Azərbaycana qarşı mədəni genosid

Dünyanın mədəni təkamülündə “kitab” son dərəcə əhəmiyyətli rol oynamışdır. Eyni zamanda kitaba olan münasibət də müxtəlif zamanlarda fərqli şəkillərdə özünü göstərmişdi. Bir sıra mütəxəssislərin tədqiqatında kitaba olan aqressiv münasibəti “book genocide”, “biblioclasm”, “libricide” kimi adlandırmış, bu anlayışlar eyniləşdirilmiş və belə davranışların mahiyyəti, səbəbləri çox zaman təhlil edilməmişdi. Lakin tarixi təcrübə göstərir ki, kitaba olan aqressiv davranışlar müxtəlif səbəblərdən qarşıya çıxmışdı və əsasən də ideolojı səbəblərdən repressiyaya məruz qalmışdır. Dini müəssisələrin və müxtəlif hakim dairələrin fərqli səbəblərdən qadağan etdikləri bir qrup kitablar olmuşdur ki, bu kimi hadisələri əsasən senzura olaraq adlandırmışdılar. Bir qrup kitabların qadağan edilməsi, onlardan istifadənin məhdudlaşdırılması kimi hadisələrə tarixdə çox rast olunur. Bu problem də ayrıca öyrənilməyə dəyər.
Kitabların kütləvi yandırılması, qadağan olunmuş kitabı oxumaq səbəbindən edam hökmlərinin verilməsi kimi hadisələr də çoxdur. Lakin milli xüsusiyyətlərinə görə, dil xüsusiyyətlərinə görə kitabları başdan-başa yandırmaq, eləcə də bunu nümayişkarcasına etmək kimi  hadisələr tarixdə çox deyil.  Tarixdə  milli genosidin davamı olaraq “kitab genosidinin” həyata keçirilməsi hadisələri mövcuddur və bunu hər hansı kitab repressiyaları, senzura hadisələri ilə eyniləşdirmək yalnışdır. “Kitab genosidi” hadisəsini digər kitab repressiyalarından fərqləndirən tarixi misalları müqaisə və təhlil edərək  fərqli nəticələr əldə edilir.
Elmi konsepsiyalara mane olan, ideolojı, milli və dini “komplekslər” tarix boyu özünü informasiyanın sərbəst dövriyyəsində, kitab məhsulunda və kitabxana fəaliyyətində göstərmişdi. İnformasiya xidməti və hər hansı informasiya fəaliyyətində qadağalar və məhdudiyyətlər bütün zamanlar olub və bu gün də var. Nəzərə alsaq ki, bu gün də inkişaf etmiş ölkələrdə nəinki istifadəyə, hətta kataloqlaşması  qadağan edilmiş kitablar və kitabxana fondları mövcuddur, etiraf olunmalıdır ki, kitab və informasiya kütləsi ilə manipulyasiya cəhdləri bu gün də aktualdır. Müasir texniki imkanlar bu prosesi daha artıq mürəkkəb və idarəolunmaz edir.
Kitabxana  resurslarının repertuarı,  resursların komplektləşdirilməsi, məlumat xidmətinin təşkili və kitabxana siyasətinin həyata keçirilməsi prosesində demokratik prinsiplər müasir mədəni cəmiyyətin vacib tələbidir. Qlobal iqtisadi  proseslər və beynəlxalq ictimai inteqrasiya şəraitində  informasiyanın əhəmiyyəti ildən-ilə artmaqdadır. Bu prosesin aktiv iştirakçısı  kitabxana-informasiya müəssisələridir.  Kitabxana-informasiya müəssisələri həm ənənəvi fəaliyyət formasında həm də  müasir fəaliyyətin geniş çərçivəsində informasiya təhlükəsizliyi probleminin sosial və psixoloji aspekti ilə qarşılaşır, maraqların konfliktində, senzura və məhdudiyyətlərin mərkəzində yer tutur. İnformasiya mühitinə təsir etmək – mədəniyyətə, biliklər sənayesinə və incəsənət sahəsinə təsir etmək deməkdir.
İnformasiya mühitinə təsir fraqmental informasiya, informasiyanın manipulyasiyası, dezinformasiya şəklində təzahür edir. Deməli, informasiya mühitinin də keyfiyyəti vacib amildir. Bu problemin daha detallı analizə ehtiyacı var. Biliklər cəmiyyəti informasiya mühitini vaxtaşırı test etməli və demokratik, sənədli məlumatların inteqrasiya mexanizmləri tətbiq etməlidir.
