seçkilərdə “yeni seçicilər”ə, yəni Yeni
Kaledoniyada 10 ildən çox yaşamış şəxslərə seçmək və
seçilmək hüquqlarının verilməsini ehtiva edir.
İş ondadır ki, Numey anlaşmasına görə, Yeni Kaledoniyada
seçicilərin (elektorat) tərkibi 1998-ci ildən bəri dondurulub.
Rəsmi Paris isə bundan narazıdır, çünki son 10 ildə Yeni
Kaledoniyada məskunlaşan və heç biri aborigen xalqın
mənsubu, yəni kanak olmayan şəxslər seçkilərdən kənar
qalırlar.
Fransa prezidenti Emmanuel Makron təşəbbüsü “üzvi, təbii
demokratik proses çərçivəsindəki islahat” kimi qələmə verir.
Yeni Kaledoniyanın yerli xalqı olan kanaklar isə Parisin yeni
qanun vasitəsilə onları siyasətdən, ən əsası isə yerli
qanunvericilik və ərazi-idarəetmə orqanlarından daha da
uzaqlaşdırmaq, neokolonializm ilgəyini daha da sıxmaq planı
kimi qiymətləndirirlər.
Mayın 14-dən 15-nə keçən gecə etiraz aksiyalarına
başlayan kanaklara Yeni Kaledoniya arxipelaqındakı fransız
hərbçilərlə polislər divan tutmağa başlayıblar.
Artıq 3 kanak həlak olub. Onlardan biri aldığı güllə
yaralarından küçədəcə keçinib.
Fransanın Yeni Kaledoniyadakı ali komissarı Lui Le Franın
dediyinə görə, sən demə, atəşi polislər və ya jandarmlar yox,
“özünü müdafiə etmək istəyən şəxslər açıblar”.
Bu mifik “şəxslər”in kimliyi barədə heç bir rəsmi açıqlama
verilməyib.
Fransanın daxili işlər naziri, habelə Fransanın Dənizötəsi
Ərazilər Nazirliyinin başçısı olan Jerald Darmanen “iğtişaş
iştirakçılarının yüzlərlə günahsız insanı yaraladıqlarını”
bəyan edib.
Bununla da kifayətlənməyən Darmanen tamamən absurd və
idiotik bəyanatla çıxış edib.
“Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın əli
var və onun daxili işlərinə qarışır. Separatçılar Azərbaycanla
bəzi məsələlərdə danışıqlar aparmaq üçün ora gediblər”, –
J.Darmanen “France-2” telekanalına müsahibəsində deyib.
Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin
“France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı
və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri
arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri
tamamilə rədd etdiyini bəyan edib.
Azərbaycan XİN-i Fransa tərəfinin ilk növbədə Azərbaycana
qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və
ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz
ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma
kampaniyasını dayandırmağı tələb edildiyini bildirib: “Fransa
daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi
müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara
qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla
günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini
xatırlaması daha münasib olardı”.
Rəsmi Bakı onu da vurğulayıb ki, Fransanın daxili işlər naziri
Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı
etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu
cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı
uğursuz siyasətinə diqqət yönəltməlidir: “Biz bir daha
Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa
çağırırıq”.
Yeni Kaledoniyada isə artıq 140 nəfər həbs olunub.
Paytaxt Numeanın cənubundakı Plam bölgəsində guya
jandarma hücum edərək onu ağır yaralamaqda suçlanan 6
nəfər həbs olunub, işgəncələrə məruz qalıb.
Plama Fransa Silahlı Qüvvələrinin Sakit Okean dəniz
piyadaları alayı yeridilib.
Bundan başqa, Yeni Kaledoniyaya artıq Fransa Jandarm
Qüvvələrinin xüsusi təyinatlıları (GİGN) və DİN-nin Xüsusi
Təyinatlı Qüvvələrinin (RAİD) 400 əməkdaşı yeridilib.
Yeni Kaledoniya Fransanın “xüsusi status”a malik dənizötəsi
inzibati-ərazi vahididir.
Sakit Okeanın cənub-qərb hissəsində yerləşən, təqribən 19
min kvadrat kilometrlik ərazisi olan adalardan ibarət Yeni
Kaledoniyanın 270 min əhalisi var.
1853-cü ildən bəri Fransanın müstəmləkəsi olan bu
məkanda xrom, kobalt, molibden, mis, qızıl və nikel çıxarılır.
