ƏLYAZMALAR İNSTİTUTUNDA KİTAB TƏQDIMATI:

“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV – 150”

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, İrs komissiyasının sədri, Prezident təqaüdçüsü Sona Xəyalın “Əbdürrəhim bəy Haqverdiyev – 150” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat “VIII Bakı Beynəlxalq Kitab Sərgisi” çərçivəsində baş tutub.

Təqdimat mərasimində ilk öncə müəllif tədbir iştirakçılarına yeni nəşri haqqında geniş məlumat verib və çıxışında kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.
Daha sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d, dosent Əzizağa Nəcəfzadə, araşdırmaçı yazar, jurnalist Dilqəm Əhməd, gənc şair Seyyid Əsri, Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, Kitabxana və elmi informasiya şöbəsinin biblioqrafı Gülnarə Ağayeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova çıxış edərək müəllifə yaradıcılıq fəaliyyətində uğurlar və nailiyyətlər arzu ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarına əsasən çap olunan bu kitabda görkəmli Azərbaycan dramaturqu, nasir, publisist, ədəbiyyatşünas alim və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev haqqında dövri mətbuatda və kitablarda çap olunmuş məqalələr toplanmışdır. Əsasən, Haqverdiyevin müasirlərinin, onunla dostluq edən, təmasda olan ədəbiyyatşünas alimlərin, sənət adamlarının məqalələrinə və xatirələrinə yer verilmişdir.

Qeyd edək ki, kitabın tərtibçisi və ön sözün müəllifi Sona Xəyal, rəyçiləri İlqar Fəhmi, fil.ü.e.d. Nailə Səmədova və fil.ü.f.d. Aytən Quliyevadır.

Şərhlər bağlıdır.