Almaniyada 1933-cü ilin may ayının 10-da nasistlərin kütləvi kitabların yandırmasının şahidiyik. Həmin illərdə Sovetlər Birliyində də kitablar yandırılırdı. Fəqət başqa meyarlarla və Almaniyadakı kimi nümayişkarcasına deyil. Almanlar yəhudi əsilli yazıçı və alimlərin əsərləri ilə yanaşı bir sıra digər ədəbi əsərləri də yandırılmalı olan kitablar siyahısına daxil etdilər. Proses milli deyil, ideoloji mahiyyət daşıyırdı və Almaniyada kütləvi edamlar və təqiblər hələ başlamamışdı. Sovet hakimiyyəti də kitabları əsasən ideoloji səbəblərdən yandırırdı. Krım tatarlarının sürgün edilməsindən sonra yarımadada bütün krım-tatar dilində kitablar, mətbuat və tədris ədəbiyyatı kütləvi şəkildə yandırıldı.
Demokratik olmayan dövlətlərdə (orta əsrlərə də aid edilə bilər) kitabxana xidmətinin demoktarikliyindən danışmaq olarsa, demokratik üsul ilə idarə edilən bir siyasi sistemdə qeyri-demokratik  informasiya xidməti də mövcud ola bilir. Belə halları sübut etmək üçün xeyli nümunələr mövcuddur.  Kitabxana-informasiya fəaliyyətində ideoloji amil həmişə mövcud olub, çünki demokratiya özü də ideologiyadır.  Senzura dövlətlərin tarixi ənənədə həyata keçirdiyi sərt ideoloji məhdudiyyətlərin məcmusu kimi tətbiq olunub və özünü ifadə edib. Senzuranın aradan qaldırılması ilə əlaqədar hər bir siyasi, sosial və iqtisadi islahatlar, hər dəfə onu yeni formada qarşıya çıxarıb. Hal-hazırda da senzura  geniş informasiya fəaliyyətində  dövlət siyasəti, kitabxana siyasəti, kitabxanaçı mədəniyyətinin və mütəxəssisin dini, milli mənsubiyyəti və intellektinin irəli sürdüyi  məhdudiyyətlər çərçivəsində özünü göstərməkdədir.
Kitab genosidi tarixinə ekskurs:
Azərbaycanda (İran ərazisində olan tarixi cənubi Azərbaycan) 1946-cı il dekabr ayının 17-də (1325-ci il azər ayının 26-da) baş verən mədəni soyqırım  “yandırılmış kitablar günü” adı ilə xatırlanır. Dünya elmi informasiya dövriyyəsində, eləcədə sosial və kulturoloji dairələrdə çox az xatırlanan bu hadisəni təhlil etməyə ehtiyac var.
İran şahlıq rejiminin (Pəhləvilər sülaləsi) təzyiqindən və səriştəsizliyindən boğaza yırılmış xalq milli hakimiyyətini təsis etdi və milli dəyərlər çərçivəsində həyatını qurmaga başladı. II Dünya Müharibəsinin nəticələri ilə daha da demokratikləşmə ümidində olan xalq 1946-cı ildə İran şah rejiminin hərbi hücumuna məruz qaldı, minlərlə insanlar öldürüldü, on minlərlə insan ölkədən mühacirət etdi, on minlərlə insan sürgün edildi. Bu barədə tarixi sənədlərdə çox sayda məlumat verilir. Lakin 1946-cı ilin dekabr ayının 17-də, Azərbaycanda demokratik dövlət quruluşunun dağıdılmasından 4 gün sonra İran rəsmi dairələri kütləvi şəkildə kitab məhsullarının yandırılması aktları keçirməyə başladı. Azərbaycan dilində bütün növ kitablar, bədii ədəbiyyat, məktəb dərslikləri, mətbuat nümunələri, üzərində Azərbaycan dilində yazılmış hərhansı bir kağız, sənədlər yandırılmağa başlandı. Bu işi  rəsmi dövlət orqanları nəinki gizli etmir, hətta kütləvi tədbirlər keçirilir, məktəblərdə kiçikyaşlı uşaqları öz ana dilində olan kitablarını gətirməyə və məktəbdə kütləvi mərasimlərdə onu tonqallara ataraq yandırmağa məcbur edirdilər. Bu barədə məlumatı İranın rəsmi mətbuat səhifələrində, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin xatirələrində çox rast gəlirik.