Dünya nikel ehtiyatlarının təxminən 11 faizinə malik olan
Yeni Kaledoniyanı fransızlar sözün əsl mənasında
vəhşicəsinə istismar edirlər.
1988 və 1998-ci illərdə imzalanmış Matinyon və Numey
anlaşmalarına görə, rəsmi Paris yerli kanaklara guya daha
çox müstəqillik və hətta muxtariyyət verdiyini vurğulasa da,
reallıq tam əksinədir.
Kanaklar müstəqil olmaq, müstəmləkə statusundan
qurtulmaq, Fransanın neokolonialist siyasətinin yerli
reallığına son qoymaq istəyirlər.
Yeni Kaledoniyada müstəqilliklə bağlı indiyədək 5
referendum keçirilsə də, hamısının nəticələri Paris tərəfindən
saxtalaşdırılıb.
1988 və 1998-ci illərdəki referendumun rəsmi “nəticə”lərinə
görə, guya Yeni Kaledoniya sakinlərinin müvafiq olaraq 57
və 71 faizi muxtariyyət statusu ilə razılaşıblar.
2018-ci ildə keçirilmiş referendumda yerli sakinlərin 56,7
faizi, 2020-ci ildə – 53,3 faixi, 2021-ci ildəki referendumda isə
artıq 96 faizi (!) müstəqilliyin əleyhinə “səs veriblər”.
Halbuki Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə
siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib.
Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb.
Lakin Fransa hələ də onlara qarşı kolonializm siyasətini
davam etdirir. Yerli kanaklar dəfələrlə bəyan ediblər ki,
Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini
itirmək təhlükəsi yaşayırlar.
Xatırladaq ki, Azərbaycan beynəlxalq arenada
dekolonizasiya prosesini təşviq edir, müstəmləkəçilikdən
əziyyət çəkən xalqların haqlı mübarizəsini və
neokolonializmə müqavimətini dəstəkləyir. Ölkəmiz
neokolonializmə qarşı mübarizəni prioritet elan edib.
Bildirilib ki, dəyərlərini gələcək nəsillərə ötürmək üçün
mübarizə aparırlar və bu istiqamətdə Azərbaycanın
təşəbbüslərini təqdir edirlər. “Azərbaycan bizim üçün
nümunə, böyük qardaş rolunu oynayır”, – Bakıda olan
Kaledoniya nümayəndə heyətinin üzvlərindən biri demişdi.
Ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin
İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf,
energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd
Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni
Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən
Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist
siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların
azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi
çətinliklərdən bəhs edib.
O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz
müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə
bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir,
konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli
xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır:
“Azərbaycana təşəkkür edirik, çünki bu ölkə bizi mübarizədə
ilhamlandıran tərəfdir. Azərbaycan bizim üçün həqiqi bir
nümunədir”.
O.Naisselin Azərbaycan parlamenti ilə bağlanan əməkdaşlıq
memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni
qapılar açacağını bəyan edib. Onun sözlərinə görə,
müstəmləkə altında milli mənsubiyyəti qoruyub saxlamaq
çox çətindir:
“Fransa isə, əlbəttə, bunu istəmir və təzyiq göstərir. Bizim
əsas məqsədimiz mədəniyyətimizi, dəyərlərimizi qoruyub
saxlamaqdır. Fransa öhdəliklərinə hörmət etmir, tərəfsiz
qalmır. Fransanın bizim ölkəmizdəki seçkiyə müdaxiləsi
xalqımızın mənafeyinə uyğun deyil. Bu bizim ölkəmizdəki
demokratik mühitə və stabilliyə mənfi təsirini göstərə bilər”.
Sadaladığımız olaylardan dolayı Yeni Kaledoniyadakı etiraz
aksiyalarında Azərbaycan bayrağının dalğalanması,
kanakların Azərbaycana minnətdarlıq etmələri əsla təsadüfi
deyil.
Təbii ki, rəsmi Paris də Bakının nekolonializmə qarşı
mübarizəyə siyasi və mənəvi dəstək verməsindən çox
narahatdır.
Zatən, müstəmləkəçilərin maskaları yırtılanda onlar nə
zaman razı qalıblar ki…
Elçin Alıoğlu
TREND

Şərhlər bağlıdır.