ÖZBƏKİSTANDA QAZAXISTAN SSENARİSİ İŞƏ SALINIB?

Bir neçə gündür ki, Özbəkistanın Qaraqalpaqıstan ərazisində aksiyalar keçirilir. Məlumata görə mitinqin səbabi aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsidir. Özbəkistan Milli Qvardiyası ərazidə vəziyyətin tam nəzarətdə olduğunu açıqlayıb. İndi əsas sual budur: aksiyalar daxili faktorlar, yoxsa xarici təsirlə bağlıdır? Əlbəttə, əslində ikisi də mümkündür. Əgər mitinqlər yaxın günlərdə sona çatacaqsa, onda, ola bilsin, doğrudan da, bunun səbəbi məhz konstitusiya ilə bağlıdır. Lakin konstitusiyanın yanlış şərh edilməsinin xarici qüvvələr üçün sadəcə bəhanə və ya hərəkətverici qüvvə olması da mümkündür.

Şübhəsiz ki, “xarici qüvvə” deyəndə ağla gələn Rusiya və Qərb olur. Hər ikisinin Özbəkistan daxilində çaxnaşma yaratmaq imkanı var. Bəs bu onlara lazımdırmı? Azərbaycan və Özbəkistan liderləri İlham Əliyevlə Şavkat Mirziyoyəv arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” Bəyannamənin imzalanmasından sonra Özbəkistanda mitinq başlanması diqqət çəkir. Görünür, Qərb və ya Kreml türkdilli dövlətlər arasında inteqrasiyadan narahat olmağa başlayıb.

Bir müddət əvvəl Qazaxıstanda da oxşar hadisələr baş vermişdi. Rusiya ordusu etirazları yatırmaq üçün ölkəyə girmişdi və İğtişaşlar nəticəsində keçmiş prezidenti Nursultan Nazarbayevin səlahiyyətləri Kasım Comərt Tokayevin əlində cəmləşmişdi.

İndi eyni ssenarinin Özbəkistan üçün təkrarlanması da mümkündür. Doğrudur, Kremlin başının Ukrayna ilə müharibəyə qarışdığını nəzərə alsaq, bəlkə də, bu, o qədər ağlabatan deyil. Amma türkdilli dövlətlərin, xüsusilə Rusiyanın özünün “arxa baxçası” hesab etdiyi Mərkəzi Asiya ölkələrinin inteqrasiyası rəsmi Moskvanı narahat etməmiş deyil. Bu mənada Özbəkistandakı hadisələrdə Rusiyanın “əlinin olması” tamamilə mümkündür.

İkinci bir tərəfdən, proseslərin “rejissorunun” Qərb olması da istisna deyil. Bəlkə də, Qərb Rusiyanın “arxa baxçası”nda “daşları yerindən oynatmaqla” bu dövləti narahat etmək, diqqətini yayındırmaq istəyir.

Hər halda gələcək proseslər daha aydın mənzərə üçün şərait yaradacaq.

Onu da qeyd edək ki, Rusiya rəsmilərinin bu günlərdə Özbəkistandakı durumdan narahat olmalarına dair bəyanat vermələri, sabitlikdə maraqlı olduqlarını demələri və sonradan Rusiya hərbi kontingentinin guya bu məqsədlə Özbəkistana daxil olması gözləniləndir.

Kənan Novruzov,
siyasi ekspert

Şərhlər bağlıdır.