1947-1949-cu illərdə, dünyanın siyasi güc mərkəzləri yeni dünya “xəritəsinin bölünməsi” ilə məşğul olduğundan bu hadisə beynəlxalq mətbuatda bir o qədər də işıqlandırılmadı. 1947-ci ilin Paris Sülh Konfransı da əslində dünyada sülh yaratmaq deyil, “pay bölgüsü” ilə məşğul oldu.
Təbrizdə çıxan “Azərbadəkan” (İran) qazeti 13 avqust tarixli baş məqaləsində yazır: “Kəndlilərin vəziyyəti olduqca pisdir, bütün Azərbaycanı dilənçilik və bədbəxtlik bürümüşdür… Hər gün və hər saat kəndlərdən şəhərə (Təbrizə) dəstə-dəstə yoxsul, ac, çılpaq və xəstə kişilər, qadınlar, uşaqlar və gənclər gəlməkdədir. Bunlar işsizlərin və səfillərin sayını daha da artırırlar”.  Bu mənzərə göstərir ki, milli kitaba yönəlmiş genosid dövlətin məqsədyönlü fəaliyyətin nəticəsi olaraq baş verirdi.
1949-cu il oktyabrın 16-da Y.Kursanov və A.Əfəndiyev tərəfindən “Komunist” (Azərbaycan) qəzetində yazılmış məqalədə deyilir: “Yaşasın Pişəvəri!” çağırışları getdikcə daha gur səslənir. Bu o deməkdir ki, Cənubi Azərbaycanda qısa bir müddət ərzində qalib gəlmiş xalq demokratiyası bütün ölkəyə nicat yolunu göstərdi. Bu ölkənin hazırki hakimləri, yalnız demokratiya yoluna çıxmaqla dəhşətli gələcəkdən yaxanı qurtarmağın mümükün olduğu fikrini zavallı xalqın şüurundan heç bir terrorla çıxara bilməyəcəklər.
Hadisələrin bir iştirakçısı öz xatirələrində yazır: “21 Azərdən  bir həftə keçdi, məktəbə getdik. 21 Azər olan məktəbin adının yenidən  15 Bəhmən olaraq dəyişdirildiyini gördüm. Yeni direktor gəldi. Uşaqlar cənab Rəfəti götürdüklərini dedilər. Müxaliflər məğlub oldular, Pişəvəri qaçdı və dilini də özü ilə apardı! İndi  onun əsərlərinin qalıqlarını məhv etmək üçün birlikdə gedirik. Sıraya düzülüb Mirzə Hüseyni Vaez xiyabanı kimi tanınan dar xiyabandan keçdik. Lilava Keçid Meydanında  tonqal alovlandı. Digər məktəb uşaqları da gəldi, kitabları bir -bir atəşə atdıq. Yeni direktorumuz kitabını alov içinə atan hər bir uşağa şirniyyatlar verirdi, məktəb direktorları da uşaqların kitablarını gizlətməməsi üçün diqqət edirdilər. “Kitab yandırma” mərasimindən sonra o gün məktəbi bağladılar ki, evə gedin, sabah gələrsiz. Atam evdə əsəbləşmişdi və  deyirdi: Kitabın günahı nə idi. “Qəzetlər türk dilini Pişəvərinin dili adlandıraraq lağa qoyublar, qonşu dili deyilki? Dilin  Pişəvəri ilə nə əlaqəsi var? ” Biz bu dildə nəsillər boyu danışmamışıqmı? Ana dedi: “Düşünürdülər ki, İranda, hətta dünyada, yalnız bir dil var”.
Paris Sülh Konfransı (1947) zamanı Parisdə təhsil alan Cavad Heyət ( 1925 -2014) öz xatirələrində İnqilabdan sonra  Azərbaycanda kitabın yandırılması faciəsi barədə yazır: Şah Ordusu Qaflanti dağında qısa bir atışmadan sonra Təbrizə girdi. Əksər  liderlər sərhəddən keçdilər. Qalan insanlar “demokratlarla”  ən kiçik bir işbirliyi quranlar tutularaq öldürüldü, minlərlə azərbaycanlı öldürüldü, bir çoxu həbs edildi və sürgün edildi. Mərkəzi hِökumətin nümayəndələri Tehranın əmri ilə məktəb dərsliklərini toplayıb yandırdılar. O vaxtdan başlayaraq türk mətbuatı və nəşrləri qadağan edildi, radio və məktəblər yalnız farsca ola bilərdi. O  zaman bütün kütləvi və qeyri-kütləvi mətbuat bu hərəkətlərə qarşı susdu. Məzmun baxımından yandırılmış kitablarda dinə, vətənpərvərlik hisslərinə və ya İranpərəst fikirlərə zidd olan heç bir material yox idi … O vaxt heç bir hِökumət və ya təşkilat bu kitabların  yandırılmasına etiraz etmədi. Hətta dünyanın mədəniyyət təşkilatları da susdu. Hər tərəfdən (soldan və sağdan)  Azərbaycan xalqı vurulmuşdu. Azərbaycan xalqı “yanırdı” və dِözməkdən  başqa çarəsi yox idi”.
