Bayden administrasiyası, o cümlədən Blinken tarixdə simasızlıq, riyakarlıq və xəyanət nümunələri kimi qalacaqlar

Vüqar Rəhimzadə

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi,
şübhəsiz, çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Xüsusi
vurğulamaq lazımdır ki, sazişdə yenə də “Dağlıq Qarabağ” ifadəsinin
işlədilməsi artıq ömrünü başa vurmuş Bayden administrasiyasının, o cümlədən
bu administrasiyada Dövlət katibi vəzifəsini tutmuş Antoni Blinkenin
indiyədək bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti
təzahürü sayıla bilər. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizdən sonra ən yüksək tribunalardan, o cünlədən
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində aparılan
müzakirələrdə bu çağırışı etdi ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi
yollarla həll etdi. Ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ
münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında
inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul tarixli Fərmana əsasən, Qarabağ
və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq. Prezident İlham Əliyev həmin
müzakirələrdə, həmçinin BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə
istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və
manipulyasiya xarakterli adlardan istifadə etməyə yol verməməyə çağırmışdı.
Artıq ABŞ-ın Dövlət katibi postunu tərk edən Antoni Blinkenin son anda belə
öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraqlarına,
mənafelərinə zərbə vurmaqdan, yeni Prezident Donald Trampın komandası
üçün “minalanmış sahələrin” coğrafiyasını daha da genişləndirməkdən
çəkinməməsi diqqətdən kənarda qalmır.

Bu fikirləri Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ tarixində qara ləkə kimi qalacaq Bayden
administrasiyası dünyanın müxtəlif bölgələrində qanlı qarşıdurmaların,
üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd
yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin,
bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr
yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi sabiq Prezident
Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim
edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi digər mənfi
keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Bayden administrasiyasının son
illərdə fəaliyyəti dünya xalqlarında ABŞ-a qarşı inamsızlığın yaranmasını
şərtləndirdi. Sözdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi
üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının
tərəfdarı olduğunu bildirən Bayden administrasiyası əməldə tamamilə fərqli bir
yanaşma ortaya qoydu. Azərbaycan 30 illik işğal və postmünaqişə dövrlərində
dünya güclərinin, xüsusilə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan
ölkələrin ikili standartdan irəli gələn addımlarının dünyada onlara etimadın
sıfıra enməsinə səbəb olmasının şahididir. Son vaxtlar isə Ermənistanın
silahlandırılması açıq-aşkar regionda vəziyyətin gərginləşdirilməsinə xidmət
edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Ukraynada baş verənlər, öz ölkəsini
tərk edib dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində həlak
olan milyonlarla ukraynalının qanı Bayden administrasiyasının, o cümlədən
Blinkenin üzərindədir. Yaxın Şərqdə baş verənlər də Blinkenin oyunlarının
nəticəsidir. Qəzzada, Livanda baş verən faciələrin baiskarı olan Blinkenin əli
həlak olmuş on minlərlə dinc insanın qanına batıb. Keçmiş administrasiyanın
xeyli sayda bu kimi ədalətə və beynəlxalq hüquqa zidd əməllərini, destruktiv
addımlarını sadalamaq olar. ABŞ Baydenin prezidentliyi dövründə beynəlxalq
səviyyədə özünə olan inamsızlığı daha da artırdı. Bayden administrasiyasının
qatı ermənipərəst mövqeyi, xüsusilə Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın
Azərbaycan və Ermənistan arasında danışıqlardan və Vaşinqtonun Cənubi
Qafqazdakı proseslərdən uzaqlaşdırılması ilə nəticələndi. Eləcə də onun
Gürcüstanı qarışdırmaq, gürcü xalqının fəlakəti üzərində öz siyasi
ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.

Milli Məclisin deputatı bildirib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq
sazişinin imzalanmasında hər iki tərəfin öz maraqları vardır. Ermənistan
hazırda heç bir sahədə ABŞ-la strateji tərəfdaşlıq quracaq səviyyədə deyil.
İqtisadiyyatı böhran içərisində olan bir ölkənin hansısa sosial rifahdan, hərbi
gücdən danışması mümkünsüzdür. Bu fakt inkaredilməzdir ki, Ermənistan bəzi
dünya güclərinin əlində bir oyuncaq, onların maraqlarının ifadəçisidir. Bu
mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçən ilin aprelində tarixdə ilk dəfə
olaraq Amerika, Avropa İttifaqı və Ermənistan adı ilə çox qəribə bir əməkdaşlıq
platforması yaradılmışdı. Amerikanın Dövlət katibi, Avropa Komissiyasının
Prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir
araya gəlmişdilər. Onlar faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə
etmişdilər.

Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına
müsahibəsində bu əməkdaşlığa diqqəti yönəldərək bildirdi ki, bu görüşdən
əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra
o, rəsmən oradan çıxarıldı. De-fakto orada qalır. Bu, əslində, həm Avropa
Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan
normallaşma prosesindən kənarlaşdırıb. Prezident İlham Əliyev bu çağırışı etdi
ki, əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Avropa
İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər
keçirilmişdir. Artıq buna da son qoyuldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, bütün bunlar dövlətlər arasında
münasibətlərin formalaşmasında və yeni istiqamətlər üzrə inkişafında etimad
mühitinin mövcudluğunu daha da aktuallaşdırır. Etimad olmadığı təqdirdə
əməkdaşlığın möhkəmliyindən, hədəfə doğru birgə addımlamaqdan danışmaq
mümkün deyil. Bayden administrasiyası və Blinken dünya nizamını pozaraq
onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə aparan sorosçu
şəbəkənin parlaq nümayəndələrindən biri kimi tarixdə qalacaq.
Millət vəkili bildirib ki, son dörd ildə ABŞ-ın addımlarına diqqət yetirdikdə
ölkəmizlə münasibətlərində də dəyişikliyi aydın görmək mümkündür.
Ermənistana dəstək Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini
göstərdi. Azərbaycan bu illər ərzində Qərb ölkələrinin, ABŞ-ın əsassız
təbliğatları ilə üz-üzə qaldı. 1992-ci ildə ABŞ-ın xarici siyasətinin prioritetlərini
müəyyənləşdirərkən ədalətsiz yanaşma ortaya qoyaraq ölkəmizə qarşı tətbiq
etdiyi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz “907-ci düzəliş”in gah gündəmə
gətirilməsi, gah da dondurulması da bəzi məqamlara işıq salır. Düşünürük ki,
Tramp administrasiyası yeni vəziyyət yaratmaqla münasibətlərdə etimad
mühitinin formalaşmasına səy göstərəcək. Yeni dünya nizamının formalaşması
ABŞ üçün də bir sıra mühüm yeniliklərə yol açacaq. Bayden administrasiyası,
o cümlədən Antoni Blinken dünyada xaos və anarxiyanın, böhran və siyasi
iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun
dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət
nümunələri kimi tarixdə qalacaqlar.

Şərhlər bağlıdır.