Ərdəbildə Codət mətbəəsi yandırıldı: Azərbaycanda kitabların yandırılması zamanı türk mətbəələrinə də hücum edildi, məhv edildi və yandırıldı. Məsələn, müasir mətbəələri olan Ərdəbildəki Codət Çap Evi ordu və şah ordusu tərəfindən talan edildi və yandırıldı.
Paris Sülh Konfransına ünvanlanmış “Yandırılan kitablar” şeirini Azərbaycanın xalq şairi Səməd Vurğun Cənubi Azərbaycanda baş vermiş “kitab genosidinə” həsr etdiyi zaman dünyanın “güc mərkəzləri” dünya sərhədlərinin bölüşdürülməsi ilə məşğul idi. Şair irticaya mürəciətlə deyir:
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar, Min kamalın şöhrətidir, iki ürəyin arzusu…
Biz köçürük bu dünyadan, onlar qalır yadigar, Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,
Min kamalın şöhrətidir, iki ürəyin arzusu…  (Səməd VURĞUN)
26 yaşında “dünyanın siyasi qüvvələri” vasitəsi ilə hakimiyyətə gəlmiş və çox da yüksək savadı olmayan, atasından hakimiyyət zorla alınaraq ona verilmiş İran şahı -Məhəmməd Rza Pəhləvi Cənubi Azərbaycanda milli azadlıq hərəkatını “qanla boğmaq“ istəyini kitabların kütləvi genosidi ilə davam etdi. „Kitab genosidi“ milli-mədəni genosidin  davamı olaraq həyata keçirilirdi. Növbəti addım olaraq milli dildə danışmaq qadağan edilir, milli kimliyin aşağılanması və təhqir olunması  təşviq edilir, milli “ad”, toponim, poeziya, folklor, musiqi qadağan olunmağa başlandı.
İran Pəhləvi rejiminin kitab genosidindən 35 il sonra orta məktəblərin ilk beş sinifində tədris olunmaq üçün çap olunmuş dərsliklərdən “Ana dili” kitabları görkəmli ədibiyyat xadimi Məmmədəli Fərzanə tərəfindən Tehran şəhərində yenidən çap olundu. Buna baxmayaraq, yenə də Azərbaycan məktəbliləri “Ana dili” dərslərini ala bilmədilər və ana dili dərslərinə edilmiş “faşist qadağaları” ölkədə davam etdirildi.
Bu hadisələrin mahiyyəti dəhşətverici olduğu halda mədəni dünyanın düşüncə adamları heç bir reaksiya vermədi və bu hadisələr sonrakı illərdə dünyanın digər kitab repressiyaları ilə hətta eyniləşdirilmədi.
Rus tədqiqatçısı E.Paroşina “Kitaba olan nifrətin antologiyasi: tarixdə və mədəniyyətdə bibliosid”  adlı məqaləsində kitab genosidi kimi hadisələrin tarixi xülasəsini verməyə çalışır. Müəllif bu məqalədə “librisid” termininin mənasını açıqlayır, eyni zamanda tarixdə və mədəniyyətdə kitab yandırılması formalarından bəhs edir. Məqalə irəli sürülən hadisələri tanış oldugu XX və XXI əsrlərin tarixi faktlarına və məşhur “sənət əsərlərinə” əsaslanırsa da, müəllif nə Cənubi Azərbaycanda törədilmiş “kitab genosidindən” söz açır, nə də Səməd Vurğunun şerindən xəbəri yoxdur.
Müəllif “libriside”,” biblioklasm” anlayışlarını senzura (censorship) ilə eyniləşdirir və bu da yanlış yanaşmadır. Sovet dövründə kütləvi senzura hadisələrini göstərərək elə bir mənzərə yaradılır ki, sovet dövründən öncə Rusiyada senzura olmayıbmış. Əlbətdə ki, belə deyil. Məqsədimiz kitab genosidinin həqiqi mahiyyətini, məqsədini və səbəblərini öyrənmək olduğundan E.Paroşinanın məqaləsini əsas olaraq götürmək olmaz və bu mövzuda rus dilli tədqiqatlar içərisində fərqli məzmun daşıyan və əsaslı tədqiqat qarşımıza çıxmır.
Biblioklazm (xəstəlik) – yunancadan tərcümədə “kitabyandırma” kimi anlaşılır. Məlumdur ki, tarixin müxtəlif mərhələlərində biblioklazm (kitabyandırma xəstəliyi adlanır) bir xalqın digər xalqı itaətə almaq və yaxud mədəniyyətini məhv etmək məqsədilə həyata keçirilən qəddar siyasi davranış metodudur. Librosid-siyasi anlayış kimi istifadə olunur və “kitab genosidi” kimi əsasən politoloqlar tərəfindən işlədilir.
Qin Shi Huang (Çin hökmdarı)eramızdan əvvəl 221-ci ildə kitabların kütləvi yandırılması ilə yadda qalıb. Burada mütləq qeyd olunmalıdır ki, bu Çin hökmdarı yalnız Kanfusiyaçıların kitablarını yandırırdi və öz düşüncəsində ideoloji mübarizə aparırdı.
Kitaba barbar münasibətin ən bariz nümunəsi mədəni və müasir Avropada -1934-cü ildə Berlində Opera meydanında nasistlər tərəfindən kitabların yandırılmasıdır. Nasist Almaniyasının hakimiyyət orqanları nasional-sosializm ideologiyasına uyğun gəlməyən kitabları nümayişkaranə şəkildə yandırmaq kampaniyası həyata keçiriblər. Yanğınların icraçısı Almaniya Tələbə İttifaqı olub. Aksiya zamanı tələbələr, professorlar və nasist partiyasının yerli liderləri Almaniyanın 70 şəhərində on minlərlə kitabı kütləvi şəkildə yandırıblar. Bu hadisənin təhlili də göstərir ki, nasistlər kitabı milli mənsubiyyətinə görə deyil, ideoloji xüsusiyyətinə görə seçirdilər və milli olaraq birbaşa özlərinə aid olan kitabları yandırırdılar.
İkinci Dünya Müharibəsində Almaniyanın məğlubiyyətindən sonra “denasifikasiyanın” bir hissəsi olaraq, faşist ədəbiyyatının kütləvi şəkildə məhv edilməsi, o cümlədən  bütün məktəb dərsliklərinin tamamilə məhv edilməsi həyata keçirildiyi zaman, ölkəni yenidən ziyanlı kitablara repressiya  dalğası bürüdü. Bu hadisələr də başqa millətə yönəldilmiş repressiya deyildi.
Beləliklə, elan edilmiş ideologiyaya zidd olan “zərərli” biliklərin məhv edilməsi ilə yanaşı, düzgün adlandırılan paradiqmalara dəstək verən kitablar da çap olunurdı. Məhz cəmiyyətdə lazımi paradiqmanın formalaşdırılması, cəmiyyətdə hakim  düşüncə üçün zəruri olan ideyaların inkişaf etdirilməsi məqsədi ilə kitabxanaların yenidən formalaşdırılması və “yenilənməsi” prosesi baş verirdı. Cəmiyyəti ideologiyanızın düzgünlüyünə inandıraraq, ideya vasitəsilə ifadə olunan iradənizin sadiq davamçısı və sədaqətli icraçısı əldə edirsiniz. Bir fikri tərənnüm edən şəxs özü buna inanmaya bilər, onun qüsurlarını bilər, amma kitab yazmaqla bir çox insanı bu ideya ilə üz-üzə görüşməyə məcbur edəcək, şüuruna iz buraxacaq və sonrakı düşüncə tərzinə təsir edəcək. Qalanları təqdim olunan ideologiyaya qarşı çıxa bilər, ona bu ideologiya baxışından fərqli, özünə aid, “başqa”düşüncə ilə  qarşı çıxa bilər. Bu fərqli müxaliflər dünyasıdır, real olmayan və ya hələ real olmayan, lakin mövcud olan, ancaq kiminsə şəxsində mövcud olan mümkün dünyadır və burada kitab “digərlər” kimi çıxış edir.
Bütün bu hallarda kitab ideoloji alternativ olaraq baxılır və onların xüsusi şərtlərlə seçilməsi, müxtəlif tarixi mərhələlərdə istifadəsinin tənzimlənməsi, bəzi kitabları xüsusi şərhlərlə yayımı qətiyyən kitab genosidi deyil, zira məqsəd kökünü kəsmək, müəllifi, sözü, fikri, düşüncəni yox etmək kimi vəzifələri qarşıya qoymur.  Rey Bredberinin “451 dərəcə Fahrenheit” əsərində də  təsvir olunan hadisələrin böyük faciə olmasına baxmayaraq, bunları “kitab genosidi” adlandırmaq mümkün deyil. Burada Kitablar milli xüsusiyyətinə görə yandırılmır.
SSRİ-nin dağılmasından sonra post-sovet respublikalarının kitab satış şəbəkəsində və kitab anbarlarında yüz minlərcə Sov.İKP qurultay, plenum və konfrans materialları, regional partiya təşkilatlarının sənədləri, memuar və müxtəlif xassəli siyasi ədəbiyyat “utilizasiya” edildi. Çox böyük həcmdə bu növ kitabların bir anda dövriyyədən çıxarılması “kitab genosidi” olaraq qiymətləndirilmədi. Milli xüsusiyyətlərinə görə kitabların yandırılması (ya gizli, ya da ictimaiyyət qarşısında) hadisələrinin Ukrayna xalqının tarixində də fərqli səhnələri yaqin ki, vardır. Milli varlığı inkar etmək, milli əlamətlərə görə təqib və sürgün etmək, edamlar və repressiyaların davamı olaraq kitab genosidini tətbiq etmək, davamı ilə də milli dildə danışmagı qadağan etmək kimi hadisələrə Ukrayna xalqının mədəni tarixində rast gəlmək olar.
1992-1993-cü illərdə Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı erməni vandalları tərəfindən ilk öncə 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana, o cümlədən Şuşada 32 kitabxana, bu kitabxanalarda saxlanılan unikal, qədim kitablar, Kəlbəcərdə 120 kitabxana, Füzulidə 90 kitabxana, Cəbrayılda 31 kitabxana, Zəngilanda 70 kitabxana, Ağdərədə 65 kitabxana, Laçında 119 kitabxana, Qubadlıda 85 kitabxana, Xocalıda 69 kitabxana, Ağdamda 107 kitabxana və burada toplanmış 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhz milli mənsubiyyətinə görə yandırılaraq məhv edilmişdir. Əgər nəzərə alınsa ki, Sovet hakimiyyətinin süqutundan sonra Azərbaycanda milli kitab sərvəti təxminən 18-19 milyon nüsxə təşkil edirdi, Qarabağda ermənilər tərəfindən yandırılan kitabların həcmi böyük “xüsusi çəkiyə” malikdir və bir millətin mədəni-maarif həyatına böyük zərbədir.  Belə bir cinayəti -“kitab genosidini” törətmiş insanların çox böyük “mədəni tənəzzüldə“ olduğunu göstərir.
Biz müxtəlif tarixi hadisələrdə, müharibə və siyasi qarşıdurmalarda kitabların zərər çəkməsi hadisələri ilə tanışıq. Lakin milli mənsubiyyətinə görə kitabların kütləvi yandırılması hadisəsi mədəni insan cəmiyyətinin münasibət göstərməyə məcbur olduğu hadisədir. Bu hadisəni digərləri ilə qarışdırmaq, ümumiləşdirmək və eyni hadisə olaraq qiymətləndirmək yanlışdır.
2020-ci ilin dekabr ayının 8-də, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xalqın kitab irsinin bütünlüklə məhv edilməsi ilə əlaqədar İFLA-ya ( Uluslararası Kütüphane Dernekleri ve Kurumları Federasyonu) müraciət edir. Təqdim olunan sənədlər əsasında İFLA rəhbərliyi 2021-ci ilin yanvar ayının 19-da YUNESKO-ya rəsmi məktub ünvanladı və törədilmiş cinayətin araşdırılmasını tələb etdi.
Bu günə qədər dünyanın mədəni qurumlarından son 70 ildə Azərbaycanda törədilmiş iki kitab genosidi hadisəsi ilə əlaqədar heç bir reaksiya olunmamışdır. Bu hadisələrə kimlərinsə qiymət verməsinə ümidli olmaq da sadəlövhlük olardı. Azərbaycan ziyalılarının bu hadisələrin təqibçisi olması və mədəni genosidin cavabını verməsi vacibdir.
Pərviz Kazımi
Tarix üzrə fəlsəfə doktoru, dosent 

Şərhlər bağlıdır.